Əsas Səhifə > Manşet / Hadisə > Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır...

Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır...


Bu gün, 10:59

Naxçıvan Perinatal Mərkəzində doğuş edən qadınlardan 500 manat rüvşət alındığı iddia olunur. Bundan əlavə, liftdən hər istifadə üçün 5 manat, küvəzdə saxlanılan körpəni görmək üçün isə 10 manat tələb edildiyi bildirilir.
Bütün bunlar doğuş xərclərinin icbari tibbi sığorta hesabına qarşılandığı halda baş verir. Şikayətçilərin fikrincə, bu, eyni xidmətə görə iki dəfə qazanc əldə edilməsi deməkdir.
Xəstə yaxınlarının “Gündəlik Naxçıvan”a dediklərinə görə, mərkəzdə verilən yeməklərin keyfiyyəti də qənaətbəxş deyil.
Şikayətçilər bildirirlər ki, xəstəyə kənardan yemək gətirmək belə əlavə ödənişsiz mümkün olmur.
Xəstə yaxını X. Zamanova deyir ki, tələb olunan 500 manatı tapıb gətirənədək həkimlər əməliyyatı həyata keçirməkdən imtina ediblər:
“Rüşvət ala bilsinlər deyə, normal doğuş mümkün deyil deyib bütün doğuşları qeysəriyyə əməliyyatı ilə edirlər. Bizim imkanımız yox idi, amma dedilər ki, pul gəlməyincə əməliyyat olmayacaq. Dedik ki, axı sığorta qarşılayır. Cavab verdilər ki, o başqa məsələdir, pulu tap gətir.
Xəstəmizin və körpənin həyatı təhlükədə idi. Məcbur qalıb qızıllarımızı girov qoyduq, sələmə 500 manat götürüb əməliyyatı etdirdik. Bundan sonra başqa dərdlər başladı. Hər addımbaşı pul istəyirlər. Liftə 5 manat, uşağı görməyə 10 manat, yemək keçirməyə 10 manat istəyirlər”.
Digər xəstə yaxını G. Mahmudova isə rüşvət tələbi ilə yanaşı, xəstələrə kobud münasibətdən də şikayətlənir:
“Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır. İcbari tibbi sığorta ilə doğuş həyata keçirildiyi halda, bütün doğuşları qeysəriyyə əməliyyatı ilə aparırlar. Xəstənin vəziyyətinə uyğun 300–500 manat pul tələb edilir. Bizdən də 400 manat aldılar. Bununla da iş bitmir.
Bəzi tibb bacılarının xəstələrlə davranışı çox kobuddur. Lazım oldu-olmadı xəstələrin çantalarını yoxlayır, yaxınlarının gətirdiyi ərzaqlara müdaxilə edirlər. Hər növbəyə gələnə, xadiməyə, tibb bacısına, həkimə ‘hörmət’ etməlisən. Hərəsinin öz qiyməti var. Pul verməyəndə xəstə ilə sərt davranır, incidirlər.
Yeməklər də bərbad vəziyyətdədir. Səhər elə yumurta verirlər ki, sanki günlərlə qalıb, iy verir. Günorta yeməkləri də keyfiyyətsizdir”.
Şikayətçilər aidiyyəti qurumlardan məsələyə müdaxilə edilməsini, qeyri-rəsmi ödəniş iddialarının araşdırılmasını və qanunsuzluqların qarşısının alınmasını tələb edirlər.
Xatırladaq ki, ötən il Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində aparılan yoxlamalar zamanı ciddi nöqsanlar, səhlənkarlıq və rüşvət halları aşkarlandığı bildirilmişdi. Bununla bağlı cinayət işi açılmış, bir nəfər həbs edilmiş və mərkəzin rəhbərliyi dəyişdirilmişdi.

Geri qayıt