Əsas Səhifə > Siyasət, Manşet > RABİTƏ SEKTORUNDA MAXİNASİYALAR GİZLƏDİLİR

RABİTƏ SEKTORUNDA MAXİNASİYALAR GİZLƏDİLİR


15-11-2012, 11:25
RABİTƏ SEKTORUNDA MAXİNASİYALAR GİZLƏDİLİR
RİTN RƏHBƏRLİYİ NƏDƏN YAZILAN FAKTLARIN QARŞISINDA SUSMALI OLUB?

DİA.AZ: - Ötən günlərdə biz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun qüsurlu fəaliyyətinə dair tənqidi materiallar dərc etmişdik. Həmin materiallarda əsasən V.Zeynalovun vəzifəsindən sui-istifadə edərək dövlət vəsaitlərinin mənimsənilməsinə yönəldilmiş maxinasiyalar törətməsindən bəhs olunurdu. Biz göstərmişdik ki, bu gün RİTN-nin aparat rəhbərinin tam nəzarətində fəaliyyət göstərən “PEZ poçt və turizm” özəl müəssisəsi də məhz bu maxinasiyaları reallaşdıracaq bir mexanizm kimi yaradılmışdır.

Belə ki, adını aparat rəhbərinin qohumları və ya ailə üzvləri olan şəxslərin adlarındakı baş hərflərin kombinasiyasından almış bu qurumun 20-25 nəfər civarında əməkdaşı olduğu iddia olunur. DİA.AZ-a daxil olan məlumatlarda həm də göstərilir ki, bu müəssisənin maliyyələşdirilməsi tamamilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə ayrılan vəsaitlərin hesabına həyata keçirilir. Müəssisənin konkret funksiyaları isə faktiki olaraq bilavasitə nazirliyin tərkibində dövlət statusunda fəaliyyət göstərən digər qurumlar tərəfindən icra olunur.

Aldığımız yeni məlumatlarda isə V.Zeynalovun özünü bu kimi maxinasiyaların müvafiq qurumlar tərəfindən araşdırılması hallarından sığortalamaq üçün daha radikal tədbirlərə əl atması ehtimalı da irəli sürülmüşdü. Belə ki, bir müddət bundan əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İlham Mərdanova məxsus otağın tamamilə yanıb külə dönməsi kütləvi informasiya vasitələrində də müəyyən müzakirələrə səbəb olmuşdu. Hadisənin təfərrüatlarına aydınlıq gətirilməsə də, yayılan məlumatlarda İ.Mərdanova qarşı müəyyən şübhələr yaratmaq cəhdləri aşkar hiss olunurdu. Məlumaları təqdim edən mənbə isə bildirmişdi ki, öz əməllərinə görə məsuliyyəti hər dəfə tabeliyində olan əməkdaşlardan birinin üzərinə yönləndirmək məhz Vidadi Zeynalova məxsus olan bir üslubdur. İ.Mərdanov isə məlum olduğu kimi Rabitə və İnformasiya Texnologiyaları nazirliyində birbaşa aparat rəhbərinin, yəni V.Zeynalovun müavini vəzifəsini tutur. Məhz bu nöqteyi nəzərdən çıxış edən mənbə iddia edirdi ki, əgər məlum yanğın hadisəsinin müəyyən saxta sənədləri məhv etmək səbəbindən törədilməsi ehtimalı varsa, bu zaman təhqiqatın gedişi burada mütləq V.Zeynalov “izini” aşkar etməli idi.

Digər tərəfdən isə aparat rəhbərinin məsul dövlət vəzifəsi tutduğuna rəğmən ona qarşı ali təhsil haqda saxta dioplom almağına dair irəli sürülən ittihamlar da V.Zeynalovun ümumiyyətlə müxtəlif qanun pozuntularına meyilli olmağından xəbər verir. Belə ki, mətbuat səhifələrində bu barədə yayımlanan məlumatlarda adı qeyd olunan şəxs tərəfindən 2008-2009-cu illərdə saxta yollarla doktoranturaya qəbul edilmiş bəzi məmur və iş adamlarının adlarından tərtib edilmiş siyahı əks olunurdu. Həmin siyahıda da beşinci mövqe məhz: “5. Zeynalov Vidadi Zeynal oğlu (19.01.2009-cu ildə qəbul edilib) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbəridir” kimi tərtib olunmuşdu. Bununla belə saxtakarlıqda ittiham olunan məmurun ən azından hələ də hər hansı araşdırmalara cəlb olunmaması yenə də onun daha nüfuzlu himayədarlarından xəbər verir. Həm də görünür bu himayə V.Zeynalovu özünü cəmiyyət daxilində qəbul olunmuş ümumi mənəvi kriterilərdən azad etmsinə, xüsusən xanım əməkdaşlara qarşı ikimənalı münasibətlərə yol verməsinə qədər “ürəkləndirmişdir.”

Redaksiyamıza daxil olan bu yönümlü bəzi məlumatlarda RİTN-nin aparat rəhbərinin yolverilməz davranış tərzinə dair konkret iddialar ortaya qoyulur. Əlbəttə, bu kimi ciddi ittihamları yaymaq üçün ilk növbədə təqdim olunan faktların dürüstlüyü tam araşdırılmalıdır.

Geri qayıt