Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli

Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli


Bu gün, 16:16

Görünür Azərbaycan QHT sektorunda islahatların da özünəməxsus “Azərbaycan modeli” formalaşıb.

Əvvəllər qrantların deputatların, onların ailə üzvlərinin və yaxın çevrəsinin QHT-lərinə verilməsi barədə məlumatlar səslənirdi. İndi isə mənzərənin dəyişdiyi görünür: deputat QHT-lərinin yerini müxtəlif dövlət qurumlarında çalışan məmurların ailə üzvləri ilə əlaqələndirilən QHT-lər tutur.

Yəni sistem dəyişib

Amma qrantın istiqaməti dəyişməyib: yenə də vətəndaşa yox, bəlli elitayaa yaxın çevrəyə.

Sadəcə “benefisiarların” adı yenilənib.

Bir vaxtlar deputatın QHT-si vardı, indi isə məmurun həyat yoldaşının QHT-si var. Sabah yəqin ki, məmurun baldızının, xalasının, dayısının, qonşusunun QHT-si də “vətəndaş cəmiyyəti”nin xilaskarları sırasına daxil olacaq.

Əsas odur ki, layihənin adı ciddi səslənsin.

Məsələn, “ictimai iştirakçılığın gücləndirilməsi”, “sosial dayanıqlılığın artırılması”, “vətəndaş cəmiyyətinin inkişafı”...

Adı nə qədər möhtəşəm olsa, qrant da bir o qədər “ictimai” görünər.

Amma ortada çox sadə bir sual var:

Niyə dövlət məmurunun ailə üzvünün QHT-si dövlət qrantı almaq üçün digər yüzlərlə QHT-dən daha üstün olmalıdır?

Əlbəttə, məmurun həyat yoldaşı, anası, övladı və ya digər ailə üzvü QHT yarada bilər. Qanun buna imkan verirsə, buna etiraz etmək olmaz.

Problem başqa yerdədir. Problem dövlət vəsaitinin bölüşdürülməsində maraq toqquşmasının olub-olmamasıdır.

Çünki burada söhbət hansısa şəxsin cibindən çıxan puldan getmir. Söhbət büdcə vəsaitindən gedir. Yəni vətəndaşın ödədiyi vergidən.

Şəffaflıq “biz şəffafıq” demək deyil.

Şəffaflıq elə bir sistem qurmaqdır ki, heç kəsin “bunlara niyə qrant verdiniz?” sualını verməyə ehtiyacı qalmasın.

İndi isə vəziyyət tam əksinədir.

Sosial mediada və açıq mənbələrdə müxtəlif yüksək vəzifəli şəxslərin ailə üzvləri ilə əlaqələndirilən QHT-lərin dövlət qrantları aldığı barədə məlumatlar geniş yayılıb. Bu istiqamətdə "Yenixeberorg.com"-a da məlumatlar ötürülməkdədir...Məsələn: Prezidentin köməkçisi Şahmar Mövsümvun anasının, Prezidentin Mətbuat Xidmətinin rəhbəri olmuş Azər Qasımovun həyat yoldaşının və digərlərinin rəhbərlik etdiyi QHT-lər.
Sıravi QHT-lər illərlə ayaqda qalmaq üçün sponsor axtarır, layihə yazır, hesabat hazırlayır, müxtəlif müsabiqələrə müraciət edir. Bəziləri bir neçə min manatlıq layihəyə belə həsrətlə baxır.

Amma məmur ailəsi ilə əlaqələndirilən QHT 2 ay öncə qeydiyyatdan keçib, dərhal QHT-lərə Dövlət Dəstəyi Agentliyindən qrant alır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində Prezident Administrasiyasında çalışan məmurların ailə üzvlərinə məxsus QHT-lərin qrant alması halları az deyil. (Qarşıdakı günlərdə həmin layihələr barədə ətraflı məlumat verəcəyik. Red.)

Amma bizi düşündürən sual odur ki, dövlət büdcəsinə nəzarət edən qurumlar və şəxslər insanların sosial problemlərini həll etmək əvəzinə, uşağını xarici universitetdə oxutduran məmura kömək etmək üçün məmur QHT-lərinə böyük vəsaitlərin ayrılmasına necə göz yumur? QHT-lərə Dövlət Dəstəyi Agentliyi hansı şəffaflıqdan danışır? Hansı islahatdan danışır?

QHT sektorunun əsas məqsədi nədir? Vətəndaşa xidmət.

Əgər vətəndaş cəmiyyətinə ayrılan dövlət vəsaiti getdikcə dövlət aparatında çalışan şəxslərin ailə çevrəsinə yaxınlaşırsa, burada çox ciddi paradoks yaranır.

Adı vətəndaş cəmiyyətidir. Amma qrantın ünvanı məmur ailəsidir.

Buna nə deyək?

Məmur cəmiyyəti?

Bəlkə “ailəvi vətəndaş cəmiyyəti”?

Yaxud daha müasir variant:

“Qohumluq əsaslı QHT sektoru”?

Satira bir yana. Məsələ ciddidir. Çünki QHT sektoru dövlətin köməkçi strukturu deyil.

QHT-lər cəmiyyətin problemlərini dövlətin diqqətinə çatdırmalı, vətəndaşların hüquqlarını müdafiə etməli, sosial boşluqları doldurmalıdır.

Əgər qrant sistemi “kimin kimə yaxın olduğu” barədə suallar doğurursa, bu, yalnız bir neçə təşkilatın problemi deyil.

Bu, bütün sektorun nüfuzuna zərbədir.

Yenixeberorg.com


Geri qayıt