Əsas Səhifə > Manşet / Hadisə > Naxçıvanda məmurlar iş vaxtı QUMAR OYNAYIRLAR...
Naxçıvanda məmurlar iş vaxtı QUMAR OYNAYIRLAR...Bu gün, 10:44 |
|
Naxçıvanda bəzi məmurların iş vaxtında çayxanada qumar oynadıqları bildirilir. Həmin vaxt qəbul üçün idarəyə gələn vətəndaşlar isə onları saatlarla gözləməli olurlar.
Şikayətçilərin sözlərinə görə, iş vaxtını çayxanada keçirərək vətəndaşları qəbulda gözlədənlər əsasən Babək Rayon İcra Hakimiyyətinin əməkdaşlarıdır.
Babək rayon sakini B. Quliyev deyir ki, hüquq şöbəsinin müdirini idarədə tapa bilmədiyi üçün onu sonradan çayxanada axtarıb:
“Torpağımı qanunsuz zəbt ediblər. Bununla bağlı hüquq şöbəsinin müdirinin qəbuluna gəlmişdim. Saatlarla gözlədim, sonra dedilər ki, yerində yoxdur. Sonradan öyrəndim ki, iş vaxtı Fədi əminin çayxanasında domino oynayır.
Ora gedəndə gördüm ki, icra hakimiyyətinin digər əməkdaşları ilə birlikdə rəsmi geyimdə dörd nəfərlik domino oynayırlar. Dedim ki, təcili sizinlə görüşməliyəm. Mənə dedi ki, uduzmuşam, oynayıb pulumu çıxarmalıyam, sabah idarəyə gələrsən.
Sonradan öyrəndim ki, hər oyun 20 manatadır, uduzan qalibə 20 manat ödəyir. Ertəsi gün yenidən idarəyə getdim, amma onu yenə tapa bilmədim. Çayxanaya gedəndə gördüm ki, yenə domino oynayır”.
Digər şikayətçi isə ağır sosial vəziyyətinə görə məsləhətçinin qəbuluna gəldiyini, lakin onu idarədə tapa bilmədiyini deyir:
“Özüm ikinci qrup əliləm. Aldığım pensiya heç dərmanlarıma çatmır. Beş nəfərlik ailəni dolandıra bilmirəm. Ağır sosial vəziyyətimizlə bağlı müraciət etmək, iş tapmaq və ya maddi yardım almaq üçün başçının məsləhətçisinin qəbuluna gəlmişdim. İdarədə tapa bilmədim, sonra dedilər ki, çayxanadadır.
Getdim, gördüm domino oynayır. Dedim ki, qəbulunuza gəlmişəm, heç üzümə də baxmadı. Bu necə ola bilər ki, dövlət məmuru vətəndaşları qəbulda gözlədir, özü isə iş vaxtında qumar oynayır?”
Vətəndaşlar aidiyyəti qurumlara müraciət edərək, məmurların iş vaxtında çayxanada qumar oynaması ilə bağlı araşdırma aparılmasını və qəbul üçün gələn şəxslərə qarşı laqeyd münasibət göstərən əməkdaşların məsuliyyətə cəlb olunmasını tələb edirlər.
"Gündəlik Naxçıvan"
Geri qayıt |