Əsas Səhifə > Gündəm, Manşet > GORANBOYDA ŞÖBƏ MÜDİRİNDƏN NONSENS

GORANBOYDA ŞÖBƏ MÜDİRİNDƏN NONSENS


17-10-2012, 10:58
GORANBOYDA ŞÖBƏ MÜDİRİNDƏN NONSENS
İLHAM HÜSEYNOV KASIB VALİDEYNLƏRƏ NECƏ DİVAN TUTMAĞA BAŞLAYIB?

DİA.AZ: - Bir müddət əvvəl yayılan məlumatlardan aydın oldu ki, Goranboy rayon Təhsil Şöbəsinin müdiri valideynlərdən övladlarına ona məxsus mağazadan məktbəli geyimlər almasını tələb edir. Bu barədə valideynlərə istindaən yayılan xəbərdə qeyd olunurdu ki, Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovun Goranboyda (Gəncəyə gedən avtobusların dayandığı vağzalın yaxınlığında) paltar mağazası var və orda məktəblilər üçün geyimlər də satılır. Valideynlərin dediyinə görə, İ.Hüseynov rayondakı orta məktəblərin direktorlarına tapşırıb ki, şagirdlərə məktbəli geyimini ancaq ona məxsus mağazadan aldırsınlar: "İndi direktorlar valideynlərdən tələb edirlər ki, bir neçə gün müddətində hamı təhsil şöbəsinin müdirinə məxsus mağazadan məktəbli geyimi alsın".

Goranboyda təxminən 60 orta məktəbin olduğunu deyən sakinlər bildiriblər ki, təhsil şöbəsinin müdirinin mağazasında bir məktəbli geyiminin qiyməti 50-60 manatdır. Valideynlər deyiblər ki, təhsil şöbəsinin müdirinin bu göstərişi valideynlər arasında narazılıq yaradıb: "Tələb edirlər ki, bir neçə gün müddətində hamı gedib təhsil şöbəsinin müdirinə məxsus mağazadan məktəbli geyimi almalıdır. İşsizlik olduğu üçün çox adamın buna imkanı yoxdur. Həmdə məktəbli geyimlərini başqa yerdən ucuz da almaq olar. Amma bunlar tələb edirlər ki, hamı məktəbli geyimini təhsil şöbəsinin müdirinin mağazasından almalıdır", - deyə onlar qeyd ediblər.

İndi isə bu məsələ Goranboyda əməlli-başlı qalmaqala səbəb olub. Bu barədə DİA.AZ-a məlumat verən rayondakı qaynağın sözlərinə görə, kimlər ki, təhsil şöbəsinin müdirinin mağazasından övladına məktəbli geyimi almayıb - həmin valideynlər məktəb direktorları tərəfindən rəsmən incidilir.

Mənbəmiz iddia edir ki, rayon təhsil şöbəsinin müdirinin əlində təxminən 150-yə yaxın məktəbli forması qalıb: «Aydın olur ki, İlham Hüseynov bir məktəbli forması dəstini Bakı Tikiş Evindən 40 manat pul verərək nağd alıb. Yəni bu sezon şöbə müdiri 6 min manat zərərdədir. Halbuki gəlir götürmək niyyəti var idi. Zərərə düşdüyündən məktəb direktorlarına təzyiq edərək, onları da valideyenləri incitməyə vadar edir».

Mənbəmiz bildirir ki, hətta İlham Hüseynov onun dükanından məktəbli forması alan valideynlərin siyahılarını da tutubmuş: «Siyahı əsasında hərəkət edən şöbə müdiri digər şagirdlərdən ziyana düşdüyü pulu çıxara bilməsi üçün yeni standrat tətbiq etməyə başlayıb».

Mənbəmiz əlavə edir: «Elə valideynlər var ki, Çin istehsalı olan məktəbli formasını daha ucuz qiymətə - 20 manata alıb. Həmin formanın standartlara cavab vermədiyini iddia edən şöbə müdiri direktorları vadar edir ki, şagirdləri dərsə buraxmasın. Amma direktorlar da bildirir ki, onsuz da davamiyət zəifdir və belə olarsa, o zaman məktəbdə dərs keçməyə uşaq tapılmayacaq».

Hər halda, bir rayonun təhsil şöbəsinin müdirinin belə bir özbaşınalığına son qoymaq lazımdır.

Qarşı tərəfi də dinləmyə hazırıq...

Geri qayıt