Əsas Səhifə > Hadisə > İRAN KANALI BURCUTMAĞA BAŞLADI

İRAN KANALI BURCUTMAĞA BAŞLADI


11-10-2012, 12:27
İRAN KANALI BURCUTMAĞA BAŞLADI
“BİZƏ HEÇ BİR TAPŞIRIQ VERİLMƏYİB”

“İranın Azərbaycana yeni təyin olunan səfiri Möhsün Park Ainə istinadən yayılan xəbərdə bildirilib ki, İranın Ali Təhlükəsizlik Şurası Beynəlxalq Səhər Televiziya Kanalına Azərbaycanla bağlı xəbərlərdə diqqətli olmaq və belə verilişləri hazırlamaqdan çəkinmək haqda qərar verib. Əslində səfirin belə açıqlama verib-verməməsinin nə dərəcədə həqiqətə uyğun olub-olmamasını deyə bilmərəm. Çünki səfirlə əlaqə saxlamaq və bunu dəqiqləşdirmək mümkün olmayıb. Bundan başqa Ali Təhlükəsizlik Şurasından da bizə belə bir rəsmi sənəd daxil olmayıb.”

Bu açıqlamanı APA-ya İranın Beynəlxalq “Səhər” Televiziya Kanalının Azərbaycan bölməsinin rəhbəri Borhan Hekməti deyib. O bildirib ki, İranda din xadimlərinə, imam cümələrə hansısa hadisə ilə bağlı danışmağa məhdudiyyət qoymaq çox çətin məsələdir, hətta mümkün deyil: “Düzdür, vaxtilə Azərbaycanda olan bəzi məsələlərə dair tənqidi süjetlərimiz olub, bu gün də belə açıqlamalar olur. İranın özündə belə təhlükəsizlik məsələlərinə xələl gətirə biləcək xəbərlər mətbuatda yayılır. Rəsmi qurumların etirazına baxmayaraq, bunun qarşısını almaq mümkün olmur”.

B. Hekməti qeyd edib ki, onlar Azərbaycanla bağlı verdikləri xəbərləri Azərbaycan mətbuatından götürürlər: “Bu iki ölkə bir-birinə o qədər yaxındır ki, nə azərbaycanlılara İran haqda danışmağa, nə də ki, iranlılara Azərbaycan haqda danışmağa qadağa qoymaq olar. Bu, mümkün olacaq məsələ deyil. O ki qaldı “Səhər” kanalının siyasi verilişlər verməsinə qadağa qoyulması kimi fikirlərə, bunun da mümkün olma ehtimalı çox aşağıdır. İndiki dünyada televiziya kanallarına siyasi xəbərlər verməməklə bağlı qadağa qoyulması başa düşülən olmaz. “Səhər” kanalında Azərbaycanla bağlı təkcə tənqidi verilişlər deyil, Azərbaycanın xeyrinə olan proqramlar da yer alır”.

Qeyd edək ki, İranın Azərbaycana yeni təyin olunmuş səfiri Möhsin Pak Ayin Şərqi Azərbaycan əyalətinin rəsmiləri ilə görüşü zamanı deyib ki, İranın Beynəlxalq “Səhər” Televiziya Kanalı artıq siyasi yönümlü verilişlər hazırlamayacaq. Bu qərarı İran Ali Milli Təhlükəsizlik Şurası verib. Telekanal yalnız mədəni və ictimai verilişlər hazırlaya biləcək.

Səfir etiraf edib ki, kanala qadağa rəsmi Bakının tələbləri əsasında tətbiq olunub.

Geri qayıt