Əsas Səhifə > Gündəm, Manşet > ƏLİ HƏSƏNOVU QURBAN VERMƏYƏ HAZIRLAŞIRLAR

ƏLİ HƏSƏNOVU QURBAN VERMƏYƏ HAZIRLAŞIRLAR


14-11-2012, 10:21
ƏLİ HƏSƏNOVU QURBAN VERMƏYƏ HAZIRLAŞIRLAR
PA-NIN ŞÖBƏ MÜDİRİ MÜDAFİƏ OLUNMASI ÜÇÜN YOLLAR AXTARMAQDADIR

DİA.AZ: - Bir neçə gün əvvəl Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov mətbuata ilginc açıqlamalar verdi. Əslində, normal vaxtda bu kimi açıqlamaları sıradan da hesab etmək olardı. Lakin hazırki situasiya şərtləri özgə vaxtlarda ənənəvi hesab olunan fikirlərə fərqli qiyməti tələb edir. Burada söhbət təbii ki, Əli Həsənovun «Heydər Əliyev 1990-cı ildə Azərbaycana gələndə onu müşaiyət edən 3 nəfərdən biri mən idim» fikrindən gedir.

Hər halda, bu fikrin özündə belə ifadə müəllifinin aşkar surətdə müdafiə olunma niyyəti qabarıq şəkildə hiss olunandır. Yəni bununla Əli Həsənovun kimlərəsə nələrisə demək və kimlərəsə nələrisə xatırlatmaq mövqeyində dayandığı şəkksizdir. Nə baş verir? Bununla bağlı DİA.AZ-a danışan hökumət içindəki mötəbər mənbəmizin sözlərindən belə aydın olur ki, əslində Əli Həsənovun bu gün müdafiəyə bərk ehtiyacı var:

«ABU-nun keçmiş rektorunun məsələsində ilk olaraq və açıq şəkildə Gülər Əhmədovaya sahib çıxan Əli Həsənov, hətta keçmiş deputatı korrupsiyaya qarşı mübarizə aparan bir şəxs kimi də təqdim etməyə çalışdı. Amma alınmadı. Sonradan vəziyyət dəyişdi və Gülər Əhmədova - Əli Həsənovun gözünə «antikorrupsiya fədaisi» kimi görünən keçmiş deputatın mandatını da əlindən aldılar, özü də rəsmi çevrələr tərəfindən dışlanmağa başlandı».

Məhz bu məqamla Əli Həsənovun hansı mövqedə dayandığını diqqətə gətirən mənbəmiz onu da vurğuladı ki, bu gün hakimiyyət daxilində gedən çəkişmələrin fonunda qurbanların verilməsi labüddür: «Tərəflərdən biri hücumda, digəri isə müdafiədədir. Müdafiəyə oturanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin olduğu faktdır. Doğrudur, Ramiz Mehdiyev Rusiya xətti ilə bir neçə mərama xidmət edən çoxşaxəli oyunlar quraraq iz azdırmağa çalışsa da, yenə də onunla bağlı başlanan prosesi durdura bilmədi. Artıq bu gün hər kəs yaxşı bilir ki, hətta sıralarına məqsədli şəkildə yerləşdirilmiş Rüstəm İbrahimbəyovun da təmsil olunduğu Rusiya Azərbaycan Təşkilatları İttifaqı Ramiz Mehdiyevin müdafiə qalasının qurulması naminə Kreml tərəfindən təşkil olunan bir layihədir».

Mənbəmiz bildirir ki, belə bir ifşa şəraitində Ramiz Mehdiyev qurbanlar vermək zorundadır: «Onun özü də gedəcək və bu labüddür. Amma onun gedişinə qədər Əli Həsənov kimi fiqurlar Ramiz Mehdiyevin kisəsindən gedən itgilərdən olacaq».

Onu da bildirək ki, belə bir şəraitdə özünümüdafiə instinktindən çıxış edən Əli Həsənov bu hakimiyyət qarşısında xidmətlərinin olduğunu xatırlatmaqla, əslində səngər dəyişməyə hazır olduğunu da bildirmiş olur: «Əli Həsənov yaxşı başa düşür ki, Ramiz Mehdiyev öz maraqları naminə onun qələmini bir saniyədə qıra bilər. Odur ki, bu gün çox ciddi şəbəkəyə sahiblənmiş PA-nı şöbə müdiri əks cinaha siqnallar ötürür ki, onun üçün dəyər olan hakim düşərgənin əsas prinsipləridir, hansısa qrup maraqları yox».

Geri qayıt