Əsas Səhifə > Siyasət, Manşet > «ABDULLAYEVİN XƏMİRİ» HƏLƏ ÇOX SU APARACAQ

«ABDULLAYEVİN XƏMİRİ» HƏLƏ ÇOX SU APARACAQ


5-10-2012, 09:41
«ABDULLAYEVİN XƏMİRİ» HƏLƏ ÇOX SU APARACAQ
MƏMURLAR, SİYASİLƏR VİDEOQALMAQALLA BAĞLI NƏDƏN SUSURLAR?

DİA.AZ: - Elşad Abdullayevin yaratdığı qalmaqal 2013-cü ilin prezident seçkiləri ərəfəsinin hələ çox sürprizlərlə zəngin olacağını anons etməkdədir. Artıq iqtidar daxilindəçki gərginliklər qabarıq şəkildə hiss olunandır. Rəsmi Bakının beynəlxalq qurumlarla da münasibətləri ürəkaçan səviyyədə deyil. Son illərdə ciddi şəkildə eloktorat itkisinin yaşanması da iqtidar düşərgəsini keçirilməsi nəzərdə tutulan seçkilərdə əliyalın qoya biləcək həddədir. Amma…

Amma bir məsələ var ki, hakimiyyət hələ də özünü opponentsiz hiss edir. Davamlı şəkildə uğursuzluqlara düçar olan və hətta seçkilər zamanı sıradan bir seçki məntəqəsindəki qələbəsini belə rəsmiləşidrə bilməyən hazırki siyasi müxalifət - hakimiyyətin əsas rəqibi kimi nişan verilən AXCP və Müsavat birliyi hətta ən aqressiv bəyanatları, ən kütləvi aksiyaları fonunda belə YAP iqtidarının sütunlarından nəinki bir kərpici, qumm ovuntusunu belə ala bilmədiyini dəfələrlə ortaya qoya bilib. Bu əminlik isə rəsmi Bakının daha çox öz daxilindəki və kənardan yaradıl(acaq)an problemlərlə ilgilənməsini zəruri edir.

İndiki məqamda isə daha çox diqqətə gələni iç problemlərdir. Məlum videoqalmaqalın yaratdığı təəssürat da belə qənaət formalaşdırır ki, artıq dünənə qədər «boz kardinal» kimi xarakterizə olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı ciddi hərəkətlənmə var. Hər halda, mərhum prezident Heydər Əliyevin dövründən sonra ilk dəfə idi ki, Ramiz Mehdiyev bu şəkildə uzunmüddətli hədəf rolunu oynayırdı. Xatırladaq ki, Heydər Əliyevin dövründə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Ramiz Mehdiyevə qarşı açıq hücuma keçmişdi və hətta Mehdiyevin Heydər Əliyevə sadiq olmadığını da iddia etmişdi. Doğrudur, sonradan bu məsələ baş qaldırdığı kimi də yatırıldı. Ramiz Mehdiyev nəinki «vurulmadı», əksinə mövqeləri daha da möhkəmləndi.

Sonuncu dəfə isə keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli Ramiz Mehdiyevə qarşı «cihada qalxmışdı». Amma bildirək ki, 2007-ci ildə Sirus Təbrizlinin Mehdiyevə qarşı hərəkətlənməsi zamanı o, vəzifə başında deyildi və artıq mühakimə olunan keçmiş səhiyyə naziri Əli İnsanova dəstək naminə bu addımı atırdı.

DİA.AZ bildirir ki, amma bu dəfə Ramiz Mehdiyev ciddi şəkildə hədəf rolunu oynamaqdadır. Doğrudur, PA şefi adının bu işdə hallandırılmasına etiraz edən açıqlamasını yaydı və hətta ad çəkmədən danışıq iştirakçılarını «dələduz» belə adlandırdı. Və daha çox açıqlamasında Elşad Abdullayevi hədəflədiyini hiss etdirdi. Amma yenə də bir ehtiyatlılıq və hücumdakı xəfifliyin müşahidə olunması belə deməyə əsas yaratdı ki, artıq PA rəhbəri əvvəlki əzəmətində deyil. Və bu gün onun barəsində deyilən «Ramiz Mehdiyev Kremlin dəstəyi olmadan bir gündə də vəzifə başında qala bilməz» deyimi özünü doğrultmaqdadır. Hakimiyyət dəhlizlərindən ötürülən informasiyalar da təsdiqləyirdi ki, taqətdən düşməkdə olan «boz kardinal»ı məhz Rusiya xilas etməkdədir…

Alınacaqmı? Hər halda, bu gün Elşad Abdullayevin açıqladığı faktları öz maraq dairəsində istifadə etməkdə olan əks qütb Ramiz Mehdiyevə ikinci şansı vermək niyyətində olmadığını da hiss etdirir. Bu həm də elə hadisələrin açıq qurbanı kimi diqqətə gələn Gülər Əhmədovanın adı üzərində cərəyan edən olaylardan da sezilməkdədir. Gah ağırlıq Elşad Abdullayevin xeyrinə olur, gah da Gülər Əhmədovanın… Hətta öz işini ehtiyatla görmək zorunda qalan orta ranqlı məmurlar, madiatik hakimiyyət yanlıları belə diktafonlardan uzaq qaçmağa, məsələ ilə bağlı mövqelərini bildirməməyə çalışırlar. Çünki onlarda da kimin sözünün əsas olması barədə konkret bir qənaət yoxdur. Tək danışanlar isə konkret mövqe sahibi, tərəf olanlardır. Yəni Əli Əhmədov danışır və bilinir ki, hansı cinahdadır, Əli Həsənov danışır və o da bilinir ki, hansı qütbdə qərarlaşıb. Üz-üzə gələn tərəflərdə təmsil olunmayanlar isə özlərini kiminləsə «üz-göz etməmək» üçün susmağa yüstünlük verirlər. Hətta bu günlərdə jurnalistlərdən birindən səmimi şəkildə «Sən Allah, məni bu arada dindirmə» şəklində xahiş edən çox nüfuzlu məmurun olduğu da söylənilir.

Anlaşılandır. Çünki proses hələ bitməyib. Davam edir və Elşad Abdullayevin təhlükəsizliyinə təminatın verilməsi belə (hətta vəkili bu təminatı yetərli hesab etməsə də -red.), o deməkdir ki, bu xəmir hələ çox su aparacaq. Bu suyun kimlər üçün selə dönüşəcəyini isə zaman göstərəcək.

Geri qayıt