Əsas Səhifə > Siyasət, Manşet > MİSİR MƏRDANOVA İSTİNAD EDƏN ÖZBAŞINALIQ
MİSİR MƏRDANOVA İSTİNAD EDƏN ÖZBAŞINALIQ23-10-2012, 10:35 |
CƏLİLABADDA TƏHSİLİN EVİNİ KİMLƏR VƏ NECƏ YIXMAQDADIRLAR? DİA.AZ: - Cəlilabadda təhsilin necə bərbad gündə olduğuna çox az adam şübhə edər. Hər hansı statistik rəqəm də deyilənləri təsdiq edir. O da sirr deyil ki, 20 il təhsil şöbə müdirliyindəki kreslosunu qoruyan Ədalət Əsgərov burada təhsilin bütün savablarına da, günahlarına da cavabdehdir. Lakin buradakı kütləvi saxtakarlıqlar, cinayət həddinə çatan əməllər yüksələn xətlə davam etsə də, nə rayon rəhbərliyi, nə təhsil nazirliyi Ədalət müəllimə güldən ağır söz demir. Bundan ruhlanan Ədalət müəllim Cəlilabad təhsilində əndrabadi əməliyyatlar aparmaqda davam edir. Onun növbəti addımı rayondakı Təzəkənd kənd tam orta məktəbini əsas məktəbə, qısası 11 illik məktəbi 9 illik məktəbə çevirmək olub. Səbəb də o göstərilib ki, bu orta məktəbin uğurlu nəticələri yoxdur. DİA.AZ bildirir ki, bu ildən Təzəkənd kənd tam orta məktəbi 9 illik məktəbə çevriləcək. Məktəbin 10-11-ci sinif şagirdləri bu dərs ilindən kənddən 7-8 kilometr aralıda yerləşən Üçtəpə və Alar kəndlərinə getməli olacaqlar. Bu barədə verilən məlumatda deyilir: “Valideynlərin bir çoxu uşaqlarının adını indidən qonşu kəndlərin məktəblərinə yazdırsa da, onları “aylığa” çıxarıblar. Çünki bu gün həmin kəndlər arasında avtobus işləmir. Taksi ilə də gedib-gəlməkdənsə “aylığa” çıxarmaq daha sərfəlidir. Əhalisinin sayı 3000, şagirdlərinin sayı isə 550 nəfərdən çox olan bir kəndin məktəbinin 9 illik edilməsi qərarı burada birbaşa təhsilin məhvinə yönəlib. TQDK-nın ötən ilki qəbulun nəticələrini təhlil edən statistik hesabatı da maraqlı məqamlardan xəbər verir. TQDK ötən ilin nəticələrinə görə ən yüksək və ən zəif göstəriciləri olan 10 rayonu müəyyənləşdirib. Cəlilabad ən zəif rayonlar arasında birincidir. 2010-cu ildə rayonun orta məktəblərini 2127 şagird bitirib, onların cəmi 1059 nəfəri, yarıdan azı attestat alıb. Attestat alanların da yarısı (558 nəfəri) qəbul imtahanlarında iştirak edib. Onların da dörddə biri- 127-si tələbə olub. İmtahan verən 558 nəfərdən 211-i 0-100 arası bal yığıb. Qəbul imtahanlarında 74 məktəbin məzunları iştirak edib. Təzəkənd kənd 1 saylı, Uzuntəpə kənd 2 və 4 saylı, Privolnoye kənd 2 saylı, Kürdlər, Zəhmətabad, Hamarqışlaq, Bəcirəvan, Ləkin, Cəlayir, Abazallı, Soltankənd, Qarazəncir, Xəlilli, Əliqasımlı, Qamışlıgöl, Zopun, Cəngan, Şorbaçı, Hacıməmmədli, Şatırlı, Həziabad, Muğan, Məmmədrzalı, Maşlıq, Xəlilabad, Məşədilər, Qarakazımlı, Əsədli, Abışabad, Ağdaş, Alaşar, Vənlik, Şükürlü, Dövlətalıbəyli və Xanəgah (tam 35 kənd!) kənd orta məktəblərinin bir abituriyenti də ali məktəbə qəbul olmayıb. 2011-ci ildə rayon məktəblərini 2129 şagird bitirib, onların 1235-i attestat alıb. Attestat alanların 52,96 faizi (654 nəfəri) qəbulda iştirak edib. 210 məzun (imtahanda iştirak edənlərin 32,11 faizi) tələbə olub. Ə.Əsgərovun məntiqi ilə davam etsək, bu gün 9 illik olan məktəblərimiz 2 ildən sonra yəqin ki, yerli-dibli bağlanacaq. Təzəkənd kəndində biri 9, digəri 11 illik olmaqla iki məktəb vardı. Buradakı tam orta (11 illik) məktəbi təhsil başqanı bağlatdırıb. Kənd camaatı indi Prezident İ.Əliyevə, Təhsil Nazirliyinə müraciət etmək üçün imza toplayır. Fikirləşirlər ki, onları Ədalət bəyin ədalətsiz qərarından bəlkə yuxarılar qurtara... Qeyd edək ki, Ə.Əsgərovun Təzəkənd məktəbi ilə bağlı qərarı onun bu silsilədən ilk “islahatı” deyil. Cəlilabaddan aldığımız digər xəbərdə deyilir ki, RTŞ müdiri əhalisinin sayı az olan dağ kəndlərindəki ibtidai məktəbləri də sentyabrın 15-dən möhürləyərək onlarda dərs keçilməsinə icazə vermir. Həmin məktəblərin direktorlarının qarşısına qoyulan tələb isə belədir: “5 min manat gətirin, məktəbi açım”. Xəbərə görə, bağlanan məktəblərdən bir neçəsinin direktoru bu tələbi icra etməyə məcbur olub. RTŞ müdirinin Təzəkənd məktəbi qarşısında da eyni 5 min manat tələbi qoyduğu bildirilir. Əldə etdiyimiz məlumata görə, bu məsələ direktorlar tərəfindən Ə.Əsgərova irad tutulanda o, bu zaman təhsil naziri M.Mərdanovun bir fikrini sitat gətirərək deyib ki, cənab nazir şagird sayı az olan məktəblərin birləşdirilməsi ideyasını irəli sürüb, mən də bu fikrə əsaslanıram. Geri qayıt |