Əsas Səhifə > Siyasət, Manşet > MEHDİYEV-ƏHMƏDOV QARŞIDURMASI YENİ MÜSTƏVİDƏ
MEHDİYEV-ƏHMƏDOV QARŞIDURMASI YENİ MÜSTƏVİDƏ14-11-2012, 09:34 |
PA ŞEFİ YAP RƏHBƏRLİYİNƏ QARŞI ETİMADSIZLIQ DAVASINA START VERİR DİA.AZ: - Son zamanlar hakimiyyət daxilində çox ciddi çəkişmələr müşahidə olunmaqdadır. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaratdığı videoqalmaqalla daha da alovlanan iç gərginliklər iqtidar düşərgəsində çox ciddi parçalanmaların mövcudluğunu bir daha ortaya çıxarmış oldu. Doğrudur, bu gün ayrı-ayrı iqtidar nümayəndələri «hakimiyyət içində ikitirəlik yoxdur» deyərək iz azdırmağa çalışırlar. Amma ortadakı faktın bu kimi təkziblərlə inkarı və yaxud da ört-basdır edilməsi heç bir formada əhəmiyyət daşıya bilmir. Yəni bu gün hakimiyyət daxilində çox böyük ziddiyyətlərin və həmçinin zidd mövqedə dayanan qruplaşmaların olması, habelə onların bir-birilərinə qarşı aqressiya nümayiş etdirmələri bir faktdır. Və bu faktı son günlərdə açıqlanan fikirlər, ortaya qoyulan mövqelər daha da çılpaqlaşdırır. Məsələn, Elşad Abdullayevin açıqladığı sənədlərin birindən aydın olurdu ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin arasında bir hüsumatın olması haqqında mətbuatda yazılanlar tam olaraq əsaslıdır. Halbuki dünənə qədər ayrı-ayrı iqtidar dairələri belə bir qovğanın olmadığını və bunu müxalif mətbuatın uydurmaları olduğunu önə sürürdülər. Lakin ABU-nun keçmiş rektorunun açıqladığı sənəddə göstərilirdi ki, Kəmaləddin Heydərovun atası, millət vəkili Fəttah Heydərov oğluna (Kəmaləddin Heydərova) qarşı mətbuatda yazılanların arxasında məhz Ramiz Mehdiyevin dayandığını iddia edir. Bir sözlə, bu gün hakimiyyət daxilində bir neçə cəbhələşmə var ki, qarşıdan prezident seçkilərinin gəlməsi, seçki günün yaxınlaşması səbəbindən bu münasibət gərginliyi daha da şiddətlənib. Bu bir faktdır ki, hazırda Prezident Administrasiyası az qala bütün arsenalını hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyinə qarşı yönəldib. Bu bir faktdır ki, bu gün hətta məlum proseslərdə kənar bir fiqur kimi diqqətə gələn və əksər hallarda özünün dişsiz, çəkingən mövqeyi ilə seçilən ANS telekanalı və onun əsas danışan dili olan Mirşahin Ağayev belə YAP rəhbərliyini nişangahına çevirmə cəsarətini ortaya qoyur. Deməli, vəziyyət düşünüldüyündən, təsəvvür olunması mümkündən də gərgindir. Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, bu gün YAP rəhbərliyinin hədəfə alınması heç də təsadüfi deyil: «Mirşahinin hansı dərəcədə və səviyyədə cəsarət sahibi olduğunu hər kəs yaxşı bilir. Və eləcə də ANS-in müstəqillik dozası hər kəsə yaxşı məlumdur. Belə bir şəraitdə Mirşahini ağılsız da adlandırmaq olmaz. Yəni onun kimi birisi boşundan və intuitiv olaraq kiminsə üzərinə yeriməz. Hələ Elşad Abdullayevin yaratdığı videoqalmaqalın ilk günlərində Mirşahin kimin səngərində yer aldığını nümayiş etdirdi. «Yasamal uşağı» deyib müdafiə etdiyi Gülər Əhmədovanın timsalında o, əslində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə xidmətini ortaya qoyurdu». Bu gün YAP-la PA arasında ciddi fikir ayrılığının və həmçinin ciddi mövqe savaşının getdiyini bildirən mənbəmiz onu da vurğuladı ki, hakim partiyanın rəhbərliyi, xüsusən də YAP sədrinin müavini, YAP-ın icra katibi Əli Əhmədov da dinc dayanmayıb: «Bu gün Ramiz Mehdiyevlə açıq şəkildə döyüşən şəxslərdən biri Əli Əhmədovdur. Mehdiyev neçə aylardır ki, YAP-ın icra katibini nişangahda saxlayır. Hətta ona qarşı bir neçə ay əvvəl bir mətbu kampaniya da start götürmüşdü. Lakin sonradan tərəflər atəşkəs elan etdi. Amma Elşad Abdullayev ajiotajında vəziyyət yenidən qızışdı». Mənbəmiz bildirir ki, zaman-zaman Ramiz Mehdiyev YAP-a nüfuz etməyə çalışıb: «Bu yöndə PA şefinin fəaliyyəti əvvəldən də müşahidə olunmaqdadır. Neçə ildir ki, YAP-ın rayon təşkilatları müvafiq olaraq yerli rayon icra hakimiyyətlərinin kurasiyalarına təslim edilməkdədir ki, bu işin də arxasında yeganə maraqlı fiqur olaraq Ramiz Mehdiyevin adı çəkilir. PA şefinin təlimatları ilə YAP-ın yerlərdəki təşkilatları uyğun olaraq rayon icra hakimiyyəti başçılarının birinci müavinlərinin kurasiyasına tabe etdirilib. Məlumdur ki, rayonlar ayrı-ayrı məmurlar arasında kuratorluq sistemi ilə paylaşdırılsa da, rayon icra başçılarının birinci müavinləri kimin kuratorluğunda olmasından asılı olmayaraq PA şefinin adamı olub. Məhz bu səbəbdən Ramiz Mehdiyev YAP-ın yerlərdəki təşkilatlarını nəzarəti altına almağa müvəffəq olub». Bu gün YAP rəhbərliyinə, xüsusən də Əli Əhmədova qarşı məhz bu gücünü işə salmağa hazırlaşan Ramiz Mehdiyevin yeni plan əsasında hərəkətə keçməyə hazırlaşdığını iddia edən mənbəmiz bildirir ki, artıq bir neçə rayon təşkilatı adından bu günlərdə Əli Əhmədova və daha bir neçə tanınmış YAP funksionerinə qarşı etimadsızlığı ifadə edən bəyanatın yayılması gözlənilir: «Ramiz Mehdiyev bu addımı ilə açıq savaşda qətiyyətli mövqedə dayandığını nümayiş etdirmiş olacaq. Artıq bir neçə rayon təşkilatının rəhbərliyi ilə danışıqlar aparılıb və onların YAP rəhbərliyinə qarşı olan bir müraciətə imzası da alınıb. Müraciət birbaşa olaraq YAP sədri - ölkə prezidenti İlham Əliyevə ünvanlanır və elan olunması nəzərdə tutulan müraciət həmçinin hakimiyyətin içdən silkələnməsi ilə müşahidə olunan çox ciddi proseslərə rəvac vermiş olacaq». Geri qayıt |