Əsas Səhifə > Siyasət, Manşet > CAVİD QURBANOV SÜRÜCÜSÜNÜ NİYƏ GİZLƏDİR

CAVİD QURBANOV SÜRÜCÜSÜNÜ NİYƏ GİZLƏDİR


4-10-2012, 09:58
CAVİD QURBANOV SÜRÜCÜSÜNÜ NİYƏ GİZLƏDİR
ASC PREZİDENTİ İLƏ BAĞLI MƏTBUATA İLGİNC FAKTLAR ÖTÜRÜLƏCƏK

DİA.AZ: - Cavid Qurbanovun artıq yorulduğunu və bu səbəbdən də vəzifəsindən könüllü şəkildə getməyə hazırlaşdığını xəbər vermişdik. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, «Azəryolservis»in prezidenti heç də gediş qərarında da müstəqil deyil və bu gün onu öz postunda saxlayanlar var.

Xatırladaq ki, keçən il üzərinə edilən təzyiqlər nəticəsində təhsil naziri Misir Mərdanov da istefaya getməyə hazır olduğunu mətbuat qarşısında bəyan etmişdi. Amma o, getmədi və günü bu gün də nazir postundadır. Həmin ərəfədə yayılan xəbərlərdən aydın oldu ki, Misir Mərdanov hətta gediş qərarını verməkdə belə müstəqil deyil.

Və bu gün eyni durumda olanı Cavid Qurbanovdur. Bununla bağlı danışan mənbəmiz iddia edir ki, buk imi hallarda həmin hədəfdə olan məmurların «soyulması» prosesi həyata keçirilir: «Onları rəsmən qabıqdan çıxarırlar. Bilirsinizmi, Misir Mərdanov son bir ildə hansı itkilərə getməli olub? İndi də eyni «məngənəyə» Cavid Qurbanovu salıblar və onun bu neçə ildə qazandıqlarının böyük bir hissəsi əlindən alınmayıca, getməsinə icazə verilməyəcək».

Mənbəmiz bildirir ki, son günlərin qalmaqallı olaylarının «memarı» kimi diqqətə gələn lisenziyası ləğv edilmiş ABU-nun rektoru Elşad Abdullayev də eyni proseslərin hədəfinə çevrilməməsi üçün Bakıdan baş götürüb getməli oldu. Amma bir məsələ var ki, onun əmlakı bu gün girovluqdadır.

Cavid Qurbanova gəlincə isə, o, yığdıqlarına qane olub aradan çıxmaq istəyir. Mənbəmizin söylədikləri: «Amma alınmayacaq. Hətta ona qarşı yeni təzyiqlər də gözlənilir. Söhbət ASC prezidentinin iranlı ayətullahların ətəyindən öpən sürücüsü - əslində kassiri olan Mahir Lənkəranlı ilə bağlı qalmaqalın yenidən şişirdilməsindən gedir. Hətta bu gün axtarışda olan həmin şəxsin Cavid Qurbanov tərəfindən gizlədildiyi də məlumdur».

Mənbəmiz iddia edir ki, Cavid Qurbanova bu günlərdə mətbuatda yeni hücumlar təşkil ediləcək: «Mahir Lənkəranlı həbs olunarsa, vəziyyət daha da gərginləşəcək. Çünki onun kim tərəfindən gizlədildiyi ortaya çıxacaq və bu zaman Cavid Qurbanov nəinki vəzifəsini, hətta azadlığını belə itirmək zorunda qalacaq».

Geri qayıt