Əsas Səhifə > Manşet / Gündəm > "Araşdırma niyə bu qədər uzandı?"

"Araşdırma niyə bu qədər uzandı?"


Bu gün, 07:17
"Mən Mikayılov Azər 2025-ci ilin dekabr ayında Quyuların Əsaslı Yeraltı Təmiri sexinin rəisi Əskərov Niyazın fəaliyyəti ilə bağlı şirkətə rəsmi müraciət edərək, təqdim etdiyim fakt və materiallar əsasında xidməti araşdırma aparılmasını xahiş etmişdim..." "DİA-AZ" xəbər verir ki, bunu SOCAR rəhbərliyinə ünvanlanmış etiraz dolu müraciətində sözügedən qurumun işçisi Azər Mikayılov qeyd edib.
Müraciətdə daha sonra deyilir: "Lakin müraciətimdən uzun müddət keçməsinə baxmayaraq, ictimaiyyətə məlum olan hər hansı nəticə və ya görülmüş tədbir barədə məlumat verilməmişdir. Bu vəziyyət məndə əsaslı şübhə yaradır ki, araşdırmanın uzadılması nəticəsində məsul şəxslərə sübutları aradan qaldırmaq və ya vəziyyəti öz xeyirlərinə dəyişmək imkanı yaranmış ola bilər.
Mənə məlum olan məlumata görə, son aylarda əvvəllər müəssisəyə məxsus olduğu iddia edilən bəzi texniki avadanlıqlar sonradan yenidən yerinə qaytarılıb və "heç bir oğurluq olmayıb, sadəcə əşyaların yeri səhv düşüb" məzmununda izahat verilib. Bu iddianın doğru olub-olmamasının obyektiv araşdırılması vacibdir.
Bu məsələdə cavab gözləyən suallar var:
Əgər hər şey yerində idisə, araşdırma niyə bu qədər uzandı?
Altı ay ərzində vəziyyətin dəyişməsinə kim şərait yaratdı?
Müraciətim üzrə vaxtında və qərəzsiz araşdırma niyə aparılmadı?
Daxili audit və digər nəzarət mexanizmləri bu müddətdə hansı tədbirləri həyata keçirib?
Hesab edirəm ki, hər bir müraciət qanunvericiliyin tələblərinə uyğun, operativ və qərəzsiz araşdırılmalıdır. Bu baxımdan diqqətə çatdırıram ki, Azərbaycan Respublikasının "Vətəndaşların müraciətləri haqqında" Qanununun 7-ci, 10-cu və 12-ci maddələrinə əsasən müraciətlər obyektiv araşdırılmalı və əsaslandırılmış cavab verilməlidir. Eyni zamanda, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun tələblərinə uyğun olaraq korrupsiya riskləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ciddi şəkildə yoxlanılmalıdır.
Mən şirkət rəhbərliyindən xahiş edirəm ki, təqdim etdiyim materiallar yenidən, müstəqil və qərəzsiz komissiya tərəfindən araşdırılsın, araşdırmanın nəticələri barədə mənə rəsmi məlumat verilsin və qanun pozuntusu müəyyən edilərsə, məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülsün.
Məqsədim heç kəsi əsassız ittiham etmək deyil. Məqsədim şirkətdə şəffaflığın, qanunçuluğun və dövlət əmlakının qorunmasının təmin edilməsidir..."

Geri qayıt