Əsas Səhifə > Hadisə > ETİBAR PRİVERİDYEVİN İDARƏSİ BAĞLANMALIDIR

ETİBAR PRİVERİDYEVİN İDARƏSİ BAĞLANMALIDIR


10-11-2011, 18:09
ETİBAR PRİVERİDYEVİN İDARƏSİ BAĞLANMALIDIR

“AZENERJİ”NİN ARDNŞ-A BİRLƏŞMƏSİ TƏKLİF EDİLDİ

Son günlər paytaxta elektrik enerjisinin verilişində fasilələr müşahidə edilməkdədir. Xüsusilə qarın yağması ilə əhalinin işıqsız qalması prosesi paralelləşib. Fasilələrin hansı səbəbdən yaranmasına dair rəsmi açıqlama olmasa da adətən belə hallar naqillərdəki nasazlıqla izah edilir. Baxmayaraq ki, enerji sektoru ən çox investisiya yönəldilən sahələrdən biridir. O cümlədən 1 kVt/s elektrik enerjisi vətəndaşlara heç də ucuz başa gəlmir.

Xatırladaq ki, 2007-ci ildə elektrik enerjisinin topdansatış və pərakəndə qiymətlərinin artırılmasından sonra 1 kVt/s elektrik enerjisi üçün 0,043 manat (üç dəfə artım), bütün qrup istehlakçılar üçün 0,06 manat (əhali üçün üç dəfə, büdcə və sənaye obyektləri üçün 2,3 dəfə, kommersiya obyektləri üçün 20 faiz artım) qiymət müəyyən edilib. O zaman bahalaşma subsidiyaları azaltmaqla dövlət büdcəsini yükdən azad etmək, eləcə də əhalini keyfiyyətli enerji ilə təmin etməklə əsaslandırılmışdı. Maraqlıdır ki, ötən müddət ərzində nə subsidiyalar azalıb, nə də əhali keyfiyyətli enerji ilə təmin olunub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun qənaətinə görə, “Azərenerji” ASC nəinki qışa, payıza belə hazır deyil: “Bakı şəhərinin və bölgələrin elektrik sisteminin yenidən qurulması istiqamətində ayrılan vəsaitlərin həcminin çox olmasına baxmayaraq, reallıqda bu sahədə ciddi problemlər mövcuddur. “Azərenerji” tempraturun bir neçə dərəcə düşməsinə belə hazır deyil”.

Enerjinin istehlak qiymətləri ilə paralel bu sahəyə ayrılan subsidiyalar da artıb

İqtisadçı “Azərenerji”yə və “Bakıelekrikşəbəkə” yə büdcədən ayrılan vəsaitlərin həcminin ildən-ilə şişdiyini deyir: “2007-ci ilədək “Azərenerji”yə dolayı subsidiyalar verilirdi. Enerji qiymətləri 3 dəfə artırılarkən əsas arqument kimi borca görə yaranan dolayı subsidiyaların aradan qaldırılması gətirildi. Hökumət bildirirdi ki, dolayı subsidyaların qalması yanacaq-energetika sektorunda şəffaflığa ağır zərbədir. Maraqlıdır ki, 2007-ci ildəki bahalaşmadan sonra bu sahəyə ayrılan vəsaitlərin həcmi artırılıb. 2007-ci ildə ”Azərenerji”yə 116,8 mln, 2008-ci ildə 318,1 mln, 2009-cu ildə 240,5 mln, 2010-cu ildə 72 mln manat vəsait ayrılıb. 4 il ərzində “Azərenerji”yə 747 milyon manat verilib.

“Bakıelektrikşəbəkə” yə isə büdcədən 2007-ci ildə 57,9 milyon manat, 2008-ci ildə 120 milyon manat, 2009-cu ildə 50 milyon manat, 2010-cu ildə 55 milyon manat vəsait ayrılıb. Enerji sektoru Prezidentin Ehtiyat Fondundan da pay alıb. Belə ki, 2008-ci ildə fonddan bu sektora 15 milyon manat yönəldilib. 2009-cu ildə “Azərenerjiy”ə 1 milyon manat nəzərdə tutulub”.

Xarici borcların 1 431, 60 mln dolları elektrik enerjisinə yönəldilib

V.Bayramov bu sahəyə yönəldilən xarici kreditlərin həcminin də kifayət qədər ciddi rəqəmlərlə ifadə edildiyini söyləyir: “2010-cu ildə enerji sektoru üçün alınan xarici kreditlərin ümumi kreditlərdə payı 38,31 faiz olub. Maliyyə Nazirliyinin ötən ilin okrtayb ayının 1-nə olan məlumata görə, ölkənin xarici borcu 3736,8 mln dollar təşkil edib. Bu vəsaitin 1 431, 60 mln dolları elektrik enerjisinə yönəldilib”.

“Azərenerji”nin 8 iri vergi ödəyicisindən biri hesab edildiyini xatırladan iqtisadçı bununla belə ASC-nin hər il büdcəyə borclu qaldığını deyir:
“2008-cu ildə dövlət büdcəsinə 102 milyon manat, 2009-cu ildə isə 130 milyon manat ödəniş edib. Halbuki, statistikaya əsasən 2008-ci ildə “Azərenerji” 21.2 milyard kilovat\saat elektrikenerjisi hasil edib. Onun 18,8 milyard kilovat\saatını müəssisə və əhali qurpuna satıb. 2009-cu ildə 18,6 milyard klovat\saata yaxın enerjinin istehsal edilib, 6,7 milyard kilovat\saatın satışı həyata keçirilib. Təkcə bu iki ilin elektrik enerji satışını nəzərə alsaq, qurumun ildə təxminən 1 milyard manata qədər vəsait əldə etdiyini görərik.Lakin Nazirlər Kabineti bir neçə dəfə “Azərenerji”nin daxili borclarının silinməsi ilə bağlı qərar qəbul edib. Hansıki bu da “Azərenerji”yə dolayı olaraq maliyyə vəsaitinin verilməsi kimi də dəyərləndirilə bilər”.

“Azərenerji”nin statusuna yenidən baxılmalıdır

İSİM rəhbərinin fikrincə, yığımlari nəzərə alınmadan son 4 ildə enerji sektoruna yönəldilən vəsaitlə ölkənin enerji sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq mümkün idi: “Vəsaitlərin xərclənməsindəki qeyri-şəffaflıqlıq bu sahədə manitorinqlərin aparılmasını gündəmə gətirir. “Azərenerji”də hazırkı idarəetmə sisteminin təhlili olduqca vacibdir. Ümumiyyətlə son qısaqapanmalar “Azərenerji”nin statusuna baxılması məsələsini, instusional dəyişikliklərin aparılmasını vacib edir”.

Enerji sektorunda idarəetmə sisteminin mərkəzləşdirilməsini məqsədəuyğun hesab edən V.Bayramov “Azərenerji”nin ləğv olunaraq Neft Şirkətinin tabeliyinə verilməsi təklifini irəli sürür: “Bu daxili enerji siyasətinin mərkəzləşdirilməsinə imkan verəcək. Eyni zamanda idarəetmənin effektivliyini artıracaq, “Azərenerji”nin saxlanma xərclərinin, büdcədən ayrılan subsidiyaların azalmasına gətirib çıxaracaq”.


Geri qayıt