Əsas Səhifə > Güney Press / Manşet > AZƏRBAYCANDA VƏHABİ TƏHLÜKƏSİ NƏ QƏDƏR REALDIR?
AZƏRBAYCANDA VƏHABİ TƏHLÜKƏSİ NƏ QƏDƏR REALDIR?15-10-2012, 14:57 |
![]() DİA.AZ: - Təhsil Nazirliyinin qarşısında baş verən ixtişaş hələ də gündəmin əsas mövzusu olaraq qalır. Əksər ekspertlər hesab edir ki, Təhsil Nazirliyinin önündə hicab aksiyası Azərbaycan hakimiyyətinin növbəti şoularından biridir. Onların fikrincə, "sabitliyin qarantı yalnız indiki iqtidardır" rəyini möhkəmləndirmək üçün hakimiyyətə bu cür şoular gərəkdir. Bu fikirdə olan ekspertlər söü gedən iğtişaşın baş verməsini də təsadüfi saymırlar. "Hakimiyyət bu hadisə ilə Qərbə mesaj verir ki, Azərbaycanda sabitliyi pozmaq istəyən təhlükəli qüvvələr var və məhz biz bu qüvvələrin qarşısını almaq iqtidarındayıq. Əgər biz olmasaq, Azərbaycan terror yuvasına çevrilə bilər. Bu cür hadisələr məhz hakimiyyətin maraqlarından doğur", - deyə ekspertlər bildirir. Bəzi ekspertlər isə bu hadisəni Gürcüstanda baş verənlərlə əlaqələndirirlər. Onlar hesab edir ki, bir neçə il əvvəl Gürcüstana təcavüz edən Rusiya Azərbaycanda da aranı qarışdırmağa çalışır. Bu hadisə də Rusiya xüsusi xidmət orqanlarının işidir. Bu fikirlərin hər birilə razılaşmaq mümkündür. Vəhhabi, yoxsa sələfi? Amma hər bir halda o da etiraf edilməlidir ki, Azərbaycanda dini sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Azərbaycanda dini sahədə tolerantlığın hökm sürdüyü bildirilsə də, əslində vəziyyət heç də belə deyil. Azərbaycanda dini qruplar mövcuddur ki, onlar ölkə üçün ciddi fəsadlar yarada bilər. Bu sırada xüsusilə vəhhabilərin adı çəkilir. Amma... Bu gün Azərbaycanda hər addımda bədəvi ərəb qiyafəsində olan soydaşlarımıza rast gəlirik. Hamı onları vəhhabi adlandırır. Amma onlar bu adı qəbul etmirlər. "Vəhhabilik fitnədir, biz sələfilərik" deyirlər. Əslində isə sələfilər də elə vəhhabilərdir. Daha doğrusu, sələfilər vəhhabilərin mülayim qanadı hesab olunur. Sələfilər Azərbaycanda şəriət hökumətinin qurulmasına çalışsalar da, o qədər də təhlükəli sayılmırlar. Ən azı ona görə ki, sələfilər məqsədlərini həyata keçirmək üçün radikal addımlar atmağa ehtiyac görmürlər. Onlarla söhbət etdikdə Azərbaycandakı vəziyyətdən narazı olduqlarını və çıxış yolunun şəriət qaydalarının bərqərar olunmasında gördüklərini gizlətmirlər. Amma bunun qarşıdurma, terror yolu ilə edilməsinə qarşı çıxdıqlarını deyirlər. Bundan əlavə sələfilər İslamın digər təriqətlərini qəbul etməsələr də, onlarla kofnliktə girməyə də həvəs göstərmirlər. Hər halda hazırda onlar özlərini çox tolerant aparırlar. Görünür, bu səbəbdəndir ki, Azərbaycanda sələfilərin günü-gündən artması hakimiyyəti narahat etmir. Vəhhabilərin radikal qanadı sayılan və xəvaricilər adlanan qrup isə sələfilər kimi düşünmür. Azərbaycan kafirlər diyarıdır? Xəvaricilik bir neçə ildir ki, Azərbaycanda yayılıb. Bəribaşdan qeyd edək ki, bu xəvariclər, İmam Əlinin(ə) xəlifəliyi dövründə ondan ayrılan xəvariclərlə qarışdırılmamalıdır. Bizim bəhs etdiyimiz xəvaricilik 20-ci əsrin əvvəllərində Misirdə "İxvanül Müslimin" ("Müsəlman qardaşları") təşkilatının üzvləri tərəfindən yaradılıb. Özü də həbsxanada. Azərbaycanda isə xəvariciliyi yayanlar ərəb ölkələrində, xüsusilə də Suriyada təhsil almış tələbələrdir. Xəvaricilik din pərdəsi altında sırf siyasi məqsədlərə xidmət edir. Təsəvvür edin, xəvaricilər etiqadda "əhli sünnə vəl camaata", daha dəqiqi sünniliyin Hənəfi qoluna mənsub olsalar da, özlərindən başqa hamını kafir sayırlar. Bunu isə yalnız özlərinin siyasi hakimiyyətlərə qarşı mübarizə aparması və şəriət qayda-qanunlarının bərqərar olmasına çalışmaları ilə izah edirlər. Xəvaricilər özlərindən başqa hamını kafir saydıqları üçün onları təqfirçilər də adlandırırlar. Xəvaricilərə görə şəriət qayda-qanunları ilə idarə olunmayan müsəlman ölkələri, o cümlədən Azərbaycan "darül küfr", yəni "kafirlər diyarı"dır. Onların iddiasına görə, şəriət qayda-qanunlarının hökm sürmədiyi müsəlman ölkələri Avropa dövlətləri və yəhudilərin "Masson" təşkilatı tərəfindən idarə olunur. Ona görə də xəvaricilər bu müsəlman ölkələrindəki siyasi hakimiyyətləri istənilən yolla dəyişməyə hazırdırlar. Xəvariclərin Azərbaycanda rəhbəri kimidir? DİA.AZ "AzeriNews"a istinadən bildirir ki, xəvaricilərin Azərbaycandakı rəhbəri Hacıbala adlı şəxsdir. Əslən Qazax rayonundan olan bu şəxs Sumqayıt sakinidir. Hazırda həbsdə olduğu bildirilir. Təxminən bir neçə il əvvəl xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Hacıbalanın Sumqayıt sakini olması xəvariciliyin bu şəhərdə daha geniş yayılmasına səbəb olub. Onlar özlərini Sumqayıtda çox sərbəst hiss edirlər. O dərəcədə ki, başqa rayon və şəhərlərdə olan tərəfdarlarına təzyiqlərə məruz qaldıqları halda Sumqayıta mühacirət etməyi məsləhət görürlər. Xəvariciliyin Şəki-Şirvan bölgəsində də geniş yayıldığı bildirilir. Xəvariclər xüsusi xidmət orqanların diqqətini cəlb etməmək üçün qrup halında fəaliyyət göstərmirlər. Onlar əsasən xeyir-şər evlərində toplaşırlar. Əksər hallarda isə bir-birlərilə internet vasitəsilə əlaqə saxlayırlar. Əsl müsəlman Qarabağda döyüşməməlidir? Xəvaricilər Qarabağda döyüşməyin əleyhinədirlər. İddia edirlər ki, bu, iki kafir ölkə arasında arasında gedən müharibədir. Bu absurd iddianı irəli sürən xəvaricilər tərəfdarlarına Qarabağda deyil, İraqda, Çeçenistanda, Əfqanıstanda döyüşməyi təlqin edirlər. Onlar tez-tez hər kəsə belə bir sual verməyi xoşlayırlar: "Bütün müsəlmanları özünün bacı və qardaşın hesab edirsənmi?". Müsbət cavab alan kimi "Bəs onda niyə İraq, Çeçenistan, və Əfqanıstandakı bacı-qardaşlarına kömək etmirsən? Kafirlər sənin bacı-qardaşlarının başına min oyun açırlar, niyə səsini çıxarmırsan?" deyə müsahiblərini adıçəkilən ölkələrdə döyüşməyə təhrik edirlər. Maraqlıdır ki, nə İraq, nə Əfqanıstan, nə də Çeçenistan şəriət qaydaları ilə idarə olunmur. Deməli, xəvaricilərin məntiqincə, bu ölkələr də "darül İslam" sayılmamalıdır. Amma nədənsə onlar bu ölkələr haqqında belə düşünmürlər. Niyə? Bunu bir özləri, bir də Allahları bilir. Bizə isə sadəcə mülahizələr yürütmək qalır. Ən inandırıcı versiya budur ki, ola bilər, Azərbaycandakı xəvaricilər ölkəmizə qarşı olan hansısa dövlətlərin xüsusi xidmət orqanları ilə bağlıdırlar. "Əsl müsəlman Qarabağda döyüşməməlidir" ideyasını da həmin dövlətlərin xüsusi xidmət orqanlarının tövsiyəsi ilə təbliğ edirlər. 3 dəfə "yox" desən, qanın da, namusun da halaldır Xəvaricilər sələfilərdən fərqli olaraq saqqal saxlamırlar. Onlar nə məscidə gedir, nə də cümə namazı qılırlar. Çünki onların fikrincə, cümə namazında imam dövlətin rəhbəri olmalıdır. Bir halda ki, dövlətin başçısı imam deyil, onda nə məscidə getməyə, nə də cümə namazı qılmağa vaxt sərf etməyin heç bir mənası yoxdur. Kafir hakimiyyəti necə devirib, onun yerində şəriət hökuməti qurmaq barədə düşünmək daha məqbuldur. Xəvaricilərin İslama (təbii ki, özlərinin başa düşdüyü İslama) dəvəti də absurddur. Onların fikrincə, bir şəxs üç dəfə İslama dəvət oluna bilər. Hər üç halda cavab mənfi olsa, onda həmin şəxsin qanı da, namusu, əmlakı da halal sayılır. Beləliklə də özlərini əsl müsəlman sayan xəvaricilər "Dində məcburiyyət yoxdur" ayəsini "unudurlar". Halbuki onlar "Qurani Kərim"i çox gözəl bilirlər. Dini mübahisələrdə "Qurani Kərim"dən elə iqtibaslar gətirirlər ki, rəqiblərinin matı-qutu quruyur. Bir neçə il əvvəl "Əbu Bəkr"dəki partlayışı xəvaricilər törədib? Bir neçə il əvvəl "Əbu Bəkr"dəki partlayışın ilk günlərində bu hadisəni vəhhabilərin öz daxilində Hacı Qamətə müxalif olan qüvvələrin törətdiyi barədə də fikirlər səsləndi. Vəhhabilərin daxilində Hacı Qamətə müxalif olan qrup isə xəvaricilərdir. Bu arada, bir daha xatırladaq ki, xəvaricilər özlərindən başqa heç kimi müsəlman saymırlar. Hacı Qamət başda olmaqla sələfiləri də kafir elan ediblər. Bir müddət əvvəl onlar Hacı Qamət haqqında kitab da nəşr etdirmişdilər. Kitab "Kafir Qamətin küfrləri" adlanırdı. Ona görə də ehtimal etmək olar ki, "Əbu Bəkr"dəki partlayışı da xəvaricilər törədibmiş. Yeri gəlmişkən, bir neçə il öncə xəvariclər Sumqayıtdakı "Cümə" məscidini də partlamağa cəhd etmişdilər. Yəqin hər kəs o zaman MTN-nin Sumqayıtda keçirdiyi əməliyyatı xatırlayır. Həmin əməliyyat zamanı həbs olunanlar məhz xəvaricilər idi. Bundan əlavə MTN-nin keçirdiyi əməliyyat zamanı Hərbi Akadameyida, Cəmşid Naxçıvanski adına Hərbi Litseydə və Müdafi Hazirliyində həbs olunan kursant və zabitlər xəvaric firqəsinin üzvləri idi. Sonda bildirək ki, xəvaricilər hələ ki, Azərbaycanda sələfilər kimi təşkilatlana bilməsələr də, hər halda mövcuddurlar və sıralarını artırmağa çalışırlar. Ona görə də yaxşı olardı ki, Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları bu məsələ ilə bağlı daha ciddi məşğul olsunlar. Geri qayıt |