Əsas Səhifə > Ölkə, Manşet > İQTİDARİÇİ ŞƏR QÜVVƏLƏRİN SONUNCU ŞƏRQİSİ
İQTİDARİÇİ ŞƏR QÜVVƏLƏRİN SONUNCU ŞƏRQİSİ7-10-2012, 12:00 |
ELŞAD ABDULLAYEV ARANI QATDI VƏ ARA QARIŞDI, MƏZHƏB İTDİ DİA.AZ: - Hələ də 5 oktyabrda təhsil nazirliyinin qarşısında bir qrupp şəxsin hicabı müdafiə tələbi altında keçirdiyi aksiyanın rezonansı ictimai fikri məşğul etməkdədir. Hər kəs heyrət içindədir, hətta bu hakimiyyətə qarşı ən radikal cinahda dayananlar belə bu şəkildə etirazın yaratdığı auranın xofundan çıxa bilməyib. Çünki… Çünki Azərbaycanda münasibətlər çox nadir hallarda radikal üsullarla çözülür. Hətta bizdə cinayətin nəticəsində yaranan ölüm halları da digər millətlərlə müqayisədə çox azdır. Yəni əslində bunca problemlərin, sosial ədalətsizliyin, hüquqi özbaşınalığın fonunda ölümlə nəticələnən hadisələr çox olmalıdır. Yəni normalda, normal statistik hesablamalarda. Amma bizdə belə deyil və biz belə deyilik. Lakin 5 oktyabr aksiyasında gördük ki, kimlərsə qarşılarındakı polisin nəinki hansı mövqedə dayanmasını, hətta insan olduğunu unudacaq şəkildə aqressivləşdirilirlər. Yox, bu nə din deyil, nə də inanclı insanın etirazı. Çünki inanclı insanın müqaviməti daha çox insani üsullara dayanıqlı olur. Burada isə aşkar surətdə qeyri-insani davranış əlamətləri var idi ki, hamımızın qorxduğu, ehtiyatlandığı da budur. Kimlərsə, Azərbaycanı dünyaya məhz bu şəkildə tanıtmaq istəyirlər. Kimlərsə çalışırlar ki, öz mövqelərini qorusunlar və burada həm daxili və həm də xarici qüvvələrin iştirakı şəkksizdir. Bu gün asanlıqla ehtimal edə bilərik ki, Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaratdığı ajiotajın ağırlığı kimlər üçünsə çəkilməz olduğundan bu şəkildə gündəmi dəyişməyə çalışırlar. Gah ali məktəblərin binaları yanır, gah elektrik stansiyası partlayır, gah ticarət mərkəzində insanlar zəhərlənir və s. Bir sözlə, hansısa sehirli bir əl bu gün Azərbaycanı içindən qarışdırmaqdadır. Və burada həmin sehirli əlin özünü vacib fiqur kimi hiss etdirmə çabaları aşkar surətdə duyulur. Yəni bu sehirli əl kimlərəsə sübut etmək istəyir ki, mən vacib fiquram və mənə toxunma. Toxunduğun təqdirdə, bu kimi hadisələr baş verə bilər. Budur məsələ. Burada nə hicab davası var, nə də dini təəssübkeşlik. Çünki hicabı müdafiə etmək üçün Elşad Abdullayevin videolarının yayılmasını gözləmək lazım deyildi. Çünki hicabı müdafiə üçün Ramiz Mehdiyevin mövqelərinin sarsıldığını görmək lazım deyildi. Müdafiə o zaman səmimi olardı ki, ortada iki illik interval yaranmamış olardı. Bəli, məsələ yenə də bu gün istinad nöqtələri laxlamaqda olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin üzərinə yüklənir. Biz dəfələrlə vurğulamışıq ki, Azərbaycanda elə qüvvələr var ki, onların çörəkləri qarışıqlıqdan çıxır. Həmin qüvvələr özlərini lazımlı şəxslər hesab etmək üçün onlara vəhşiləşmiş Əli Kərimli, İsa Qəmbər obrazları lazımdır. Onlar süni şəkildə müxalifətdən xortdan düzəldirlər. Diqqət yetirin, hamının başı qarışıb Elşad Abdullayev vurhavuruna onlar araya salıb Zaur Qurbanlını tutur, «Nida»nın ofisini aratdırırlar. Və dərhal prezidentin masasının üzərinə gənclərin nəşr etdiyi broşür qoyulur və belə təqdim olunur ki, bu gənclər prezidentin getməsini arzulayır, ona qarşı təbliğat aparırlar. Daha kimsə söyləmir ki, normalda bu düşüncədə olan gənclər də olmalıdır və normalda bu kimi təbliğatlar baş verməlidir. Yəni bu formadan olan hadisələrə görə, hansısa «qaranlıq dəlilərini» ayaqda tutmağın özü belə doğru qərar deyil. Ona görə də nə İslam Partiyası, nə də hansısa digər müxalif qüvvə 5 oktyabr hadisəsinə sahib çıxmadı. Hətta tutulanlar, aksiyaya qatılanlar arasında İslam Partiyası üzvlərinin olması belə şübhəlidir. Yəni bu o deməkdir ki, məsələ məhz bizim təqdim etdiyimiz nöqtədən idarə olunur. Çünki günlərdir hədəfə alınanı elə həmin nöqtə idi… Hər halda, 5 oktyabr hadisələrinin həmin qüvvələrin sonuncu şərqisi olması da istisna deyil. Çünki artıq bu tərzdə oyunlar yerimir… uşaq deyilik axı, müstəqilliyimizin 21 yaşı var… SƏBUHİ – DİA.AZ Geri qayıt |