Əsas Səhifə > Ölkə, Manşet > ZİYA MƏMMƏDOV MANYAKLARA NECƏ YARDIMÇI OLUR?
ZİYA MƏMMƏDOV MANYAKLARA NECƏ YARDIMÇI OLUR?6-11-2012, 13:51 |
ZİL-QARANLIQ DAYANACAQLAR TƏHLÜKƏ MƏNBƏYİDİR DİA.AZ: - Bir neçə gün əvvəl nəqliyyat naziri Ziya Məmmədovun tətbiq etdiyi və zamanında barəsində böyük həvəslə danışdığı intellektual idaretmə sistemindəki erkən böhran barədə məlumatları diqqətinizə çatdırmışdıq. Aydın olurdu ki, nə avtobuslarda quraşdırılmış onların hərəkətini müəyyən edən aparatlar, nə də yeni dayanacaqlardakı təqibetmə cihazları işlək vəziyyətdə deyil ki, bu da «intellektual idarəetmə sistemi» adı altında milyonların havaya sovrulmasından xəbər verməkdədir. Bu dəfə isə redaksiyamıza müraciət edən bir qrup sakin Ziya Məmmədovun yeni dayanacaqlarındakı işıqlandırma sisteminin işləməməsindən şikayət edirlər. Halbuki normativdə hər bir dayanacağın işıqlandırılması nəzərdə tutulub. Redaksiyamıza müraciət edən vətəndaşlar bildirir ki, Yasamal rayonu ərazisindəki yeni dayanacaqların böyük əksəriyyəti zil-qaranlıq küçələrdə yerləşdirilib: «Qış vaxtı gəldiyindən havalar tez qaralır. Və işdən çıxdığımız zaman məcburuq ki, qaranlıqda quraşdırılmış dayanacaqlarda avtobus gözləyək. Bu isə təhlükəlidir». Sakinlərdən biri isə bildirdi ki, bu günlərdə Şərifzadə küçəsində keçmiş Yasamal bazarının yaxınlığında yerləşən yeni dayanacaqda orta məktəb yaşlarında bir qıza bir neçə oğlan tərəfindən hücum da edilib: «Hər halda, dövlətin büdcəsindən ayrılan pullar hesabına quraşdırılan dayanacaqlarda işıq sistemi şləyərdisə, manyaklar belə ürəkli olmazdılar». Onu da bildirək ki, DİA.AZ əməkdaşları bir neçə ünvanda dünən reyd aparıblar və sakinlərin Ziya Məmmədovun yeni dayanacaqlarından haqlı olaraq şikayətçi düşmələrinin şahidi olublar. Hətta «Azərbaycan» Dövlət Nəşriyyatının qarşısındakı dayanacağın da işıqlarının yanmadığı məlum olub. Geri qayıt |