Əsas Səhifə > Sosial, Manşet > ƏSABİL QASIMOVUN ERMƏNİ SEVGİSİ

ƏSABİL QASIMOVUN ERMƏNİ SEVGİSİ


4-11-2011, 13:53
ƏSABİL QASIMOVUN ERMƏNİ SEVGİSİ

İMİŞLİNİN İCRA BAŞÇISI DA «KARAT» ŞİRKƏTİNİN SUÇ ORTAĞI İMİŞ

DİA.AZ: - Bir neçə gün əvvəl mətbuatda «Karat» şirkətinin qaranlıq fəaliyyəti ilə bağlı çox ilginc faktlar açıqlandı və sonradan bu məsələ ilə bağlı bir neçə mühüm dairənin təşvişə düşdüyü məlum oldu. Əslində gözlənilən idi də. Çünki ortaya real və konkret faktlar qoyularaq Azərbaycanın millət vəkillərindən birinin başında dayandığı şirkətin Azərbaycan torpaqlarının 20 faizini iş8ğal etmiş, Qarabağda, Xocalıda minlərlə bacı və qardaşımızı vəhşicəsinə qətlə yetirmiş düşmən Ermənistanla biznes əlaqələrinin mövcudluğu sübut olunurdu.

Məsələnin maraqlı olması səbəbindən “Dünya” İnformasiya Agentliyi redaksiyası (dia.az) olaraq sözügedən istiqamətdə müəyyən araşdırmalar aparmaq qərarına gəldik və çox ilginc məqamları üzə çıxardıq. Qəzetimizə məlumat verən mənbə bildirir ki, 79 saylı İmişli seçki dairəsindən millət vəkili olan Əsabil Qasımovun biznes strukturu olaraq tanınan "Karat" şirkətinin neçə illərdir ki, Ermənistanla biznes əlaqələri mövcuddur. "Karat" şirkətinin istehsal etdiyi mallar - kəpək və yumurta neçə illərdir ki, Ermənistana ötürülür. Bunun üçün araçılıq edən isə İran İslam Respublikasına aid daşıma şirkətlərindən biridir.

Mənbənin bildirdiyinə görə "Karat" firması hər ilin əvvəlində İran şirkəti ilə illik müqavilə bağlayır. Müqaviləyə əsasən "Karat" istehsal etdiyi kəpək və yumurtanın böyük bir hissəsini İran şirkətinə verir. İran maşınları ilə daşınan bu mallar sərhədi keçdikdən sonra birbaşa Ermənistana doğru istiqamətləndirilir.

Hər gün "Karat"ın dəyirman və broyler fabriklərində 10-15 maşın yüklənir və bu yük Ermənistana istiqamətlənir. Müqavilədə Ermənistana daşınan kəpək və yumurtanın qiyməti isə Azərbaycan bazarında olduğundan iki dəfə ucuz olur.

Mənbənin bildirdiyinə görə Ermənistana aparılan kəpək və yumurta düşmən ölkənin donuzçuluq təsərrüfatlarında istifadə edilir. Belə ki, son illər Ermənistanda donuzçuluq böyük inkişafa malik olub və ölkənin xaricə ixrac etdiyi məhsullar içində donuz əti birinci yerlərdən birini tutur.

Bizim "Karat" rəhbərliyinin bu maxinasiyadan xəbəri varmı?" sualımıza mənbə bildirdi ki, əgər o, "Karat" firmasının orta səviyyəli bir işçisi kimi bütün bunlardan xəbərdardısa, o zaman şübhəsiz ki, rəhbərlik də bundan xəbərdardır: "Digər tərəfdən, onlar yaxşı bilirlər ki, müqavilə bağladıqları İran şirkətinin Ermənistanla sıx əlaqələri var və onların məhsulları hansı ünvana ötürülür".

Mənbə əlavə olaraq onu da vurğuladı ki, Əsabil Qasımov şəxsən bütün bu maxinasiyalardan xəbərdardır: "Sadəcə İran şirkətindən qalxan kimi istifadə olunur. Bu biznesin araçıları iranlılar olsa da, "Karat"ın rəhbərliyi birinci gündən bu biznesin ən kiçik detallarını belə bilir".

Əldə etdiyimiz son məlumatlardan isə aydın olur ki, bu işin içində olanlardan biri də İmişli rayonunun icra başçısı Əbülfəz Ağayevdir. Bu barədə redaksiyamıza məlumatı verən mənbə qeyd edir ki, Əsabil Qasımovun son parlament seçkilərində yanında dayanan və elə onun seçilməsində əsas işi görən Əbülfəz Ağayevin Əsabil Qasımova sevgisi heç də hansısa mübhəm məqamlarla bağlı deyilmiş: «Onlar həm də iş ortağıdırlar. Təsadüfi deyil ki, əsas işi Ermənistanla bağlı olan İran şirkətinin İmişli rayonu ərazisində qarajı belə fəaliyyət göstərir». Məlumata görə, İrandan gələn tırlar məhz İmişli rayonu ərazisində əylənir və Əsabil Qasımovun şirkətinin Ermənistana çatmalı olan məhsulları da orada tırlara yüklənir.

Bizimlə söhbətində bu faktları təsdiqləyən azərbaycanlı tır sürücülərindən biri hətta bildirdi ki, Əsabil Qasımov bir neçə dəfə bu qarajda olub: «Deputat qaraja gələndə orada Əbülfəz Ağayev də gəlmişdi, İran şirkətinin nümayəndəsi də. Onlar öz aralarında nəsə danışdıqdan sonra deputat maşınına minib getdi».

Geri qayıt