Əsas Səhifə > Gündəm, Manşet > İRAN PREZİDENTİNƏ BAKIDA NƏYİ VƏD EDİBLƏR?

İRAN PREZİDENTİNƏ BAKIDA NƏYİ VƏD EDİBLƏR?


18-10-2012, 09:02
İRAN PREZİDENTİNƏ BAKIDA NƏYİ VƏD EDİBLƏR?
FARS-MOLLA REJİMİNİN MÜDAFİƏ ETDİYİ JURNALİST AZADLIĞA BURAXILIR

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edən İranın prezidenti Mahmud Əhmədinejadın Azərbaycandan istədikləri olacaq. Qeyd edək ki, artıq fars-molla rejiminin ölkəmizə qarşı münasibətinin dəyişdiyi də hiss olunmağa başlayıb. Belə ki, Tehranda nəşr olunan «İran və Yaxın Şərq» jurnalında Azərbaycanla bağlı məqalə dərc olunub. Bundan əlavə, rəsmi Tehran bp şirkəti ilə bağlı məsələyə xüsusi reaksiya verərək Azərbaycanın itkilərini təlafe edə biləcəyini də açıqlayıb.

Nə baş verir? Yəni İran özünün ənənəvi siyasətindən - antitürk dəst-xəttindən imtina edirmi? Hər halda, görüntüdə olanların reallıqdan nə qədər uzaq dayandığını təxmin etmək o qədər də çətin deyil. Çünki yuxarıda qeyd etdiyimiz və Azərbaycan telekanalları tərəfindən bəh-bəhlə təqdim olunan bu faktorlar heç də fars-molla rejiminin rəsmi Bakıya münasibətinin dəyişməsi anlamına gəlmir. Çünki «İran və Yaxın Şərq» jurnalında heç də Azərbaycan dövləti ilə bağlı yox, mərhum prezident Heydər Əliyevin və hazırki prezident İlham Əliyevin həyat yolundan yazılıb və həmin məqalədə Azərbaycan dövlətinin hansısa uğurundan bəhs edilmir.

bp məsələsinə gəlincə isə, İranın belə bir «tam dəstək» jestində bulunması da onun ənənəvi antiamerikan siyasətinin təzahürüdür. Yəni İran yenə də ənənələrinə sadiqdir. Sadəcə olaraq, İƏT-in toplantısı ərəfəsində rəsmi Bakının bp-nin üzərinə sərt getməsi İranın da işinə yaradığından Azərbaycana müvəqqəti anlamda xoş olacaq ifadələr işlədib.

DİA.AZ-a diplomatik qaynaqlardan daxil olan informasiyalardan aydın olur ki, mövcud situasiyanı yaxşıca dəyərləndirən fars-molla rejimi bu arada rəsmi Bakıdan istədiklərini almağa da çalışır. Mənbəmiz bildirir ki, artıq həbsdə saxlanılan «Səhər» kanalının əməkdaşı Anar Bayramlının azadlığa buraxılması məsələsində anlaşma əldə olunub:

«Ola bilsin ki, gələn həftənin əvvəli Anar Bayramlını azadlığa buraxsınlar. Bu qərar erkən də verilə bilər. Artıq məsələ ilə əlaqədar Bakıda İran prezidentinə vəd verilib».

Amma mənbəmiz onu da əlavə etdi ki, nə Azərbaycanın və nə də ki İranın öz ənənəvi mövqelərindən çəkilmələri qeyri-mümkündür. Hələlik münasibətlərdəki atmosfer istidir, lakin hər an soyuq küləklər qalxa bilər. Çünki bu fars-molla rejiminin mahiyyətindən doğan bir şeydir. Adını «islam respublikası» qoyub, minlərlə şiə-müsəlmanın qanını axıdan xristian Ermənistana dəstək olan Tehran özünün bəlli siyasətindən imtina etməyincə,i az qala hər gün lənətlədiyi Amerikadan heç bir fərqinin olmadığını sübuta yetirə bilməyəcək. Çünki bu gün Ermənistana Vaşinqton da dəstək verir, İran da… İndi Azərbaycan İranla Amerikanı necə bir-birindən ayırd etsin, cənab ağayilər…

Geri qayıt