Əsas Səhifə > Siyasət, Manşet > bp AZƏRBAYCANDA DÖVLƏT ÇEVRİLİŞİ EDƏ BİLMƏZ
bp AZƏRBAYCANDA DÖVLƏT ÇEVRİLİŞİ EDƏ BİLMƏZ17-10-2012, 09:57 |
RƏSMİ BAKI bp-NİN PAYINI «AZPETROL» NEFT ŞİRKƏTİNƏ VERƏ BİLƏR DİA.AZ: - Bir neçə gün əvvəl prezident İlham Əliyev «bp» şirkətinin Azərbaycan qarşısında götürdüyü öhdəlikləri əməl etməməkdə ittiham etdi. Buna dərhal reaksiya verən Böyük Britaniya şirkətindən bildirdilər ki, onlar Azərbaycan dövlətinə sadiqdirlər və öhdəliklərə qısa müddət içində əməl edəcəklər. Xatırladaq ki, əslində bui lk belə hadisə deyildi və bundan əvvəl də Azərbaycan tərəfi «bp»yə qarşı iradlarını bildirmiş, şirkətin Azərbaycana çatmalı olan 10 milyard dolları mənimsədiyini iddia etmişdi. Hər halda, «bp»nin belə bir ittihamların hədəfinə çevrilməsi kifayət qədər ciddi hadisələrin təzahürü kimi qəbul olunmalıdır. Qeyd edək ki, bu məsələ ilə əlaqədar DİA.AZ-a diplomatik qaynaqlardan ilginc informasiyalar ötürülüb. Mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, əslində «bp»yə qarşı səslənən ittihamlarda rəsmi Bakı kifayət qədər haqlıdır: «Sadəcə olaraq, şirkət digər çalışdığı «üçüncü dünya ölkələrində» bu kimi hallarda hər zaman diqtə edən tərəf kimi çıxış edib. Amma Azərbaycanın bir başqa müstəvi olduqlarını və Azərbaycanın yetərincə manevrlər edə bilməsi üçün münbit şəraitin olduğunu unudurlar». ««bp» Azərbaycanda dövlət çevrilişi edə bilərmi» sualının cavabında isə mənbəmiz bildirdi ki, artıq bu şirkətin hansısa siyasi prosesləri yönəltməsi halları geridə qalıb: «ABŞ-da hakim olan Obama administrasiyasının da «bp» ilə münasibətləri gərgindir və bunun dəfələrlə şahidi olmuşuq. Bundan əlavə, Barak Obama neft şirkətlərinin təsiri ilə ABŞ-ı müharibələrə soxanlardan yox, müharibələrin üstünə su səpənlərdəndir. Yəni tamam əks qütbdə dayanan bir qüvvənin nümayəndəsidir. Başqa bir səbəb, Azərbaycan artıq elə bir həddə siyasi kurs tutub ki, «bp» kimi beynəlxalq korparasiyaların ölkə daxilində hansısa siyasi prosesləri yönləndirməsi imkanları sıfıra endirilib. Təbii ki, burada regionda hökm edən geopolitik mənzərənin də müstəsna xidməti var. İranın hədəfə alınması, Rusiyanın «Cənubi Rusiya» kimi qəbul etdiyi Qafqaza hər zamankından da daha sərt formada diş qıcaması, Gürcüstanda baş verən yenilənmələr və digər bu kimi hadisələr imkan vermir ki, hansısa beynəlxalq güc hansısa bir şirkətin cığallığına söykənib rəsmi Bakı ilə münasibətlərini pozsun». «bp»nin Azərbaycandakı gələcək taleyinə aydınlıq gətirən mənbəmiz bildirdi ki, söhbət təxminən 8 milyarda yaxın pulun Azərbaycana əlavə olaraq verilməsindən gedir: «Əgər təbii ki, britaniyalılar bu vəsaiti Azərbaycana qazandırmasalar, o zaman «bp»nin Bakıdan qovulması da mümkündür. Unutmayın ki, Azərbaycanın manevr imkanları kifayət qədər geniş olmaqla yanaşı, Azərbaycanın qısa müddətdə «bp»ni əvəz edə biləcək partnyoru tapması da imkansız deyil. Bundan əlavə, Azərbaycan hətta «bp»ni yerli imkanlar hesabına da əvəzləyə bilər. Yəni bu faktı da nəzərdən qaçırmaq olmaz». Mənbəmiz iddia edir ki, artıq rəsmi Bakıda belə bir qənaət daha da güclənməkdədir: «Hələlik versiya kimi səslənən bu ideyanın çiçəklənməsi də gözləniləndir. Məsələn, mümkündür ki, «Azpetrol» neft şirkətini bu həddə qədər inkişaf etdirib, «bp»nin payına sahib etsinlər. Bunun üçün hələ xeyli zaman olsa da, hadisələr buna doğru da yön ala bilər». Geri qayıt |