Əsas Səhifə > Cəmiyyət > BU ADDA DEPUTATI KİMSƏ TANIMIR

BU ADDA DEPUTATI KİMSƏ TANIMIR


4-11-2012, 14:49
BU ADDA DEPUTATI KİMSƏ TANIMIR
JURNALİSTLƏR AZƏR BADAMOVU AXTARIR

Ölkənin aparıcı media qurumlarında çalışan jurnalistlər deputat Azər Badamovu “susan deputat”lar cərgəsinə aid etdilər

Qaynar.info yeni rubrikaya start verir. Bu dəfə ictimai rəyi formalaşdıran jurnalistlər konkret bir millət vəkili haqqında öz təəssüratlarını bölüşəcək, onun fəaliyyətini təftiş edəcəklər.
Fəaliyyətini ictimai müzakirəyə çıxaracağımız növbəti millət vəkili Azər Badamovdur.
Ölkənin aparıcı mətbuat orqanlarında çalışan jurnalistlər 51 saylı Qusar seçki dairəsini təmsil edən deputat haqqında təəssüratlarını Qaynar.info-ya bölüşəcəklər.


Azər Rəşidoğlu (“Yeni Müsavat” qəzetinin əməkdaşı):

Mən parlament müxbiri deyiləm. Bu səbəbdən fəal olmayan deputatları tanımıram. Azər Badamov adlı deputatın fəaliyyəti ilə bağlı heç bir məlumatım yoxdur. Yəqin ki, susan millət vəkillərindəndir.

Zahir Əzəmət (ANN.az portalının baş redaktoru):

Azər Badamovun deputat kimi fəaliyyətindən xəbərsizəm. Əslində hər hansı deputatın fəaliyyətinə seçiciləri qiymət versə, daha yaxşı olar. Onun seçildiyi dairədə hansı işlər görməsindən, seçicilərlə münasibətindən xəbərdar olmadığıma görə, bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. Amma bəlli gerçəklik ondan ibarətdir ki, onun ictimai aktivliyi yox dərəcəsindədir. İstənilən halda hər bir deputat anlamalıdır ki, onlar təkcə öz dairəsini deyil, bütövlükdə cəmiyyəti təmsil edirlər. Bu mənada millət vəkillərinin qanunvericilik təşəbbüsləri ilə çıxış etməsinə, ictimai aktivliyinə ciddi ehtiyac var. Azər Badamovun fəaliyyətində isə bunu müşahidə etmirik.

Iradə Nürəddinqızı (“Simsar.az” portalının baş redaktoru):

Azər Badamovu Milli Məclisdə lal oturan deputatlardan hesab edirəm. Çünki heç bir aktiv fəaliyyətini müşahidə etməmişəm. Onun passiv fəaliyyəti deputat seçildiyi dairənin ərazisində də hiss olunur. Qusarda keçirdiyimiz son reportaj zamanı bu qənaətə gəlmişəm. Təəssüf ki, rayonda əhalinin çoxu onu tanımır.

Bəxtiyar Elcan (Publika.az portalının redaktoru):

Azər Badamovun deputat olmasını ilk dəfə sizdən eşidirəm. Baxmayaraq ki, biz jurnalistlər günümüzün əhəmiyyətli hissəsini xəbər axtarmaqla keçiririk, indiyə qədər onun adına bircə dəfə belə rast gəlməmişəm. Azərbaycanda elə deputatlar var ki, onların seçicilərlə görüşlərinə dair müxtəlif mətbuat orqanlarında yazılar verilir, onların fikirləri dərc edilir. Görünür Azər Badamov buna ehtiyac duymur. Belə olmasaydı heç olmasa biz jurnalistlər onun adını bircə dəfə eşitmiş olardıq.

Əlişir Əhəd (Tia.az portalının baş redaktoru):

Azər Badamov adlı deputatın adını ilk dəfə sizdən eşidirəm. Əgər bu gün ölkənin aparıcı mətbuat orqanlarında çalışan jurnalistlərin Azər Badamov adlı deputatın mövcudluğundan xəbəri yoxdursa, demək o, deputat kimi mövcud deyil, ya da onun mövcudluğu formal xarakter daşıyır. Təəssüf ki, bu gün ali qanunverici orqanda belə millət vəkillərinin sayı çoxdur və onlar qapalı fəaliyyətə üstünlük verməklə, öz başlarını girləməyə çalışırlar.

Geri qayıt