Əsas Səhifə > Hadisə > QAÇQINLARI BAKIDAN ÇIXARIRLAR
QAÇQINLARI BAKIDAN ÇIXARIRLAR14-11-2012, 10:26 |
ONLARIN MÜŞFİQABADA KÖÇÜRÜLƏCƏYİ DEYİLİR "Noyabrın sonlarından Bakı Dövlət Universitetinin tələbə yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə başlanacaq. Həmin universitetin yataqxanalarında yaşayan 7 minə yaxın məcburi köçkün Qaradağ rayonunun Müşfiqabaq qəsəbəsində inşa edilmiş şəhərciyə köçürüləcək." Bu barədə Bakı Dövlət Unuversitetinin rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, artıq məcburi köçkünlər üçün sözügedən ərazidə tam şəraitli mənzillər hazırlanıb. BDU-nun yataqxanaları boşaldıqdan sonra söküntü işləri başlayacaq: "Biz belə bir qərara gəlmişik ki, bu yataqxanalar 50 ildən artıq istismarda olduğundan, son illərdə isə məcburi köçkünlərin həmin yataqxanalarda yerləşməsindən sonra binalar yararsız hala düşüb. Odur ki, biz yeni bir layihə hazırlamışıq və həmin layihəyə əsasən, Bakı Dövlət Universitetinin həyətində yüksək mərtəbəli tələbə şəhərciyi salınacaq. Bunun üçün Maliyyə Nazirliyinə də müraciət olunub ki, vəsait ayrılsın. Həmin şəhərciklər 5 min nəfər tələbə üçün nəzərdə tutulub. İlin sonuna kimi biz həmin maliyyəni nazirlikdən alaraq, nəzərdə tutulan planın həyata keçirilməsinə başlayacağıq. Yeni salınacaq tələbə şəhərciyi Avropa standartlarına uyğun olacaq". Xatırladaq ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 22 hektar ərazidə 1410 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 16-sı 80, dördü isə 40 mənzilli olmaqla beşmərtəbəli 20 bina tikilib. Məhəllədə 1296 şagird yerlik məktəb, 140 nəfərlik uşaq bağçası, kitabxana, klub, təcili tibbi yardım stansiyası, yanğın deposu, poçt binası da tikilib. Məhəllə qaz, su, elektrik enerjisi, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaq. Geri qayıt |