Əsas Səhifə > Hadisə > ÇÜRÜMÜŞ ƏSGƏRİN ATASI ETİRAZA QALXDI

ÇÜRÜMÜŞ ƏSGƏRİN ATASI ETİRAZA QALXDI


10-11-2011, 14:40
ÇÜRÜMÜŞ ƏSGƏRİN ATASI ETİRAZA QALXDI

“45 GÜN KEÇSƏ DƏ, HEÇ KİM MƏSULİYYƏTƏ CƏLB OLUNMAYIB”

“Oğlumun ölümü ilə bağlı istintaq, demək olar, aparılmır. Eldarın ölümündən 45 gün keçsə də, hələ heç kim məsuliyyətə cəlb olunmayıb”. Noyabrın 10-da “Media forum” saytına açıqlamasında mərhum əsgər Eldar Novruzovun atası Qədir Novruzov belə deyib.

2010-cu ilin aprelində hərbi xidmətə yola düşən sumqayıtlı Eldar Novruzov Mingəçevirdə yerləşən N hərbi hissəsində xidmət keçib. 2011-ci ilin may ayında qəfildən əsgərin səhhətində problemlər yaranıb. Eldar Novruzov tənəffüs sistemindəki problemi aradan qaldırmaq üçün iyunun 29-da Bakıya hərbi hospitala yola salınıb.

Eldara nəfəs yolunun tutulması diaqnozu qoyulub və onun burnunda əməliyyat aparılıb. Əməliyyatdan sonra əsgərin sifəti şişməyə başlayıb. Şiş çəkilmədiyinə görə elə hospitalın həkimləri onu Mərkəzi Klinik Xəstəxanaya aparmağı məsləhət görüblər. Həmin klinikada Eldarı Türkiyədən gələn cərrah əməliyyat edib. Əməliyyat zamanı hüceyrələrdən nümunələr götürülərək onkoloji laboratoriyaya göndərilib. Cavab gəlib ki, Eldarda bədxassəli xəstəlik yoxdur, onun xəstəliyi müalicə olunandır. Türkiyəli həkim rəy verib ki, Eldarın müalicəsi Türkiyənin Gülhanə Tibb Akademiyasında mümkündür. O vaxtdan Novruzovlar ailəsi ölkə prezidentinə, Mili Məclisə, Müdafiə Nazirliyinə müraciətlər ünvanlasa da, cavab verən olmayıb.

Yalnız media məsələni ictimailəşdirəndən, əsgərin vəziyyəti, ailənin etirazları haqda məlumatlar yayılandan sonra sentyabrın 28-də müdafiə naziri Səfər Əbiyev Eldar Novruzovun Gülhanə Tibb Akademiyasına aparılması barədə göstəriş verib.

Lakin sentyabrın 29-da Gülhanə Tibb Akademiyasına aparılarkən, təyyarə yola düşməyə az qalmış Eldar Novruzov keçinib.

Bakı Hərbi Prokurorluğu əsgərin ölümünü Cinayət Məcəlləsinin 342.2-ci (rəis və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşmasının ağır nəticələrə səbəb olması) maddəsi ilə araşdırır.

Noyabrın 10-da “Media forum”a danışan Qədir Novruzov deyib ki, prezident İlham Əliyevə müraciət ünvanlamaq istəyir: “Çünki oğlumun heç ölüm kağızını da mənə vermirlər. Ekspert rəyi verilmir, istintaq da, demək olar, aparılmır. O zaman aeroportda Eldarın halı pisləsən zaman həkimlər bildirdi ki, geri - reanimasiyaya qaytarılmalıdır. Eldarın anası da həkimlərlə birgə təcili tibbi yardım maşınına mindi. Həyat yoldaşımın sözlərinə görə, yolda maşını saxlayıblar. Bir nəfər maşına minib və həkimlərə 3 ampula ötürüb. Həmin iynələr vurulduqdan sonra oğlum elə oradaca keçinib. Kim olub həmin adam? İstintaq bunu araşdırırmı? Oğlumun ölümündə Silahlı Qüvvələr Baş Klinik Hospitalının həkimlərini günahkar bilirəm. İndiyəcən heç kim həbs olunmayıb. Prezidentə müraciət edəcəm ki, istintaqı başqa quruma həvalə etsin”.


Geri qayıt