Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > "İşə düzəlməkdə də ciddi çətinlik çəkir, AMMA..."

"İşə düzəlməkdə də ciddi çətinlik çəkir, AMMA..."


Bu gün, 16:41

Ağdam rayon sakini Fərid Məmmədov hazırda Binəqədi rayonunda yerləşən 9 saylı yataqxanada yaşadığını bildirir. Vətəndaşın sözlərinə görə, o, 2013-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən kabel zavodunda rəsmi olaraq usta vəzifəsinə işə qəbul olunub. "DİA-AZ"ın məlumatına görə, Fərid Məmmədov iddia edir ki, 2023-cü ilin avqust ayında iş zamanı sağ əli pres aparatında ciddi xəsarət alıb və nəticədə əlini tamamilə itirib.

Onun sözlərinə görə, ağır əmək xəsarəti almasına baxmayaraq, çalışdığı müəssisə tərəfindən ona nə maddi, nə də mənəvi dəstək göstərilib. Əksinə, vətəndaş iddia edir ki, müəssisə rəhbərliyi tərəfindən ona dəfələrlə hədə-qorxu gəlinib. Fərid Məmmədov bildirir ki, hazırda cəmi 180 manat müavinət alır.

Sağ əlinin fəaliyyət göstərməməsi səbəbindən işə düzəlməkdə də ciddi çətinlik çəkir. Vətəndaşın sözlərinə görə, məhkəmə qərarı ilə xəsarət aldığı şirkətin rəhbərliyinin ona 10 min manat məbləğində təzminat ödəməsi barədə qərar qəbul edilib. Lakin onun iddiasına görə, şirkət rəhbərlərindən biri olan Nazir Əhmədli həmin məbləğin ödənilməsindən imtina edir.

Fərid Məmmədov qeyd edir ki, qolunun müalicəsi və əməliyyat olunması üçün maddi imkanı yoxdur. Maddi çətinlik səbəbindən müalicəsini davam etdirə bilmədiyini və səhhətinin getdikcə daha da pisləşdiyini bildirir. Vətəndaş kanalımız vasitəsilə aidiyyəti dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasını, hüquqlarının təmin olunmasını və ona dəymiş ziyanın ödənilməsi istiqamətində köməklik göstərilməsini xahiş edir.


Geri qayıt