Əsas Səhifə > Manşet / Hadisə > Qobustanda 376 min manatlıq “sirli” müqavilə...

Qobustanda 376 min manatlıq “sirli” müqavilə...


Bu gün, 12:19

Faktum.az xəbər verir ki, Qobustan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi iri məbləğli növbəti dövlət satınalmasını yekunlaşdırıb. Məlumata görə, dövlət qurumu nəqliyyat vasitələri və texnikalarının dövri texniki xidmətlərinin satın alınması ilə bağlı “Diamond Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1401010791) ilə müqavilə bağlayıb. Bağlanmış müqavilənin ümumi maliyyə dəyəri 376.034 AZN təşkil edir. Sazişə əsasən, xidmətlərin göstərilmə müddəti 21 may 2026-cı ildən 31 dekabr 2026-cı ilədək müəyyən olunub. Satınalmaya dair rəsmi məlumatlar isə 14 avqust 2026-cı il tarixində dərc edilib.

Sözügedən satınalma proseduru böyük maliyyə həcmi və tətbiq olunan üsullarla ciddi mülahizələr və sətiraltı şübhələr doğurur. Faktum.az-ın analitik təhlilinə görə, 376 min manatdan çox — kifayət qədər iri məbləğdə olan bir xidmət alımının açıq tender keçirilmədən, birbaşa “Bir mənbə” metodu ilə həyata keçirilməsi azad rəqabət prinsiplərinə kölgə salır. İkinci və daha mühüm şübhəli məqam isə tarixlər arasındakı kəskin uyğunsuzluqla bağlıdır. Satınalma barədə rəsmi elan 14 avqust tarixində dərc edildiyi halda, xidmətlərin başlama tarixi 21 may kimi göstərilib. Yəni xidmətin göstərilməsinə satınalmanın rəsmiləşdirilməsi və dərc olunmasından təxminən 3 ay öncə başlanılıb. Müqavilənin faktiki işlər görüldükdən aylar sonra “kağız üzərində” rəsmiləşdirilməsi təəssüratı yaradan bu fakt dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq prinsiplərinin pozulması barədə sualları açıq saxlayır.


Geri qayıt