Əsas Səhifə > Manşet / Cəmiyyət > "Pul qazanmaq üçün şeytanın da ağlına gəlməyənləri edirlər..."

"Pul qazanmaq üçün şeytanın da ağlına gəlməyənləri edirlər..."


Bu gün, 11:17

Naxçıvanda monopolistlərlə əlbir olan məmurların mənzillərə verilən suya qəsdən normadan artıq xlor qatdırdığı iddia olunur. Sakinlərin fikrincə, məqsəd içməli su problemi yaradaraq əhalini marketlərdə satılan qablaşdırılmış su almağa məcbur etmək və bu sahədə fəaliyyət göstərən monopolistlərə qazanc təmin etməkdir.
Onlar bildirirlər ki, artıq üç gündür suyun kəskin iyi və dadı səbəbindən insanlar marketlərə axışaraq qablaşdırılmış su almağa məcbur olurlar.
Mikrorayon ərazisində yaşayan Ş. Həsənova deyir ki, mənzilə verilən su istifadəyə yararsız olduğundan ailəsi hər gün marketdən 10–15 manatlıq qablaşdırılmış su almağa məcbur qalır:
“Pul qazanmaq üçün şeytanın da ağlına gəlməyənləri edirlər. Əvvəllər də suyun çirkləndirilməsindən şikayət etmişik, amma bu dəfə vəziyyət daha ağırdır. Kranı açanda kəskin xlor qoxusundan dayanmaq olmur. Məncə, xlor normadan dəfələrlə artıq qatılıb.
Bunlar üçün maraqlı deyil ki, kimsə məcbur olub bu sudan içər, zəhərlənər. Öz qazancları üçün bizi zəhərləməkdən belə çəkinmirlər.
Camaat məcbur olub marketdən su alır. Biz böyük ailəyik, gündə ən azı 10–15 manat suya verməli oluruq. Onsuz da aşağı maaşla dolana bilmirdik, indi bu xərc də üstünə gəlib”.
Digər şəhər sakini M. Qurbanov isə problemlə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, lakin indiyədək tədbir görülmədiyini deyir:
“Suyu qoxudan aça bilmirik. Xlor iyi o qədər kəskindir ki, elə bil Domestos qoxusudur. Artıq üç gündür krandan gələn suyun yaxınlığından belə keçə bilmirik. Əvvəl elə bildik problem yalnız bizim evdədir, sonra gördük ki, şəhərin hər yerində eyni vəziyyətdir.
Suyun həm iyi, həm də dadı dəyişib. Məcbur olub marketdən su alırıq, onun da qiyməti bahadır.
Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etsək də, baxan yoxdur. Biz hesab edirik ki, bunun arxasında qablaşdırılmış su satışından qazanc götürən monopolistlərlə maraq əlaqələri dayanır”.
"Gündəlik Naxçıvan"

Geri qayıt