Əsas Səhifə > Gündəm, Manşet > GÜLƏR ƏHMƏDOVANIN OFİSİNƏ ƏL QOYULUR

GÜLƏR ƏHMƏDOVANIN OFİSİNƏ ƏL QOYULUR


1-10-2012, 09:30
GÜLƏR ƏHMƏDOVANIN OFİSİNƏ ƏL QOYULUR
«MƏRKƏZ» QƏZETİ İŞÇİLƏRİN MAAŞI VERİLDİKDƏN SONRA BAĞLANACAQ

DİA.AZ: - Bu gün Milli Məclisdə Gülər Əhmədova ilə bağlı qərarın verilməsi gözlənilir. Bildirək ki, kitabı bağlanmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevin açıqladığı gizli videoçəkilişin ardından hakimiyyət içindəki ikitirəlik aşkar surətdə hiss olunmaqdadır. Bir tərəfdən videoqalmaqalın «qəhrəmanı» olan Gülər Əhmədovaya qarşı sərt bəyanatlar səsləndirilir, digər tərəfdən isə xəfif də olsa, xanım deputatı müdafiə cəhdləri hiss olunur.

Təbii ki, bu dəfə müdafiəyə oturanı həmin videoçəkilişdə adı hallandırılan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə aid qruplaşmadır. Digər rəsmi mətbuatdan fərqli olaraq PA-nın şöbə müdiri Əli Həsənovun mətbuatında Gülər Əhmədova müdafiə olunur, onun ağır xəstə olduğu iddia edilir, Elşad Abdullayevin əleyhinə isə materiallar yerləşdirilir.

Elə Ramiz Mehdiyevin təsir dairəsində olan Mərkəzi Seçki Komissiyasından «Gülər Əhmədovanın mandatdan imtina haqqında müraciəti bizə daxil olmayıb» şəklində açıqlama yayması da deyilənlərin sübutu kimi qəbul oluna bilər. Halbuki həmin videoçəkilişdən də aşkar surətdə duyulurdu ki, Gülər Əhmədova özünün məlum davranışları ilə həm də MSK-nın əhəmiyyətsiz, formal bir qurum olduğunu nəzərlərə çarpdırıb. Yəni seçkilərdə kimin nə qədər səs verməsi yox, kimin nə qədər pul verməsi önəmlidir. Və seçkilərin taleyini MSK-nın hesabladığı rəqəmlər yox, hakimiyyət dəllallarının hesabladığı pullar həll edir.

Amma bütün bunlara rəğmən Gülər Əhmədova ilə bağlı proseslərdə geri dönüşüm imkanları sıfıra bərabərdir. Onu da bildirək ki, xanım deputat eyni zamanda Uşaq təşkilatının rəhbəridir və həmçinin «Mərkəz» qəzetinə də sahibəlik edir. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, məlum qalmaqaldan sonra qəzet çapa hazırlansa da, nədənsə çap olunmayıb və satışa çıxmayıb.

Məlumatlı qaynaq iddia edir ki, Gülər Əhmədovanın Nazirlər Kabinetinin birinci mərtəbəsində yerləşən ofisinə (həmin yerdə xanım deputatın kabineti və «Mərkəz» qəzetinin otaqları var -red.) də bu gün əl qoyulacaq. Mənbəmiz iddia edir ki, dünən bütün redaksiya kollektivi işə çağrılıb: «Onlara yarımaylıq əməkhaqqı borcu qalıb və həmin pullar verildikdən sonra, redaksiyanın rəsmən buraxılacağı elan olunacaq. Eyni zamanda redaksiyanın otaqları və həmçinin Gülər Əhmədovanın kabinet idə boşaldılacaq».

Mənbəmiz bildirir ki, bununla da bağlı qərarı «yuxarılar» verib.

Geri qayıt