Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT KİMLƏRİ YOLA SALMAĞA HAZIRLAŞIR

HAKİMİYYƏT KİMLƏRİ YOLA SALMAĞA HAZIRLAŞIR


27-09-2012, 10:30
HAKİMİYYƏT KİMLƏRİ YOLA SALMAĞA HAZIRLAŞIR

MÖVQELƏRİ GÜCLƏNƏN RAMİZ MEHDİYEV QANADI SON OLAYIN ŞOKUNDADIR

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, hakimiyyətiçi münasibətlərdə Prezident Administrasiyasının şefi Ramiz Mehdiyevin rəhbərlik etdiyi cinah yenə də 2013-cü il seçkiləri ərəfəsində favorit güc olaraq diqqət mərkəzinə keçməkdədir. Bu isə o deməkdir ki, əvvəllər olduğu kimi, bu dəfə də seçkilər Mehdiyevin kurasiyasında baş tutacaq və nəticə olaraq da Mehdiyev cinahı öz mövqelərini daha bir neçə illik qorumağa nail olacaq.

Amma sən saydığını say, gör, fələk nə sayır… Lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin açıqladığı videogörüntülərin əslində əsas hədəfi hesab olunan Ramiz Mehdiyev hələ də bu hadisənin şokundadır. Bu sözləri DİA.AZ-a açıqlamasında bildirən Nazirlər Kabinetindəki mötəbər qaynağımız iddia edir ki, əslində Elşad Abdullayevin durub-dururkən bu şəkildə fəallaşması hakimiyyətiçi mübarizənin təzaşürü kimi qəbul edilməlidir:

«Burada müxalifətin nədən ortaya düşməsi anlaşılan deyil. Çünki söhbət daha çox iç mübarizə müstəvisindədir. Elşad Abdullayev da təsadüfi birisi deyil və bu gün ona dəstək verib, onu danışdıranlar var. Doğrudur, burada əmlak davası daha qabarıq məqamdadır. Amma bir məsələyə nəzər yetirməyimiz vacibdir. Elşad Abdullayev zamanında iqtidar cinahında küncə sıxışdırılmış qruplaşmalardan birinin himayəsi altında olub. Və Ramiz Mehdiyev həmin qruplaşmanı illərdir təqib etməkdədir».

Mənbəmiz xatırladıb ki, bir zamanlar keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli də Ramiz Mehdiyevə qarşqı hərəkətlənməyə nədən olmuşdu: «Doğrudur, Sİrus Təbrizli bu qədər net şəkildə fəaliyyətə keçmədi. Çünki o, Azərbaycanda qalmaq istəyirdi. Amma Elşad Abdullayev artıq itirəcək heç nəyinin qalmadığını zənn edərək, belə bir addımı atıb».

Mənbəmiz bütün bunların seçkilər ərəfəsində hakimiyyətiçi cinahların bir-birilərinə qarşı əzələ nümayişi olduğunu söyləməklə yanaşı, eyni zamanda onu da əlavə etdi ki, təbii ki, son baş verənlər PA şefinin mövqelərinə ciddi zərbədir: «Bu hadisə Ramiz Mehdiyev çox ciddi zərbə aldı. Yəqin ki, seçkiqabağı dönəm üçün məlum zərbənin yaratdığı təəssürat hiss olunacaq».

Redaksiyamıza danışan qaynağın iddialarında həmçinin o da qeyd olunur ki, seçkilər ərəfəsində bir sıra dövlət qurumlarında rəhbər dəyişikliyi də gözlənilir: «Ola bilsin ki, Ramiz Mehdiyev məhz bu proseslərin inkişaf axarından asılı olaraq, himayəsi altında olan bəzi fiqurları qurban versin. Çünki PA şefinin durumu hazırda çox gərgindir».

Geri qayıt