Əsas Səhifə > Sosial, Manşet > LƏNKƏRANDA TƏQAÜDÇÜ "İSTEHSALI"

LƏNKƏRANDA TƏQAÜDÇÜ "İSTEHSALI"


16-10-2012, 11:38
LƏNKƏRANDA TƏQAÜDÇÜ "İSTEHSALI"
RAYONUN BAŞ HƏKİMİ TİBB SAHƏSİNİ TAMAMƏN UNUTMAQ ÜZƏRƏDİR

DİA.AZ: - Təhsildə olduğu kimi, ölkəni9n səhiyyə sistemində də korrupsiya və rüşvətxorluq tüğyan edir. Amma buna rəğmən az qala iki illik müddəti əhatə edən antikorrupsiya tədbirləri sözügedən sahədən demək olar ki, yan keçməkdədir. Təbii ki, burada Oqtay Şirəliyevin hakim elitadakı yeri və çəkisi müstəsna rol oynayır. Lakin bu da heç bir zaman səhiyyədəki özbaşına mühitin ört-basdır edilməsinə nədən ola bilməz.

Redaksiyamıza daxil olan məlumatlar da təsdiqləyir ki, ən böhranlı durum əyalət səhiyyəsindədir. Elə buna görə də, vətəndaşlar öz xəstələrini daha çox paytaxtdakı həkimlərə etibar etmək zorunda qalırlar ki, bu zaman onları qınamaq da mümkün deyil. Çünki söhbət insane taleyindən gedir.

Məsələn, bu gün Lənkəran Mərkəzi Xəstəxanasında hətta ayrılan təmir pulu belə mənimsənilirsə, dava-dərman tapmaq müşkül bir işə çevrilibsə, hansısa lənkəranlının öz xəstəsini ya Bakıya, ya da Güney Azərbaycana (İran) aparması təbii bir hadisədir.

Bildirək ki, bu arada Lənkəran rayon Mərkəzi Xəstəxanası (RMX) ilə bağlı DİA.AZ-a maraqlı məlumat daxil olub. Məlumatı saytımıza verən rayon sakinləri deyirlər ki, RMX açıq-aydın bazara çevrilib.

“Buranın əsas işi sağlam insanlar üçün xəstəlik kağızları düzəltməkdir. Baş həkim bu cür sənədlərin hazırlanması üçün 600-800 manat məbləğində pul alır. Bundan sonra heç bir yerində şikəst olmayan adam avtomatik olaraq əlil hesab olunur”, - deyə rayon sakinləri qeyd edirlər.

Son zamanlar rayonda təqaüdə çıxanların sayında artım müşahidə olunduğunu söyləyən qaynaq həmçinin onu da bildridi ki, gündən-günə vəziyyət xarablaşır. Vəziyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son məlumatlarında da əksini tapıb. Belə ki, son zamanlar sözügedən rayonda təqaüdə çıxanların ardı-arası kəsilmir.

Qaynaq onu da qeyd etdi ki, Lənkərandakı özbaşınalıqla bağlı dəfələrlə aidiyyəti qurumlara, xüsusən də nazirliyə yazılı müraciətlər edilib. “Rayonda həqiqətən təqaüdə çıxmağa haqqı çatan, ya da vəziyyəti ağır olan insanlar var. Onlar təqaüdə çıxmır, ancaq yaşı 50-yə çatmayanlar əlavə qazanc yeri tapıblar”.

Səhiyyə Nazirliyinə də dəfələrlə müraciət edən bir qrup rayon sakininə reaksiya olaraq sonda Oqtay Şirəliyev bir neçə həkimə töhmət vurmaqla adekvat reaksiya verərək işini bitirmiş hesab edib. Halbuki Lənkərandakı durum töhmətlə ötüşdürmək qeyri-mümkündür.

Geri qayıt