Əsas Səhifə > Partiya > “TÜRKLƏRDƏ BAYRAQLAR MÜQƏDDƏS TUTULUB”

“TÜRKLƏRDƏ BAYRAQLAR MÜQƏDDƏS TUTULUB”


8-11-2011, 13:11
“TÜRKLƏRDƏ BAYRAQLAR MÜQƏDDƏS TUTULUB”

“TARİXİMİZDƏ VƏ MƏDƏNİYƏTİMİZDƏ BU ƏNƏNƏ QALIB”

Dövlət Bayrağı Günü Azərbaycan xalqının öz dövlətinə, dövlətçiliyinə, tarixi kökünə və milli ideallarına bağlılığını artırmağa imkan verir. Bunu çərşənbə axşamı Trend-ə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

"Bayraq dövlətin ən ciddi atributlarından biridir və xüsusən, türklər arasında ta qədimdən bəri bayraqlar son dərəcə müqəddəs tutulub və bizim bütün qədim milli adətlərdə, tariximizdə və mədəniyətimizdə bu ənənə qalıb", - Rüstəmxanlı qeyd edib.

Onun sözlərinə görə, bayrağa sitayiş, bayrağı müqəddəsləşdirmək çox qədim bir ənənədir və bizim dövlət ənənələrimizin qədimliyindən və milli təşkilatlanmanın çox böyük ənənələrə malik olmasından xəbər verir.

"Azərbaycan Respublikasının bayrağı da bizim millətin ideallarına uyğun, son dərəcə mükəmməl düşünülmüş bir bayraqdır. Dünayının ən gözəl, ən böyük bayraqlarından biri Bakıda ucaldılıb. Bayraq bir növ bizi öz ətrafında birləşdirən simvollardan, rəmzlərdən biridir və gələcəyimizi müəyyənləşdirməkdə, savaşımızı, milli yolumuzu müəyyənləşdirməkdə bizə kömək edir və ona görə də mən bu bayrama ciddi bir bayram kimi baxıram", - millət vəkili deyib.
Rüstəmxanlı bildirib ki, bayraq sevgisini uşaqlarımıza da öyrətməliyik.

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.


Geri qayıt