|
"Bir neçə ay əvvəl “İrşad” mağazalar şəbəkəsindən soyuducunu 18 aylıq kreditlə almışam. Alış zamanı məndən məhsulun və kreditin ümumi məbləğindən əlavə “depozit” adı ilə 100 manat pul da tutulub. Bununla yanaşı, kredit məbləğinə faiz də hesablanıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında ictimai fəal Elman Abbasov qeyd edib. O daha sonra başına gələnləri belə nəql edir: "İndi şirkətə müraciət edərək soruşuram: məndən alınan həmin 100 manat hansı əsasla tutulub? Bu məbləğ sonradan mənə qaytarılacaqmı, kredit borcundan çıxılacaqmı, yoxsa məhsulun ümumi qiymətinə daxildirmi? Mənə bildirirlər ki, həmin 100 manat “xidmət haqqı”dır və geri qaytarılmır. Burada haqlı suallar yaranır: Əgər bu məbləğ “xidmət haqqı”dırsa, müqavilədə və ya ödəniş sənədlərində xidmətin konkret adı və mahiyyəti niyə aydın şəkildə göstərilməyib? Alıcıya əvvəlcədən bu barədə tam və düzgün məlumat verilibmi? “Depozit” adı ilə alınan pul sonradan necə “xidmət haqqı” adlandırıla bilər? Məhsulun çatdırılması ayrıca ödənişli xidmət deyilsə, “xidmət haqqı” adı altında tutulan 100 manatın konkret hansı xidmətə görə alındığı ictimaiyyətə və müştərilərə izah edilməlidir. İstehlakçı qanunvericiliyinə əsasən, alıcının aldığı malın və ya xidmətin qiyməti, əlavə ödənişlər, kredit şərtləri və bütün xərclər barədə əvvəlcədən tam, düzgün və aydın məlumat almaq hüququ var. İstehlakçıya əvvəlcədən bildirilməyən və ya mahiyyəti aydın izah olunmayan əlavə ödənişlərin tutulması ciddi suallar doğurur. Mən “İrşad” şirkətindən tələb edirəm ki, konkret olaraq izah etsin: “depozit” adı ilə alınan 100 manat hansı hüquqi və müqavilə əsasında tutulub, hansı xidmətə görə ödənilib və bu məbləğin geri qaytarılmamasının hüquqi əsası nədir? Əgər bu praktika digər müştərilərə də tətbiq olunursa, məsələ aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmalı, istehlakçıların hüquqlarının pozulub-pozulmadığına hüquqi qiymət verilməlidir. Minlərlə insanın əlavə və mahiyyəti aydın olmayan ödənişlərlə üzləşməsi yolverilməzdir..."
Geri qayıt
|