Əsas Səhifə > Güney Press / Manşet > KƏMALƏDDİN HEYDƏROVDAN YARDIM İSTƏNİLDİ

KƏMALƏDDİN HEYDƏROVDAN YARDIM İSTƏNİLDİ


15-10-2012, 16:29
KƏMALƏDDİN  HEYDƏROVDAN YARDIM İSTƏNİLDİ
DİA.AZ: - Redaksiyamıza Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, S.Vurğun küçəsi, ev 38 ünvanında yaşayan, Kəlbəcərdən məcburi köçkün, Qarabağ müharibəsi iştirakçısı Zamanlı Allahverdi Xasay oğlunun fövqəladə hallar naziri K.Heydərova ünvanlanmış müraciəti daxil olub. Müraciətdə bildirilir:

"Hörmətli cənab nazir!

Məlumat üçün bildirirəm ki, mən 2002-ci ildən yuxarıda adı çəkilən ünvanda yaşayıram. Şəxsi vəsaitimlə aldığım ev 2012-ci ildə baş verən torpaq sürüşmələrindən və yeraltı təkanlardan qəzalı vəziyyətə düşüb. Evin bütün divarlarında çatlar əmələ gəlib və bu çatlar günbəgün böyüməkdədir. Bu barədə Şamaxı rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət etdim. İcra başçısının tapşırığı ilə yerli komissiya gəldi və həqiqətən də evin qəzalı olduğunu müəyyən edib, akt tərtib edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərdilər. Akta əsasən, nazirlikdən nümayəndə gəlib qəzanı yerində müəyyən etdi və eyni ilə akt tərtib etdi. Lakin bütün bunlar bu günə qədər kağız üzərində qalıb. Məlum olduğu kimi, 07.10.2012-ci ildə baş verən 5 ballıq zəlzələ Şamaxıda da müəyyən fəsadlar yaratdı. Bu təkandan sonra qəzanın miqyası böyüdü, evim yaşayış üçün təhlükə mənbəyinə çevrilib.

Hörmətli cənab nazir!

Sizdən xahiş edirəm ki, qarşıdan qış mövsümünün gəlməsini nəzərə alıb, ailənin bu qəzalı evdə yaşamasının mümkünsüz olduğunu nəzərə alasınız. Xatırladım ki, artıq uzun müddətdir qorxudan həyətdə gecələyirik. Yağışlı havalarda azyaşlı uşaqların çöldə yatmasının nə demək olduğuna, məncə, ehtiyac yoxdur.

Diqqətinizə çatdırım ki, bu barədə "Təzadlar" qəzetinin 22.09.2012-ci il tarixli sayında yazı da dərc edilib. Bildirim ki, ötən il yağan dolu da ailəmizə xeyli ziyan vurdu. Evin dam örtüyü və aynabənd hissəsi yararsız hala düşdü. Bununla bağlı qəsəbə sakinlərinə müəyyən köməklik olsa da, mən dağıntının fəsadlarını şəxsi vəsaitimlə aradan qaldırdım. Hazırda isə mövcud qəzanı aradan qaldırmaq üçün heç bir vəsaitim yoxdur.

Bütün bunları nəzərə alaraq xahiş edirəm, qəzanın aradan qaldırılması üçün aidiyyəti qurumlara göstəriş verəsiniz. Sizə əvvəlcədən ailəmiz adından təşəkkür edirik".

Geri qayıt