Əsas Səhifə > Gündəm, Manşet > ARDNŞ ŞEFİNİN TİFLİS TRİUMFU BAŞ TUTUBMU?

ARDNŞ ŞEFİNİN TİFLİS TRİUMFU BAŞ TUTUBMU?


10-11-2012, 10:13
ARDNŞ ŞEFİNİN TİFLİS TRİUMFU BAŞ TUTUBMU?
“GÜRCÜ ARZUSU” AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ YAXŞI HEÇ NƏ VƏD ETMƏDİ

DİA.AZ: - Məlum olduğu kimi, dünən Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Görüş ARDNŞ-in Gürcüstan nümayəndəliyinin ofisində baş tutub. R. Abdullayev ofisin qarşısında B. İvanişvilini qarşıladıqdan sonra Gürcüstan hökumətinin başçısı yeni tikilən ofis binası ilə tanış olub. Sonra ikitərəfli görüş başlayıb.

B. İvanişvili jurnalistlərə açıqlamasında görüşdən razı qaldığını və ARDNŞ-lə çox tez dostlaşdıqlarını söyləyib: “Yeni hökumətin strategiyası iki ölkə arasında elə bir dostluq yaratmaqdır ki, belə bir dostluq münasibətləri hələ tarixdə olmayıb. Biz tarixən dost ölkələrik. Bizim münasibətlərimiz həmişə normal olub. Mənim istiqamətim və məqsədim budur”.

Baş nazir bu gün baş tutan görüşün əhəmiyyətli və vacib olduğunu, söhbətdə bütün sahələri əhatə etdiklərini açıqlayıb: “ARDNŞ Gürcüstandakı əsas şirkətlərdən biridir. Mən onun prezidentinə, ümumiyyətlə, Azərbaycan xalqına bildirmək istəyirəm ki, Gürcüstanla Azərbaycan arasındakı yaxın münasibətləri davam etdirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

R. Abdullayev isə Gürcüstanın baş naziri ilə görüşünü yüksək qiymətləndirib: “Bu görüş yüksək səviyyədə keçdi. Baş nazir Azərbaycanın dost və qardaş ölkə olduğunu vurğulayaraq bildirdi ki, Gürcüstan gələcəkdə Azərbaycanla olan əlaqələrini tarixdə olmayan səviyyəyə qaldırmaqda maraqlıdır. İvanişvili Gürcüstanın Azərbaycanla çox güclü əlaqələr quracağını söylədi. Cənab İvanişvilinin ARDNŞ-dən xahişi bu oldu ki, şirkət Gürcüstanda həyata keçirilən layihələri genişləndirsin və Gürcüstanda öz yerini daha da möhkəmləndirsin. Biz də öz tərəfimizdən ona söz verdik ki, Gürcüstanda ARDNŞ-in həyata keçirdiyi layihələr davam etdiriləcək və biz bu ölkədə biznesi inkişaf etdirəcəyik. Gürcüstanın enerji təchizatının və enerji təhlükəsizliyinin qarantı kimi ARDNŞ bu işləri davam etdirəcək”.

Hər halda, bütün bunlar görüşdən verilən rəsmi məlumatlar idi. Bildirək ki, neçə gündür ARDNŞ-lə Gürcüstanın yeni hökuməti arasında qalmaqalın yaranması barədə məlumat verməkdəyik və bildirmişik ki, ARDNŞ-nin Gürcüstan uzantısı olan «Socar Georgia»ya qarşı Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb və şirkət vergi polisinin araşdırmaları nətiəsində 13 milyon ABŞ dolları (26 milyon lari) həcmində vəsaiti vergidən yayındırmaqda ittiham olunur.

Onu da xatırladaq ki, şirkətin vitse-prezidenti olan və Rövnəq Abdullayevin Gürcüstandakı biznesini yönəldən Mahir Məmmədov isə bu ittihamların hədəfi olmaqdan yayına bilməsi üçün neçə gün idi ki, Bakıya qaçıb gəlmişdi. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, hələ də yeni gürcü hökuməti ilə münasibətlər tam qaydasına düşmədiyindən Mahir Məmmədovun Tiflisə dönüşü mümkünsüz olub:

«Hətta Rövnəq Abdullayevlə birgə jə Mahir Məmmədov Gürcüstana getmədi və onun vitse-prezidenti olduğu «Socar Georgia» şirkətinin yeni ofisi onun iştirakı olmadan açıldı. Buna səbəbsə yeni Tiflis hökumətinin «Socar Georgia»ya qarşı ittihamları qüvvədə saxlaması olub və Mahir Məmmədov bu ittihamlar üzərə ən azından şahid qismində istintaqa cəlb olunmalıdır».

Son görüşə gəlincə isə, mənbəmiz bildirdi ki, Bidzina İvanaşvili ilə Rövnəq Abdullayev yenə də anlaşa bilməyiblər: «Gürcülər ilk başdan vergidən yayındırılan pulları tələb ediblər. Rəsmi Bakının adından danışan ARDNŞ şefi dərhal həmin pulun ödənməsi barədə göstəriş verib. Halbuki dünənə qədər ARDNŞ-dən bu qədər vergidən yayınma məbləğinə etiraz var idi. Bundan sonra Gürcüstanın yeni baş naziri açıqlama verib ki, onlar «Socar Georgia»nın fəaliyyətini təqib edəcəklər». Bu isə o deməkdir ki, ARDNŞ hər an Gürcüstandan qovula bilər.

Mənbəmiz onu da bildirdi ki, amma Rövnəq Abdullayev də görüşdə sakit oturmayıb: “ARDNŞ şefi üzü Şevardnadzedən bəri Azərbaycanın BTC layihəsi də daxil Gürcüstana dəstək olduğunu söyləyib və Gürcüstana pul qazandırdığını deyib. Bu zaman İvanaşvili maraqlı reaksiya verib. Belə ki, o, ARDNŞ şefinə “BTC-ni havadnmı keçirəcəkdiniz? Məcburdunuz Gürcüstanla əməkdaşlığa” şəklində reaksiya verib”.

Geri qayıt