Əsas Səhifə > Gündəm, Manşet > GÜLƏR ƏHMƏDOVANIN HƏBSİNƏ TƏDARÜK

GÜLƏR ƏHMƏDOVANIN HƏBSİNƏ TƏDARÜK


10-10-2012, 10:33
GÜLƏR ƏHMƏDOVANIN HƏBSİNƏ TƏDARÜK
KEÇMİŞ DEPUTATLA BAĞLI HƏRƏKƏTƏ KEÇƏN QÜVVƏLƏR GERİ ÇƏKİLMİR

DİA.AZ: - Lisenziyası ləğv edilmiş Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaydığı gizli video çəkilişin ardından hədəfə çevrilən Gülər Əhmədova təkcə mandatını itirməyəcək və belə görünür ki, hadisələrin inkişaf axarı onu həbsə aparır. Elə bu təəssürat DİA.AZ-a hökuamət içindəki mənbələrdən verilən xəbərlə daha da möhkəmlənmiş olur.

Xatırladaq ki, az əvvəl Gülər Əhmədovanın yaşadığı mənzildə axtarışın həyata keçirildiyi və hətta bu zaman keçmiş deputatın müqavimət göstərməyə çalışdığı da söylənilir. Buna qədərsə eyni qaynaqlar tərəfindən Gülər Əhmədovanın ölkədən çıxışına qadağanın qoyulduğu söylənilirdi.

Amma bütün bu məlumatların içində tək rəsmi qaynağa söykənəni Gülər Əhmədovanın Bakı şəhər prokurorluğunda dindirilməsi ilə bağlıdır. Maraqlı olanı odur ki, nədənsə rəsmi mənbələr bu barədə ictimaiyyətə daha dolğun bilgilərin verilməsində o qədər də həvəsli görünmürlər.

Təbii ki, bütün bunlar anlaşılandır. Ən azından ona görə ki, Gülər Əhmədovanın başında çatlayan və uzantıları hakimiyyətin ən yüksək məqamlarına qədər belə inkişaf edən məlum videoqalmaqalla bağlı hələ də qəti qərar verilməyib. Anlaşılanı odur ki, hakimiyyət özü özlüyündə bu məsələyə münasibətdə iki cəbhəyə bölünüb. Hələ də bu proseslərdə bir nömrəli hədəfə hesab olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin görəv başında olması bəzilərinin ehtiyatlı davranmasına səbəb olur. Amma hakim partiyanın rəhbərliyi heç də geriçəkilənə oxşamır və verilən açıqlamalardan da bəlli olur ki, Gülər Əhmədova məsələsində hansı səviyyədə ikitirəliyin olmasından asılı olmayaraq, bu prosesi başladan qüvvələr istədikləri nəticəyə varana qədər meydanda olacaqlar.

Bununla əlaqədar redaksiyamıza daxil olan informasiyada da qeyd olunur ki, hətta Gülər Əhmədovanın həbsi ilə bağlı qərarın çıxarılması da gözlənilir: «Doğrudur, hələlik onun ölkədən çıxışına rəsmən qadağa qoyulmayıb. Amma cinayət işi açılıbsa, deməli, artıq hüquqi qadağa var və keçmiş deputat ölkəni tərk edə bilməz. Amma bu günlərdə daha ciddi addımlar atılacaq. Gülər Əhmədovanın barəsində həbs qərarı çıxarılacaq. Bunun üçün tam tədarük görülür».

Bütün tərəflərin mövqeyinin işıqlandırılmasına hazırıq.

Geri qayıt