Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOVUN İNTELLEKTUAL KORRUPSİYA SİSTEMİ

ZİYA MƏMMƏDOVUN İNTELLEKTUAL KORRUPSİYA SİSTEMİ


30-10-2012, 09:07
ZİYA MƏMMƏDOVUN İNTELLEKTUAL KORRUPSİYA SİSTEMİ
NAZİR BÜDCƏ PULLARINI TALAYIR, AZĞIN SÜRÜCÜLƏR İSƏ ÖZ VƏHŞİLİYİNDƏ

DİA.AZ: - Dünən mətbuata açıqlama verən nəqliyyat nazirliyinin rəsmilərinin sözlərindən belə aydın oldu ki, sözügedən qurum intellektual idarəetmə sistemi ilə bağlı planlarını davam etdirir. Yəni həmin prosesə uyğun olaraq bu ilin sonlarından, gələn ilinsə əvvəllərindən etibarən Bakıda sərnişindaşıma sistemində gedişhaqqılarının ödəmə kartları vasitəsilə həyata keçirilməsinə start veriləcək.

Nazirliyin sözçülərinin fikrinə görə, bununla avtobus sürücülərinin yollardakı özbaşınalıqlarına da son qoyulmuş olacaq. Yəni artıq əlinə pul dəyməyən avtobus sürücüləri konkret maşa işləməli olacaq ki, bununla da onların sərnişin uğrunda hansısa avtoş «tryuk»larını icra etmələrinə lüzum qalmayacaq. Hər halda, ilk baxışdan ağıllı plana oxşayır və adamda elə bir təəssürat yaranır ki, həqiqətən də möhtərəm nəqliyyat nazirimiz məhz milləti düşünərək, yollardakı qətliamı görərək belə bir addımı atıb.

Amma reallığın heç də rəsmi mövqedə ifadə olunanla yaxından-uzaqdan əlaqəsinin olmadığı hər kəsə məlumdur. Elə bir neçə gün əvvəl ANS kanalının efirində təqdim olunan reportajdan da aydın oldu ki, Ziya Məmmədovun bəh-bəhlə təqdim etdiyi və uğrunda 20 milyon manata yaxın pulun sərf edildiyi (və hələ də pullar xərclənməkdədir -red.) intellektual idarəetmə sistemi demək olar ki, tam fəaliyyətsizdir.

DİA.AZ-ın apardığı araşdırmalar da təsdiqləyir ki, avtobus dayanacaqlarında quraşdırılmış (qeyd: heç də bütün dayanacaqlarda yox -red.) yeni avtobusları təqibetmə cihazlarının heç biri işləmir. Heç avtobus sürücüləri sükanlarının yanında quraşdırılmış və dayanacaqlara məlumat ötürən aparatlarını belə işlək vəziyyətdə tutmurlar. Bu isə Ziya Məmmədovun öz avtoşlarına qarşı nəzərdə tutduğu planın bəri başdan iflasından, həmçinin «intellektual idarəetmə sistemi» adı altında büdcə pullarının intellektual şəkildə həzm-rabedən keçirilməsindən xəbər verir.

Bu arada isə redaksiyamıza Ziya Məmmədovun da əlində aciz qaldığı avtoş avtobus sürücülərinin vəhşilikləri ilə bağlı yeni şikayət daxil olub. Müraciət edən Bakı şəhər sakini Tofiq Məmmədov bildirir ki, dünən onun iki azyaşlı uşağı və həyat yoldaşı 88 saylı avtobusun sürücüsü tərəfindən rəsmən təhqir olunub: «Ağsaqqal birisi olub. Və həmin sürücünü axtarıram. Şəxsən cəzalandırmaq zorundayam. Çünki dəfələrlə bu kimi hallarla bağlı nəqliyyat nazirliyinin müfəttişlərinə müraciət etsəm də, meşədən yenicə çıxmış avtobus sürücülərini kimsə cəzalandıra bilmir».

Geri qayıt