Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏTİN MONOLİTLİYİ ŞÜBHƏ ALTINA DÜŞÜB
HAKİMİYYƏTİN MONOLİTLİYİ ŞÜBHƏ ALTINA DÜŞÜB4-11-2012, 11:54 |
OLİQARXLARIN TƏŞKİLATI MÜSTƏVİSİ İÇ DÖYÜŞLƏRİN MEYDANIDIR DİA.AZ: - Rusiyanın baş kəndində yaranan və cəmiyyət arasında «Oliqarxların təşkilatı» kimi tanınan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqına ilk gündən münasibət birmənalı olmadı. Əslində bu hadisəni əksər ekspertlər haqlı olaraq Azərbaycan hakimiyyəti daxilindəki gərginliyin və ikitirəliyin təzahürü kimi qəbul etdilər. Bu, həqiqətən də belədir və son günlər cərəyan edən olaylar, danışan tərəflərin mövqelərindəki açıq ittihamlar da dediklərimizin sübutu kimi qəbul oluna bilər. Bildirək ki, ÜATİ-nin fəaliyyətində xüsusi fəallıq nümayiş etdirən «Azrros»un prezidenti Söyün Sadıqov bir neçə gün əvvəlki müsahibəsində çox ciddi məqamlardan danışmaqla yanaşı, «Oliqarxların təşkilatı»nın əslində rəsmi Bakının xeyir-duası ilə ortaya çıxdığını da bəyan edib. Amma sonrakı münasibətlər də təsdiqləyir ki, burada kimin kimi «Rəsmi Bakı» kimi qəbul etməsi xüsusi önəm daşıyır. Artıq hakimiyyət içində vahid komandanlığın şübhə altına düşməsi hər kəsin öz «Rəsmi Bakı»sının olduğunu ortaya çıxarıb. Söyün Sadıqov müsahibəsində konkret adlar çəkir və bildirir ki, onlar Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevlə yeni təşkilat yaranmamışdan öncə görüşüb, məsləhətləşiblər və onun xeyir-duasını alıblar. Kimdir Zeynal Nağdəliyev? Hər halda, bu sualın cavabını tampaq çox asandır. Prezidentin yeni komandasının üzvü kimi təqdim olunan Zeynal Nağdəliyevin adı uzun müddətdir ki, yerli mətbuatda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı fəaliyyətdə olan hakimiyyətiçi qruplaşmanın ən fəal üzvü kimi təqdim olunmaqdadır. Onunla bərabər bu cinahda Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun yaxın qohumu, Prezident Administrasiyasının digər şöbə müdiri Əli Əsədovuni da qərarlaşdığı məlumdur. Deməli, Söyün Sadıqovun xeyir-dua aldığı «Rəsmi Bakı» əslində hakimiyyətin antimehdiyevçi qanadıdır. Söyün Sadıqov bildirir ki, hətta ilk başdan Diasporalarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovu da məlumatlandırıblar və onun da «dobro»sunu alıblar. Amma sonradan aydın olduğu kimi, Nazim İbrahimov ÜATİ-nin əleyhinə ilk bəyanat verən tərəf kimi diqqətə gəldi. Bunun ardından isə ÜATİ-yə qarşı Ramiz Mehdiyevin kurasiyasında olan qruplar - başda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov olmaqla bir neçə şəxs də hərəkətə keçdi. Əli Həsənov günü bu gün də ÜATİ-yə qarşı əks cinahın ən ağır artileriyası kimi diqqətə gəlir və onun rupor kimi istifadə etdiyi ANS kanalına verdiyi sonuncu açıqlamasında isə PA-nın şöbə müdiri ÜATİ-nin yaradıcılarına qarşı, yəni həm də aralarında prezident İlham Əliyevin qudası, tanınmış iş adamı Araz Ağalarovun da dayandığı heyətə qarşı çox ağır ittihamlar işlədib və hətta az qala onları dövlətə qarşı xəyanətdə də ittiham edib. «Onlar Azərbaycan dövlətinin müstəqil siyasətinə manne olan rıçaqların əlində alətə çevrilməməlidirlər» məsləhətilə Əli Həsənov həm də onları Azərbaycan dövlətinin müstəqil siyasət yürütməsinə manne olan qüvvələrin əlində alət olmaqda ittiham edir. Bildirək ki, Söyün Sadıqov da əks cinah təmsilçilərinəi qarşı çox sərt ifadələr işlədib. Yəni artıq tərəflər söyüş və ittiham mərhələsindədirlər. Bütün bunları hakimiyyətiçi münasibətlərin gərildiyi, əsəblərin tarıma çəkildiyi nöqtə kimi xarakterizə edən hökumət içindəki mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, əslində proseslər bundan sonra daha da şiddətli olaylar məcrasına yön alacaq. Mənbəmizin söylədikləri: «Kim qalib gələcək? Aydın deyil. Çünki tərəflər özlərini kifayət qədər əmin hiss edirlər. Doğrudur, bu gün oliqarxların təşkilatına qarşı rəsmi Bakının hücum təəssüratı var, amma ÜATİ-yə dəstək verən hakimiyyətiçi cinahın susması fonunda belə bir təəssürat yaranıb». Mənbəmiz bildirir ki, əgər ÜATİ ideyasını dəstəkləyən qüvvələr həlledici qələbəni əldə edən tərəfə çevrilsələr, o zaman bir çoxları, başda Ramiz Mehdiyev olmaqla öz postlarını itirmək zorunda qalacaqlar: «Ramiz Mehdiyev, Nazim İbrahimov və Əli Həsənov - bu üçlük ilk «vurulan» tərəf olacaq». Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, artıq deyilənlərin baş verməsi istiqamətində ciddi hərəkətlənmə var: «Qarşı tərəf danışmır, iş görür. Hər zaman danışan tərəf üçün danışmaq yeganə silah kimi görünüb. Proseslər isə davam edir və 2013-cü il prezident seçkilərinə qədər məsələ bitməlidir. Əks halda, hakimiyyətin monolitliyi darmadağın olmuş olacaq və bu şəkildə hansısa qüvvənin hətta bələdiyyə seçkilərində belə qalib gəlməsi mümkün deyil». Geri qayıt |