Əsas Səhifə > Manşet / Sosial > Şərur təhsilində AĞLASIĞMAZ İŞLƏR...

Şərur təhsilində AĞLASIĞMAZ İŞLƏR...


Bu gün, 10:39

Şərur rayonunda buraxılış imtahanında zəif nəticə göstərən 9-cu sinif şagirdlərinin məktəbdən uzaqlaşdırıldığı bildirilir.
Şikayətçilərin sözlərinə görə, əsas məqsəd məktəblərin gələcək qəbul faizini süni şəkildə yüksəltməkdir.
Onlar deyirlər ki, zəif nəticə göstərən şagirdlər sistemdən kənarlaşdırılır ki, sonradan məktəbin məzunları arasında ali məktəbə qəbul göstəricisi daha yüksək görünsün.
Valideynlər bildirirlər ki, direktorlar bunu Təhsil Şöbəsi rəhbərliyinin göstərişi ilə etdiklərini deyir və zəif nəticə göstərən uşaqların təhsillərini davam etdirə bilməyəcəklərini söyləyirlər.
Adının çəkilməsini istəməyən məktəb direktorlarından biri isə bu göstərişin məktəblərə məcburi şəkildə verildiyini iddia edir:
“Sinifdə 20 uşaq varsa, məsələn, 12-si yaxşı oxuyur, 8-i zəifdir. Həmin 8 uşağı 9-cu sinifdən sonra məktəbdən uzaqlaşdırırlar. Sonra məktəbin 12 məzunu qalır, onların da hamısı universitetə qəbul olanda deyirlər ki, məktəb 100 faiz nəticə göstərib. Saxta imic yaratmaq üçün uşaqların gələcəyi ilə oynayırlar. Bizi də məcbur edirlər ki, valideynlərə ‘uşağınız 2 alıb, artıq təhsilini davam etdirə bilməz’ deyək. Halbuki bunun hansı qanuna əsaslandığını izah etməkdə özümüz də aciz qalırıq”.
Şikayətçilərdən H. Kazımov isə bu yanaşmanın uşaqların gələcəyinə ciddi zərər vurduğunu deyir:
“Qanuna görə, ən zəif nəticə göstərən 9-cu sinif şagirdinin belə təhsilini davam etdirmək hüququ var. Təhsil Şöbəsinin etdiyi tam qanunsuzluqdur. Bunlar hələ 15–16 yaşlı uşaqlardır. Məktəb heç olmasa onları müəyyən mühitdə saxlayır, müəllim nəzarətində olurlar. Uşağı zəif oxuyur deyə qapıdan çıxarmaq olmaz. Zəifdirsə, ona kömək etmək lazımdır. Məktəbdən uzaqlaşdırandan sonra uşaq nə edəcək? Küçədə qalacaq, təhsildən soyuyacaq, gələcəyi məhv olacaq. Attestat ala bilməyəcək. Məktəbin işi zəif uşağı qovmaq yox, onun əlindən tutub irəli aparmaqdır”.
"Gündəlik Naxçıvan"

Geri qayıt