Əsas Səhifə > Gündəm, Manşet > GÖMRÜYÜN “ROKFELLERİNİ” QURBAN VERİRLƏR

GÖMRÜYÜN “ROKFELLERİNİ” QURBAN VERİRLƏR


17-10-2012, 09:08
GÖMRÜYÜN “ROKFELLERİNİ” QURBAN VERİRLƏR
ASTARA Gİ-NİN ŞEFİ HİKMƏT MƏMMƏDOV KABİNETİNDƏCƏ HƏBS OLUNA BİLƏR

DİA.AZ: - Azərbaycanın gömrük sistemində korrupsiya və rüşvətin geniş yayılması haqqında mətbuatda çox yazılıb. Mətbuat bunu sahibkarların başına gələn saysız-hesabsız korrupsiya halları ilə bağlı dəfələrlə işıqlandırsa da, amma vəziyyət daha pis hal almaqda davam edir. Heç kimə sirr deyil ki, xüsusən xaricdən idxal edilən məhsulları ölkəyə keçirmək üçün sahibkarlar qazanclarının bəzən 70-80 faizini əvvəlcədən gömrükdə rüşvət olaraq verməli olurlar. Sahibkarlar üçün ixrac olunan malları da sərhəddən rüşvətsiz keçirmək mümkün deyil. Bəlkə də buna görədir ki, neft və neft məhsulları istisna olmaqla, ölkədən xaricə ixrac olunan malların həcmi ildən-ilə azalır. Ancaq mövzumuz bu deyil.

Qeyd edək ki, Azərbaycan gömrükçüləri milyardların büdcədən gizlədilməsi, əvəzində şəxsi ciblərə axan vəsaitin həcminin artırılması üçün ən müxtəlif metodlar fikirləşib, bu sahədə təkmilləşdirmələr aparıblar. Gömrükdə hazırda idxal-ixrac statistikasının saxtalaşdırılmasında əsasən iki formadan istifadə olunur. Birincisi, “sövdələşmə” olduqdan sonra ya gətirilən məhsulun həcmi azaldılır, yaxud da onların dəyəri idxal olunan ölkədəki dəyərdən daha aşağı göstərilir ki, vergidən yayınma imkanları olsun. Və büdcədən gizlədilən məbləğ, nağd şəkildə sahibkardan alınır.

Ikincisi, gətirilən mallar ümumiyyətlə qeydiyyata alınmır. Gömrükdə qurulan rüşvət sistemi yalnız sahibkarlara deyil, eləcə də dövlət büdcəsinə, ölkənin iqtisadi inkişafına ciddi zərbə vurur. Məsələ ondadır ki, sahibkarlardan rüşvət alan gömrükçülər idxal və ixrac olunan malların böyük hissəsini qeydiyyatdan yayındırırlar ki, bu da dövlət büdcəsinə bu sahədən daxil olan gəlirlərin artmasına imkan vermir. Müxtəlif hesablamalara görə, ölkəyə idxal olunan kütləvi istehlak mallarının 60 faizə yaxını ümumiyyətlə qeydiyyata alınmır.

Bunun nəticəsində hər il milyardlarla manatın büdcədən yayındırılaraq, şəxsi hesablara oturdulduğu bildirilir.

DİA.AZ-a Astara Gömrük-Keçid məntəqəsinin adının çəkilməsini istəməyən əməkdaşlarından birindən çox maraqlı bir sənəd göndərilib. Sənəddə 28.01.2012-ci ildə Irandan 0 15820 saylı beynəlxalq qaimə ilə 20800 kq pallet göndərildiyi barədə qeyd var. Bu malı “Kaveh Kolot” şirkəti göndərir. Malı aparan isə 10CH212 seriya nömrəli yük maşının sürücüsü Rafiq Qafarovdur. Mal 288 saylı invoysla Irandan çıxır.

Indi Azərbaycan tərəfinin sənədləşdirdiyi sənədə fikir verin. Astara gömrükçüləri 28.01.2012-ci il tarixində Irandan 0 15ÿ820 saylı beynəlxalq qaimə ilə göndərilən, 288 nömrəli invoysla daxiı olan, sürücü Rafiq Qafarovun idarə etdiyi 10CH212 seriya nömrəli maşıdakı yükü aşağıdakı kimi sənədləşdirir. 20800 kq pallet sərhədi keçəndən sonra 6 min kq şüşəyə, 4000 kq tola “çevrilir”.

Dünən aldə etdiyimiz bu faktla bağlı Gömrük Komitəsinin rəsmiləri və mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Astara gömrüyünün rəisi, “Rokfeller” ləqəbli Hikmət Məmmədovun iş yerinin internet resurslardakı telefon nömrələri isə tamam başqa yerə düşdü.

Bu sənədə və fakta heç bir şərh vermək istəmirik. Dünən gün ərzində Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlamaq cəhdlərimiz müsbət nəticə vermədi. Bildiririk ki, qarşı tərəfin açıqlaması isə bizim üçün də maraqlı olardı.

Amma bu da hamısı deyil. Redaksiyamıza bir başqa qaynaqlardan daxil olan məlumatlardan aydın olur ki, əslində Hikmət Məmmədovun bu kimi əməlləri artıq müvafiq dövlət qurumlarının da diqqətini cəlb etdiyindən onun fəaliyyəti nəzarətə götürülüb. Bu barədə mənbənin söylədikləri: «Hikmət Məmmədov artıq nəzarətdədir və onunla bağlı konkret faktlar toplanılır. Ola bilsin ki, yaxın vaxtlarda kabinetində həbs olunan məmurların sırası Hikmət Məmmədovun hesabına genişlənsin».

Mənbəmiz bildirdi ki, hazırda gömrük sistemini nəzarəti altında saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərov da gömrüyün Hikmət Məmmədovun timsalında antikorrupsiya tədbirləri çərçivəsində bir «itki» verməsinə razılıq verib.

Geri qayıt