Əsas Səhifə > Manşet / Cəmiyyət > Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var?

Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var?


Bu gün, 11:59

Son vaxtlar paytaxtın bir çox ərazisində asfaltlama işləri çoxalıb. İlk baxışdan bu, adi və hətta müsbət xəbər kimi səslənir.

Amma məsələnin qəribə tərəfi ondadır ki, bəzi küçələrə asfaltı aidiyyəti dövlət qurumları yox, elə həmin küçələrin sakinləri öz pulları hesabına çəkdirirlər. Sübut üçün Bakı şəhərinin qəsəbələrindən yalnız birinə, Binəyə baxmaq kifayətdir. Söhbət Xəzər rayonu, Binə qəsəbəsinin Südçülük massivində yerləşən Elmir Orucov küçəsindən gedir.

Burada sakinlər küçələrin asfaltlanması üçün özləri pul toplayırlar. Adambaşına 300-500 manatdan yığılır. Məbləğ isə asfaltlanacaq küçənin uzunluğuna və görüləcək işin həcminə görə dəyişir.

Bu barədə Oxu.Az-a sözügedən ərazidə yaşayan əməkdaşımız məlumat verib.

İşin daha düşündürücü tərəfi isə odur ki, illərdir kanalizasiya sistemi olmayan bu ərazinin məhəllə küçələri asfaltlanır. Halbuki asfalt çəkilməzdən əvvəl kanalizasiya və digər zəruri yeraltı kommunikasiya xətləri, eləcə də yağış sularının axıdılması üçün drenaj sistemi qurulmalı idi.

Çünki nə vaxtsa bu sistemlərin çəkilməsi yada düşərsə, indi sakinlərin öz vəsaitləri hesabına çəkdirdikləri asfalt yenidən qazıla və sökülə bilər. Beləliklə, insanlar həm illərdir həll olunmayan infrastruktur probleminin içində yaşayır, həm də heç olmasa küçələrinin palçıqlı vəziyyətdən çıxması üçün cibindən pul xərcləməli olurlar.

Bakının müxtəlif ərazilərində minlərlə belə küçə var. Sakinlər birləşir, pul yığır və yollarına asfalt çəkdirirlər. Biz isə yalnız onlardan birini göstərdik.

Bəs aidiyyəti qurumlar haraya baxırlar? Vətəndaş nə vaxtdan yaşadığı küçənin asfaltını özü çəkdirməli olub? Büdcədən bu məqsəd üçün ayrılan vəsaitlər hara xərclənir?

Qeyd edək ki, məsələ ilə bağlı məsuliyyət daşıyan bütün qurumlara sorğu ünvanlanıb.


Geri qayıt