Əsas Səhifə > Siyasət, Manşet > İSMƏT ABBASOV OLİQARXLARLA DÖYÜŞƏ GİRİR

İSMƏT ABBASOV OLİQARXLARLA DÖYÜŞƏ GİRİR


11-10-2012, 09:16
İSMƏT ABBASOV OLİQARXLARLA DÖYÜŞƏ GİRİR
KTN ŞEFİ KƏMALƏDDİN HEYDƏROVUN HANSI MARAĞINA QARŞI GEDİR?

DİA.AZ: - Kənd təsərrüfatı naziri İsmət Abbasovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında "soyuq müharibə" davam edir. İsmət Abbasov hər vəchlə çalışır ki, taxıl sahəsini Kəmaləddin Heydərovun nəzarətindən çıxarsın. Hətta nazir bu məqsədlə bir müddət əvvəl KTN-nin idarə rəisi Sabir Vəliyevin dililə ölkəyə heyvan yemi kimi istifadə edilən buğdanın gətirilməsi barədə sesasion açıqlama da vermişdi. Sabir Vəliyevin bu ittihamları isə məhz Kəmaləddin Heydərova yönəlmişdi.

DİA.AZ-a daxil olan məlumatlarda bilirilir ki, indisə İsmət Abbasov çalışır ki, tədarük-təchizat şirkəti yaradılsın. Nazir artıq bu barədə Nazirlər Kabinetinə təkliflər paketi də göndərib. Amma Nazirlər Kabineti hələ ki, təkliflərə heç bir rəy verməyib.

Məlumatlara görə, İsmət Abbasov sona qədər belə bir şirkətinin yaradılması uğrunda mübariə aparacağını bildirib: "Bu gün əsas məsələ məhsul istehsal deyil, tədarük olunmuş məhsulun satılmasıdır. Mən sonadək bu məsələnin üzərində dayanacağam. Əgər aqrar sahədə davamlı inkişafı təmin etmək istəyiriksə, belə bir tədarük-təchizat şirkətini yaratmalıyıq".

Nazir hesab edir ki, tədarük-təchizat şirkəti dövlət şirkəti və ya səhmləri dövlətə məxsus səhmdar cəmiyyəti formasında ola bilər. Şirkət fermerlərdən məhsulu alıb lazım olanda bazara çıxarmaqla qiymətləri tənzimləyə, həmçinin böyük istehlakçı qruplarına satışını həyata keçirə bilər.

Daxil olan məlumatlarda həmçinin qeyd edilir ki, İsmət Abbasovun belə bir şirkətin yaradılmasında israr etməsi səbəbsiz deyil. O, bununla ilk növbədə taxıl sahəsini Kəmaləddin Heydərovun nəzarətindən çıxarmağa çalışır. Söhbət ondan gedir ki, tədarük-təchizat şirkətinin yaradılması həm taxıl idxalını məhdudlaşdıracaq, həm də yerli taxılın alınmasında qiymətləri bu qurum diqtə edəcək. Deməli, Kəmaləddin Heydərovun bu sahədə əli-qolu bağlanacaq.

Digər tərəfdən İsmət Abbasov ölkəyə kənd təsərrüfatı məhsulları idxal edən ayrı-ayrı oliqarxlara ciddi zərbə vuracaq. Həmin oliqarxlar idxal etdikləri məhsulları özlərinin müəyyənləşdirdiyi qiymətə sata bilməyəcəklər. Əks təqdirdə tədarük-təchizatında toplanan məhsullar ucuz qiymətə bazara buraxılacaq. Bu halda oliqarxlar ya məcbur olub idxal etdikləri məhsulları təchizat-tədarük şirkətinin məhsulları ilə eyni qiymətə satmalıdırlar, ya da piştaxtalarda çürütməlidirlər.

Nazirlər Kabinetinin KTN-nin təkliflərinə rəy verməməsinin səbəbi də oliqarxların buna ciddi təpki göstərməsidir.

Geri qayıt