Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!.

Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!.


Bu gün, 11:49

Kəlbəcər rayonunun Ağdaban kəndindən olan keçmiş məcburi köçkün Sadiq Məmmədov ailəsilə birlikdə Xankəndi şəhərində məskunlaşıb, əlindən gəldiyi işlə - telefon təmirilə məşğul olmaq istəyir. Bu məqsədlə bir ildən çoxdur aidiyyəti dövlət orqanlarına dəfələrlə müraciət edib. Lakin ötən ilin martından başlayan bu müraciətlər hələ də müsbət həllini tapmayıb.

Bizimyol.info xəbər verir ki, 1978-ci il təvəllüdlü Sadiq Məmmədov və ailəsi onillərdir Gəncədəki yataqxanada yaşayır.

O, Xankəndidə telefon təmiri ilə məşğul olmaq üçün ona yer ayrılması məqsədilə əvvəl Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə müraciət edib. Bu qurumla problemlər yaşayandan sonra isə kömək üçün Ombudsman Aparatı və başqa dövlət orqanlarına üz tutub.

“Mənə Xankəndi şəhərində telefon təmiri xidməti göstərmək üçün obyekt ayrılıb. Bununla bağlı müqavilə bağlanıb. 19 mart 2026-cı ildən etibarən həmin obyektin icarə haqqını müntəzəm ödəyirəm. Məqsədim Xankəndidə qanuni sahibkarkıq fəaliyyəti göstərmək, Ailəmlə birlikdə bu şəhərə köçüb, orada daimi yaşamaqdır. Amma mənə təklif olunan ev tamamilə yaşamağa yararsızdır”, - deyə Sadiq Məmmədov bildirib.

Onun sözlərinə görə, iki dəfə iki dəfə ev təklif olunsa da, hər ikisi yaşamaq üçün tamamilə yararsız olub: “Birinci dəfə yararsız bir evi göstərdilər, qəbul eləmədim. İkinci dəfə də oxşar vəziyyətdə olan başqa bir evi veriblər. Məskunlaşma şöbəsindən Təmkin müəllim deyir ki, “bu evi götürəcəksiniz, cəmi 3-5 min manat xərc çəkilməlidir bu evə”. Bundan sonra da 2 ay vaxt verilir təmirinə. Birincisi, 3-5 min manatlıq deyil, çox xərc tələb olunur oranı düzəltməyə. İkincisi, təsəvvür edin, bərbad vəziyyətdə olan evin təmirini də mən eləyirəm. Təmirdən sonra hər kvadrat metrə görə hesablayıb icarə haqqı istəyirlər. Orada çox xərc tələb olunur. Xankəndidə normal evlər var. Niyə vermirlər? Mənim kimi sahibkarlarla niyə belə davranırlar?”

Sadiq Məmmədov həm də üz tutduğu dövlət qurumlarının onun müraciətlərinə laqeyd yanaşmasından gileylənir. O, bildirir ki, yalnız Ombudsman Aparatından cavab alıb. Ombudsman Aparatından göndərilən cavab məktubunda isə bildirilib ki, onun şikayəti əsasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinə müraciət olunub.

Nümayəndəlikdən cavab gəlib ki, Sadiq Məmmədov ərizə ilə müraciət edərək, müvəqqəti yaşamaq üçün Xankəndi şəhərində yaşayış sahəsi ayrılmasını istəyib. Ona bir neçə mənzil təklif olunsa da, imtina edib.

“Hazırda Xankəndi şəhərində müvəqqəti istifadəyə verilən boş mənzillər SSRİ dövründə tikilmiş binalarda yerləşdiyi üçün mənzillərin təmiri qənaətbəxş deyil. Yaxın gələcəkdə qeyd edilən mənizllərin mərhələli şəkildə təmiri nəzərdə tutulub. Odur ki, mənzillər təmir olunduqdan sonra münasib mənzillə təmin olunma məsələnizə yenidən baxıla bilər”, - deyə Sadiq Məmmədova gələn cavab məktubunda yazılıb.


Geri qayıt