Əsas Səhifə > Manşet / Ölkə > Babək Hüseynovun 'vurulmasında' FRANSIZ İZİ...

Babək Hüseynovun 'vurulmasında' FRANSIZ İZİ...


Bu gün, 05:55
Adı son günlər müxtəlif qalmaqallarda hallanan və böyük yeyinti işlərində çəkilən SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun vəzifədən alınması barədə xəbər vermişdik.
"DİA-AZ" bildirir ki, bu barədə ilk məlumatı açıqlayan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əslində SOCAR-dakı sıravı işçilərin əksəriyyətinin ürəyincə olan bu xəbəri aşağıdakı kimi paylaşıb:
"Səhər-səhər aldığım məlumatda deyilir ki, SOCAR vitse prezidenti Babək Hüseynov tutduğu vəzifəsindən azad olunub..."
Qeyd edək ki, bu məlumat hələlik rəsmən təsdiq olunmayıb. Hətta aydın olur ki, məlumat nəinki rəsmən təsdiqini tapmayıb, eyni zamanda Babək Hüseynovun adı SOCAR-ın rəsmi saytında əvvəlki yerində qalmaqda davam edir...


Buna rəğmən "DİA-AZ" olaraq Babək Hüseynovun 'vurulmasında' rol oynaya biləcək bir faktla bağlı məlumat almışıq. Redaksiyamıza daxil olan məlumata görə, bu günlərdə Neft daşları sahəsində qazma gedən platformada qiyməti 3 milyondan çox olan və Fransanın SLB şirkətinə məxsus avadanlıq quyuda qəza baş verməsi səbəbindən quyudan çıxarıla bilinməyib. Yəni qəza olub, nəticədə SLB şirkətinə məxsus bahalı avadanlıq quyuda qalıb. Bundan sonra isə quyu betonla doldurulub və yenidən yan tərəfdən qazıntı işlərinə başlanılıb.


Bu barədə "DİA-AZ"a daxil olan məlumatda deyilir ki, bu hadisəyə görə ilkin olaraq yüngül cəza verildi: 

"Sadəcə olaraq buruq rəisinə və buruq ustasına şiddətli töhmət verildi.Buruq ustasının da yerin dəyişdilər... verdilər quruya. Bax budur "ekonom" dedikləri... Halbuki nə baş mühəndisin, nə də dəniz qazma istehsalat bölümü rəisinin tükü də tərpənmədi..."

Xatırladaq ki, bir müddət əvvəl SOCAR ilə Fransanın SLB şirkəti arasında Xəzər dənizindəki “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsini sürətləndirmək üçün tərəfdaşlıq barədə sənəd imzalanıb.

Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyənləşdirilməsinə, hərtərəfli rezervuar modelləşdirməsinin işlənib hazırlanmasına və bu yataqlarda Erkən Hasilat Sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tuturdu.

Layihə SOCAR-ın neft hasilatını artırmaq və yetkin dəniz aktivlərinin istismar müddətini uzatmaq üzrə uzunmüddətli strategiyasında mühüm rol oynamalı idi. Amma göründüyü kimi, SOCAR-ın İşlənmə və Hasilat Əməliyyatları seqmenti üzrə vitse-prezidenti Babək Hüseynov  SLB şirkətinə məxsus və dəyəri 3 milyon manat olan avadanlığı sadəcə üstünü betonlayaraq məhv edir.

Bu barədə "DİA-AZ"a daxil olan məlumata görə, bundan sonra narazı qalan Fransa tərəfi SOCAR rəhbərliyinə müraciət edərək günahkarların cəza almasını və zərərin dərhal ödənməsini tələb ediblər. Mənbə deyir: "Çox ehtimal Babək Hüseynov bu səbəbdən vəzifəsini itirib..."


Geri qayıt