Əsas Səhifə > Hadisə, Manşet > AZƏRBAYCANDA ZİYALILARA HÜCUM BAŞLAYIB
AZƏRBAYCANDA ZİYALILARA HÜCUM BAŞLAYIB8-11-2011, 12:52 |
RAFİQ ƏLİYEV KİMİN VƏ YAXUD DA NƏYİN GÜDAZINA GEDİB? Dünya şöhrətli alim Rafiq Əliyev oktyabrın 5-də Əmək Məcəlləsinin 70-ci maddəsi ilə (vəzifəsinin öhdəsindən gəlməmək) Azərbaycan Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması kafedrasının müdiri vəzifəsindən azad edilib. Rektorluğun professorla əmək müqaviləsini pozması istər ictimaiyyət, istərsə də 22 il əvvəl bu kafedranı yaradan, ömrünün 53 ili bu ali məktəblə bağlı olan professorun özü üçün gözlənilməz olub. Professor vəzifədən azad edilməsini şərh etmir, məlumatlı mənbələr isə bildirir ki, bu qərar onun 4 noyabrda Ziyalılar Forumunda çıxışından sonra yuxarıdan tapşırıqla qəbul edilib. Əliyev öz çıxışında ölkədəki situasiyanı mürəkkəb, ağır nəticələr verəcək vətəndaş qarşıdurması doğura bilən vəziyyət kimi xarakterizə edib. Başqa natiqlər kimi Əliyev də artan dramatik qarşıdurmanın qarşısını almaq üçün hakimiyyətlə cəmiyyət arasında dialoq qurulmasının zəruriliyini qeyd edib. Məlumdur ki, professor Əliyevin fəal üzvlərindən olduğu Forum hakimiyyətə və cəmiyyətə sərt və açıq müraciət hazırlayaraq demokratik və ədalətli cəmiyyət quruculuğuna keçmək üçün dialoqun zəririliyini bildiriblər. Müraciətin yaxın günlərdə açıqlanacağı gözlənilir. Ziyalılar Forumu 2 il öncə permanent fəaliyyət göstərən meydança kimi formalaşıb. Orada geniş xalq kütlələrini narahat edən məsələlər səsləndirilir və müzakirə olunur. Yarım il əvvəl Forum yeddi maddədən ibarət Milli Həmrəylik Manifesti irəli sürüb. Orada həmrəyliyə nail olmaq üçün bir sıra məsələlərin həlli zərurətindən danışılır. Bunlar eks-prezidentlərin statusunun qanunvericilkdə həllini tapması, geniş siyasi və iqtisadi amnistiya, islahatçı hökumət yaradılması, konstitusiya islahatları, proporsional-majoritar seçki sisteminə qayıdılması, ölkənin beynəlxalq öhdəlikləri yerinə yetirməsidir. Rafiq Əliyevin vəzifədən azad edilməsi müstəqil KİV-in müzakirə mövzularından biri olub. Ziyalılar Forumu bu hadisəyə öz mənfi münasibətini bildlrib. Məşhur dramaturq Rüstəm İbrahimbəyov hadisəyə çox qısa şərh verib: "Bu, dəhşətdir". Ziyalılar Forumu yaxın günlərdə bu hadisəni qiymətləndirəcək, deyə politoloq Eldar Namazov qeyd edib. O, deyib ki, Əliyev dünya şöhrətli alimdir və dəfələrlə Nobel mükafatına namizəd göstərilib. Rafiq Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Corciya (ABŞ), Zingen (AFR), Təbriz (İran) universitetlərinin professorudur. İki ildən bir Əliyevin rəhbərliyi ilə Avropada və dünyanın başqa yerlərində «Qeyri-səlis sistemlərin tətbiqi» beynəlxalq elmi konfransları keçirilir. Məşhur alim, Neft Akademiyasının kafedra müdiri Rafiq Əliyevi işdən çıxarmaqla iqtidar Ziyalılar Forumunun irəli sürdüyü şərtlərlə vətəndaş cəmiyyəti ilə dialoqdan qəti imtina etdiyini nümayiş etdirdi. Rafiq Əliyev öz vəzifəsini icra etmədiyi üçün müqavilənin pozulması barədə qərarla 4 noyabrda Ziyalılar Forumunun iclasında iştirak edəndən dərhal sonra xəbərdar edilib. İclasda milli birlik yolları və şərtləri müzakirə olunub. Əliyev öz çıxışında ölkədəki situasiyanı mürəkkəb, ağır nəticələr verəcək vətəndaş qarşıdurması doğura bilən vəziyyət kimi xarakterizə edib. Əliyevin bu rəyi, eləcə də Forum iştirakçılarının bu cür fikriləri yenilik deyildi və dramaturq Rüstəm İbrahimbəyovun qeyd etdiyi kimi, “xalqın ağrılarının səsləndirilməsinin” davamı idi. İlk dəfə bu il mayın-də 7 Ziyalılar Forumu “Demokratiyaya doğru 7 addım”adlı İctimai Xartiyanın təqdimatını keçirdi. Onu Avrointeqrasiya üzrə Milli İctimai Komitə ilə Alumni Netwok şəbəkəsi hazırlayıb. İctimai Xartiya Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidin zəruriliyi ilə bağlı geniş ictimai konsensus əldə olunmasını ehtiva edir. Sənəd aşağıdakı 7 bənddən ibarətdir: 1. Sabiq prezidentlərin statusu haqqında qanunun qəbulu və bu qanunun sabiq prezidentlərə - Ayaz Mütəllimova, Əbülfəz Elçibəyə, Heydər Əliyevə və onların ailə üzvlərinə şamil edilməsi; 2. Siyasi amnistiyanın verilməsi: siyasi motivlərlə qaldırılmış bütün cinayət təqiblərinin ləğv edilməsi, Azərbaycandan kənara getməyə məcbur olmuş bütün siyasi xadimlərin vətənə qayıtmasının təmin edilməsi; 3. İqtisadi-maliyyə amnistiyası verilməsi: kölgə iqtisadiyyatının ləğv edilməsi və leqallaşmış xüsusi mülkiyyətin toxunulmazlığına siyasi və hüquqi təminatlar verilməsi; 4. Azərbaycan cəmiyyətinə hesabat verən, dərin siyasi və iqtisadi islahatlar keçirəcək islahatçı Milli Etimad Hökumətinin formalaşdırılması; 5. Dövlət İdarəetməsinin Konstitusiya islahatı barədə ümumxalq referendumunun keçirilməsi; 6. Qarışıq majoritar-proporsional sistem üzrə azad, ədalətli parlament seçkiləri keçirmək və çoxpartiyalı sistemin formalaşdırılması, avtoritarizmdən demokratiyaya keçid prosesinin dönməzliyinin təmin edilməsi; 7. Azərbaycanın üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin və imzalanmış müqavilələrin yerinə yetirilməsi. Amma Xartiyanı imzalayan təşkilatlar onlara xas olmasa da, indiki hakimiyyətin mahiyyətinə sərt qiymət verib, onu vətəndaşların siyasi, sosial, iqtisadi hüquq və azadlıqlarını tapdalayan korrupsiyaçı avtoritar rejim adlandırıblar. İyulda növbəti iclas zamanı Forum qeyd edib ki, dünyada və regionda baş verən hadisələr şübhə yeri qoymur ki, bütün cəmiyyətin dəstəklədiyi demokrtaik islahatlar və ölkənin modernləşməsinin altrenativi yoxdur və bu, müasir dövrün çağırışlarına yeganə düzgün cavabdır. Forum bundan sonra da iqtidara mənəvi təzyiqləri dayandırmayıb. Noyabrın 1-də ziyalılar siyasi motivlərlə həbs edilənlərin müdafiəsinə qalxıb. Onların sırasında gənc fəallar və dini motivlərlə həbs edilənlər var. Forum həmçinin yığıncaq və söz azadlığına hörmət etməyə çağırıb. Ziyalıların təmsilçiləri sözlə kifayətlənməyiblər, onlar nümayişkaranə şəkildə gənc fəalların və hüquq müdafiəçilərinin məhkəmə proseslərində iştirak ediblər. İqtidarın Ziyalılar Forumunun fəaliyyətinə əsəbi reaksiya verməsi təsadüfi deyil. Forum ilk dəfə özünü Türkiyə ilə Ermənistan arasında “Sürix anlaşması” ilə bağlı Azərbaycan-Türkiyə münasibətləri böhran həddinə çatanda bəyan edib. Onda Forum öz rolunu iki ölkə rəsmilərinin arasında münaqişənin iki xalqın qarşıdurmasına çevrilməsinə yol verməməkdə gördü. Sonralar «ərəb baharı» və Qərbin avtoritarizmdəm demokratiyaya keçid çağırışları ziyalılar hərəkatına yeni cərəyan gətirdi, isalahatlar gecikdiyi təqdirdə ictimai sabitlik üçün təhlükə yaranacağı qeyd edildi. Azad fikirli Rafiq Əliyevin vəzifədən azad edilməsini ziyalılara hücumun başlanğıcı hesab etmək doğru olmaz. Bu barədə geniş danışılmasa da, bir neçə ildir, dramaturq Rüstəm İbrahibəyova qarşı yüksək səviyyədə böhtan kampaniyası gedir. Onun Kino Akademiyası üçün torpaq sahəsini alıblar, sonra isə “Azərbaycan” kinoteatrını özəlləşdirməyə çıxarıblar. Bu binada İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı yerləşirdi. Qanuna əsasən, o, özəlləşdirmə hüququndan ilk növbədə istifadə etməli idi. Amma İttifaqı fakt qarşısında qoyaraq deyiblər ki, özəlləşdirilən obyektin artıq sahibi var. Görkəmli ictimai xadimlərə qarşı açıq demarş göstərir ki, hakimiyyət bir tərəfdən irimiqyaslı etirazların katalizatoru rolu oynaya biləcək ziyalılara təzyiq etməyə, digər tərəfdən isə müəyyən qədər gərginliyi azaltmağa qadirdir. Eks-prezidentlər haqqında 5 dəqiqəyə qəbul edilən qanunla bağlı belə oldu. Forum bunu milli həmrəylik üçün ilk addım kimi təklif etmişdi. Amma ümumilikdə ziyalılarla iqtidar arasında sonrakı münasibətlər xarici inqilabi dəyişikliklər, daxili sosial-iqtisadi vəziyyət, siyasi-iqtisadi azadlıqların təhkimçilikdən azad edilməsi dərəcəsindən asılı olacaq. Bu məsələ artıq yetişib. Geri qayıt |