Əsas Səhifə > Manşet / Siyasət > Əmrullayev Qızlar Universitetinə NİYƏ QIYDI?
Əmrullayev Qızlar Universitetinə NİYƏ QIYDI?Bu gün, 07:25 |
"Son günlər mətbuatda Bakı Qızlar Universitetinin (BQU) bağlanması ilə bağlı xeyli xəbər dərc olunurdu. Dünən bu “qara xəbər” mətbuatda səsləndi. Universitetin bağlanmasına səbəb kimi onun akkreditasiyada keçmədiyi bildirilir..." "DİA-AZ" xəbər verir ki, bunu sözügedən olaya reaksiyasında tanınmış təhsil işçisi Həbib Zərbəliyev qeyd edib.O daha sonra fikrini belə davam etdirir: "“Təhsil müəssisələrininin akkreditasiyası qaydaları”nı 2010-cu ilin fevralında Təhsil Nazirliyində Akkreditasiya şöbəsi yaradıldıqdan sonra bu şöbəyə təyin olunmuş müdir kimi mən və Şöbənin bütün əmək fəaliyyəti təhsil ilə bağlı olmuş əməkdaşı Zakir Məmmədov birlikdə hazırladıq. “Qayadalar”ın hazırlanması prosesində biz dünya təcrübəsini öyrənmişdik. Həmin ilin 28 sentyabrında Nazirlər Kabineti bu qaydaları təsdiq etdi.
BQU-nun akkreditasiyadan keçmədiyi barədə fikir bildirməzdən əvvəl oxuculara məsələnin mahiyyətini daha aydın başa düşmələri üçün “Təhsil müəssisələrininin akkreditasiyası qaydaları”nın bəzi bəndlərini təqdim edirəm:
1.3. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.
3.8. Təhsil müəssisələrinin akkreditasiyası hər 5 (beş) ildən bir keçirilir. Akkreditasiya qüvvədə olan şəhadətnamələrin etibarlı olduğu sonuncu ildə təşkil edilir. Akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının növbəti tədris ilindən başlayaraq 5 (beş) il müddətə uzadılması üçün hüquqi təminat yaradır.
4.16.1. Akkreditasiya meyarları üçün maksimum bal ölçüsü hər bir meyar üzrə indikatorların sayından və hər bir indikator üzrə müəyyən edilən maksimum baldan asılı olaraq hesablanır.
4.17. Təhsil müəssisəsi və ya təhsil proqramı üçün maksimum bal ölçüsü Akkreditasiya meyarları üzrə hesablanmış maksimum balların toplanmasından ibarətdir. Təhsil müəssisəsi və ya təhsil proqramı üçün müəyyən olunmuş maksimum bal ölçüsünün akkreditasiya zamanı toplanılan bal üzrə qiymətləndirilməsi aşağıdakı qaydada müəyyənləşdirilir:
4.17.1. maksimum balın 85-100 faizi - “uyğundur”;
4.17.2. maksimum balın 70-84 faizi - “əsasən uyğundur”;
4.17.3. maksimum balın 55-69 faizi - “qismən uyğundur”;
4.17.4. maksimum balın 54 və daha aşağı faizi - “uyğun deyil”.
4.30.2. Təhsil müəssisəsi və ya təhsil proqramı ilk dəfə keçirilən akkreditasiya qiymətləndirilməsinin nəticəsində “qismən uyğundur” hesab edildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faiz və ya yuxarı olması şərtilə), təhsil müəssisəsinə akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə vaxt verməklə təhsil müəssisəsini və ya təhsil proqramını 2 (iki) ildən sonra təkrar akkreditasiya etmək;
4.30.3. əvvəlki dövrdə akkreditasiyadan keçmiş təhsil müəssisəsi və ya təhsil proqramı akkreditasiya qiymətləndirilməsinin nəticəsində “qismən uyğundur” hesab edildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faiz və ya yuxarı olması şərtilə), qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 (iki) il üçün uzatmaqla təhsil müəssisəsini və ya təhsil proqramını 2 (iki) ildən sonra təkrar akkreditasiya etmək;
4.30.4. təkrar akkreditasiya nəticəsində təhsil müəssisəsinin və ya təhsil proqramının bu Qaydaların 4.30.1-ci yarımbəndində göstərilən tələblərə cavab vermədiyi müəyyən edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya olunmuş hesab etməmək;
4.30.5. təhsil müəssisəsi və ya təhsil proqramı “qismən uyğundur” (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faizdən aşağı olması şərtilə) və ya “uyğun deyil” qiymətləndirildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya olunmuş hesab etməmək.
4.31. Akkreditasiya Şurası təhsil müəssisəsinin və ya təhsil proqramlarının akkreditasiyası barədə qərar qəbul etdikdə, Agentlik bu qərar əsasında təhsil müəssisəsinin və ya təhsil proqramının akkreditasiyası barədə əmr verir. Həmin əmrlə təhsil müəssisəsinin statusu (tipi, növü) və hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddi müəyyənləşdirilir, onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddi göstərilməklə akkreditasiyadan keçib-keçməməsi göstərilir və təhsil müəssisəsinə növbəti tədris ilindən başlayaraq 5 (beş) il müddətinə qüvvədə olan (həmin illər qeyd edilməklə) akkreditasiya şəhadətnaməsi verilir.
Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar:
1. Müəssisənin fəaliyyətinin normativ-hüquqi təminatı
2. Müəssisənin idarə olunması
3. Müəssisədə təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu
4. Müəssisədə tədris prosesinin təşkili
5. Müəssisədə təhsil proqramları üzrə hazırlığın keyfiyyəti
6. Müəssisədə kadr təminatı
7. Müəssisənin elmi-tədqiqat fəaliyyəti
8. Müəssisənin beynəlxalq əməkdaşlığı
9. Müəssisənin maddi-texniki bazası
10. Müəssisənin sosial-məişət şəraiti
11. Müəssisənin maliyyə təminatı
BQU-nun akkreditasiyasını biz 2012-ci ildə keçirtdik. Təhsil Nazirliyinin Akkreditasiya şurası Akkreditasiya komissiyasının hesabatı əsasında BQU-nun fəaliyyətini müzakirə edərək 61 balla qiymətləndirdi və çatışmazlıqların aradan qaldırılması üçün ona müvafiq tövsiyələr verdi. Əlbəttə, o dövrdə BQU hələ nisbətən yeni idi və onun belə aşağı balla qiymətləndirilməsini təbii hesab etmək olar.
Həmin vaxtdan keçən dövr ərzində BQU daha iki dəfə akkreditasiyadan keçməli idi və yəqin ki, keçmişdir. O halda ortaya belə bir sual çıxır: həmin iki akkreditasiya nəticəsində BQU-nun fəaliyyəti necə qiymətləndirilmişdir? O, fəaliyyətini bu günə qədər davam etdirmişdirsə, deməli, nəticələr müsbət olmuşdur. İndi bütün bunlardan sonra BQU-nun fəaliyyətinin standartlara uyğunsuz kimi qiymətləndirilməsi anlaşılmaz görünür. Halbuki bu universitetdə verilən təhsil bir sıra dövlət universitetlərininkindən belə, daha keyfiyyətlidir.
Digər tərəfdən, BQU-nun fəaliyyəti dərhal dayandırılması da anlaşılmazdır. Uyğunsuzluğun aradan qaldırılması üçün,”Qaydalar”da göstərildiyi kimi, ona təkrar akkreditasiya üçün vaxt verilməlidir. Həmin vaxt ərzində yalnız akkreditasiyadan keçməyən ixtisaslar (proqramlar) üzrə tələbə qəbulu aparıla bilməz. Digər ixtisaslara qəbul müvafiq qaydada aparılır.
Bütün bunlar BQU-nun fəaliyyətinin onun həqiqiətən akkreditasiyadan keçməməsi səbəbindən tamamilə dayandırılmasına əsaslı şübhələr yaradır. Akkreditasiyadan Azərbaycan Dillər Universiteti də keçmədi, amma ona qarşı belə tədbir görülmədi. Görünür, BQU-ya gedən yolda maneəli kəsişmələr vardır..."
Geri qayıt |