Əsas Səhifə > Cəmiyyət > “İRAN VƏ İSRAİL MÜHARİBƏYƏ RİSK ETMƏYƏCƏK”

“İRAN VƏ İSRAİL MÜHARİBƏYƏ RİSK ETMƏYƏCƏK”


4-11-2011, 13:42
“İRAN VƏ İSRAİL MÜHARİBƏYƏ RİSK ETMƏYƏCƏK”

HƏQİQƏTİ DƏRK ETSƏNİZ, HƏQİQƏT SİZİ AZAD EDƏCƏK

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Dr. Vüqar Zifəroğlunun müsahibəsi.

- Vüqar bəy, Qəddafi öldürüldü. Bundan sonra bölgədə baş verəcək hadisələri necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, ərəb baharı ilə Yaxın Şərq öz simasını dəyişməkdədir. Bir zamanlar qərbin ya birbaşa, ya da dolayı yolla hakimiyyətə gətirdiyi rejimlər indi son dərəcə mürəkkəb sosial-siyasi proseslərin təsiri, eləcə də qərbin iştirakı ilə hakimiyyətdən getməkdədirlər. ABŞ prezidenti Ruzveltin Nikaraquanın diktatoru Samosa haqqında dediyi məşhur kəlamı yəqin ki, çoxları bilir. Bu bir acı həqiqətdir.
Dəyişikliklər Liviya ilə nöqtələnməcəyək. Hazırda proseslər hər şeyin diktatura rejimlərinə qarşı yönəlik bir xalq hərəkatı olması şəklində təqdim edilir. Lakin çox keçməyəcək ki, əslində bütün bu proseslərin pərdəarxasında başqa niyyətlərin və hədəflərin durduğunu birlikdə görəcəyik. Hətta sərhədlərin dəyişdirilməsinin və yeni dövlətlərin yaranmasının da şahidi ola bilərik. Xatırlayırsınızsa, Misirdə gedən proseslər zamanı hamının diqqətindən kənarda qalan, lakin son dərəcə ciddi bir hadisə baş verdi. Sudan bölündü və yeni xristian dövləti yaradıldı, Yaxın Şərqin göbəyində. Misir hadisələrini eninə-boyuna şərh edən media, nədənsə, bu məsələni bir o qədər işıqlandırmadı. Bu gün Yaxın Şərq son dövrlərinin ən qanlı və həssas tarixini yaşayır. Lakin biz həqiqətləri hələ görə bilmirik. İncildə də deyildiyi kimi, "Həqiqəti dərk etsəniz, həqiqət sizi azad edəcəkdir". Tunis, Misir hadisələrində özünü kənarda göstərən qüvvələr Liviyada tam mənası ilə özlərini göstərdilər zatən. Qəddafi neft qaynaqlarını milliləşdirərək işə başlamışdı. Bu, əslində çox şey deməkdi. Sonrakı hədəf isə Suriyadı.

- Bəs İrana qarşı Liviya variantı tətbiq oluna bilərmi?
- İran nə Liviyadır, nə Tunis, nə də Misirdir. İranda proseslər başqa formada gedə bilər. Bu gün İranın dövlət idarəetmə sistemində bu gün kifayət qədər ciddi ixtilaf yaşanır. Bu ixtilaf prezidentlik institutunun ləğvinə qədər gedib çıxa bilər. Qərb və ya ABŞ-ın nə dərəcədə buna müdaxilə edə biləcəyini söyləmək isə indi hələ tezdir. İran son dərəcə qapalı bir yerdir. Bu səbəbdən ora müdaxilə də olduqca çətindir. Əgər azacıq bir boşluq olsaydı, bu gün çoxdan ABŞ ora artıq hansısa formada müdaxilə etmişdi. İraqda olduğundan fərqli olaraq, İranda kürdlər bir o qədər geniş nüfuz və gücə malik də deyillər ki, ABŞ burada da onlardan istifadə etsin. Zatən, İran son əməliyyatlarla PKK-nın İran uzantısı PJAK-a kifayət qədər ciddi zərbələr endirdi və bir növ özünü sığortaladı. ABŞ-ın Azərbaycan türklərinə istinad edəcəyinə isə az ehtimal vermək olar. Bu bir həqiqətdir ki, bu bölgədə ABŞ-ın və qərbin müttəfiqi türk deyil. Türklərin də onlara müttəfiq və ya azadlıq gətirəcək ilahi qüvvə gözü ilə baxması yanlış olardı. İraqdakı türklər bu gün də bunun acısını yaşayırlar. İranda Azərbaycan türkləri böyük çoxluq kimi özləri öz hüquqları uğrunda mübarizəyə qalxmalıdırlar. Heç bir xarici müdaxilə olmadan da onlar öz hədəflərinə çata bilərlər.

- İran-İsrail münasibətləri getdikcə pisləşir. İki dövlət arasında münasibətlərin gərginliyi nəticə etibarilə müharibə vəziyyətinə gətirib çıxara bilərmi?
- Xeyr! İran və İsrail yaxın zamanlarda müharibə etməyəcək. Bu sadəcə, diplomatik savaşdan ötəyə getməyəcək. Hər iki tərəf biri-birini nə qədər kəskin şəkildə hədələsə də, müharibəyə risk etməyəcəklər. çünki tərəflər bu müharibədən qalib tərəfin çıxmayacağını çox gözəl anlayırlar.


Geri qayıt