Əsas Səhifə > Gündəm, Manşet > GÜLƏR ƏHMƏDOVANI XİLAS ETMƏK İSTƏYİRLƏR?

GÜLƏR ƏHMƏDOVANI XİLAS ETMƏK İSTƏYİRLƏR?


30-09-2012, 12:26
GÜLƏR ƏHMƏDOVANI XİLAS ETMƏK İSTƏYİRLƏR?
HAKİM PARTİYADAN QOVULMA QƏRARI NƏDƏN İCTİMAİLƏŞDİRİLMƏDİ?

DİA.AZ: - Nəhayət gözlənilən qərar dünən verildi. Gülər Əhmədova hakim Yeni Azərbaycan Partiyasının sıralarından xaric edildi. Onu da bildirək ki, əslində belə bir addımın atılacağı gözlənilən idi. Ən azından ona görə ki, bu gün YAP-ın rəhbər eşalonu daha çox Gülər Əhmədovanı təmsil olunduğu hakimiyyətiçi qruplaşmaya əks qütbdə dayananlardan təşkil olunub.

Xatırladaq ki, YAP-dan qovulmuş xanım deputatın daxil olduğu iç qruplaşmanın şefi olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev zaman-zaman hakim partiyanın ələ keçirilməsi yönündə çabalar sərf etsə də, buna nail ola bilməmişdi. Doğrudur, bu gün əksər bölgələrdə YAP-ın yerli rayon təşkilatları Ramiz Mehdiyevin nəzarəti altındadır. Belə ki, bir neçə il əvvəl baş verən dəyişikliklərin ardından YAP rayon təşkilatları kurasiya baxımından yerli icra hakimiyyətlərində birinci müavinlərə həvalə olundu. Rayon icra başçılarının birinci müavinləri isə bilmərrə qaydada Prezident Administrasiyası tərəfindən təyin olunur. Hətta həmin rayonun hansısa digər oliqarx-məmurun komandasında yer alması belə əhəmiyyət daşımır. Yəni əgər məsələn, Mingəçevir şəhəri fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədirsə, başçının birinci müavini PA şefinin adamıdır və bu yolla YAP-ın yerli təşkilatları üzərində nəzarət rıçaqları Mehdiyev tərəfindən ələ keçirilib.

Amma əsas qərarlar «yuxarıdan» verilir və bu gün daha çox antimehdiyevçi qruplaşmanın nəzarəti altında olan hakim partiyanın mərkəzi apparatı PA şefinin mövqelərinə zidd qərarları ilə də diqqətə gəlməkdədir. Və onlardan biri də məhz Gülər Əhmədovanın YAP-dan qovulması idi.

Bununla bağlı DİA.AZ-a danışan hakimiyyət içindəki bilgili qaynağın sözlərinə görə, əslində Gülər Əhmədovanın YAP sıralarından xaric olmasına PA-dan ciddi təpgilər var imiş: «Bu gün hakimiyyət içində çox ciddi parçalanma ovqatı var. Diqqət yetirin, Gülər Əhmədova hakim partiyadan qovulur, amma bu barədə məlumatın cəmiyyətdən saxlanılmasına çalışır və PA-dan bu xəbərin ictimailəşməməsi önərilir».

Mənbəmiz iddia edir ki, hələ də himayədarları xanım deputatı xilas barədə düşünürlər: «Ola bilsin ki, onun mandatı belə əlindən alınmasın və ona qarşı başlanan cinayət işi ləğv edilsin. Hər şey mümkündür və PA rəhbərliyi bu gün var gücü ilə proseslərə nəzarəti əlinə almağa çalışır. Gülər Əhmədovanın xilası prosesi naminə isə hətta bəzi mətbu orqanlara təsir yolları da düşünülür. Və yeni kampaniya da başlaya bilər».

Amma bütün bunların niyyət olduğunu bildirən mənbəmiz əks qütbün hələ də qalib və prosesləri nəzarəti altında saxlayan tərəf olduğunu da xüsusi olaraq vurğuladı.

Geri qayıt