Əsas Səhifə > Manşet / Cəmiyyət > “Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR...
“Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR...Bu gün, 12:35 |
Dəyəri onmilyonlarla ölçülən tenderlərdə qalib görməyə öyrəşdiyimiz “Xezer-Construction”a yenə iriməbləğli iş həvalə olunub. Adəti üzrə yenə də şirkəti qalib edən Bakı Şəhər İcra Hakimiyyəti olub.Bizimyol.info xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xezer-Construction”la bu dəfə 8 milyon 345 min manatlıq satınalama müqaviləsi bağlayıb. Bu müqaviləyə əsasən, şirkət paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri görəcək. Qranit tavalardan döşəmələr salınması, parkın işıqlandırılması, yaşıllaşdırma, ağacların əkilməsi, səkilərin qurulması və s. işlər həyata keçiriləcək. Bakı meriyasının “Xezer-Construction”a 35 milyon manatdan çox dəyəri olan layihə həvalə etməsindən heç bir ay keçməyib. Bizimyol.info bu haqda da məlumat vermişdi. Söhbət Nəsimi rayonu ərazisində - 28 May küçəsindən “Trampın binası”na (“The Ritz-Carlton Baku” oteli) qədər olan 12 hektarlıq ərazidə parkın salınması layihəsindən gedir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki qurum bu parkın salınması məqsədilə dəyəri 35 milyon 229 min 641 min manat olan satınalma müqaviləsini iyul ayında məhz “Xezer-Construction”la imzalamaq qərarı verib. Bakı Şəhər İcra Hakimiyyətinin başqa böyük layihələrində də “Xezer-Construction”ın adı keçir. Şirkət 2025-ci ildə təkcə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir”in 4 tenderinin qalibi olub. Bu tenderlərə görə “Xezer-Construction”a 73 milyon manatdan çox vəsait ödənilib. Tenderlərdə rəqib tanımayan MMC bölgələrdə də layihələr həyata keçirib. Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhərində çoxmənzilli kommunal binaların əsaslı təmiri işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderdə “Xezer-Construction”a üstünlük vermişdi. Maliyyənin müqavilə dəyəri 508 min manat olmuşdu. “Xezer-Construction”ın nizamnamə kapitalı 200 manatdır. 2018-ci ildə qeydiyyata alınan şirkətin qanuni təmsilçisi Rəmzi Bünnətov hesab olunur. Geri qayıt |