Əsas Səhifə > Manşet / Ölkə > BU NƏDİ BELƏ: Mənə kart lazım deyil...

BU NƏDİ BELƏ: Mənə kart lazım deyil...


Dünən, 08:43
"Artıq 14 gündür ki, Leo Bank-da yaşadığım problem həll olunmur..." "DİA-AZ" xəbər verir ki bunu özünün sosial şəbəkə hesabında Elmir Hüseynzadə adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Kart hesabımla bağlı yaranmış problem tamamilə bankın məsuliyyətindən irəli gəlir. Kartım üzrə çıxarışa baxdıqda vəsait hesabda görünür, lakin faktiki balansda həmin vəsait mövcud deyil və istifadə etmək mümkün olmur. Yəni hesabımdakı vəsaitin harada olduğu məlum deyil. Üstəlik, çıxarışda həmin vəsaitin hansı əməliyyat nəticəsində silindiyi və ya hara köçürüldüyü barədə heç bir məlumat da əks olunmur.
Problemi aşkar etdiyim anda dərhal Leo Bank-a müraciət etdim ki, məsələ araşdırılıb aradan qaldırılsın. Lakin problemin həlli əvəzinə kartım bloklandı və artıq 14 gündür mənə yalnız "gözləyin" cavabı verilir.
Bu müddət ərzində dəfələrlə müştəri xidmətinə müraciət etmişəm. Adıma sorğular yaradılıb, lakin sonradan ləğv edilib. Səbəbini soruşduqda isə "səhvən ləğv olunub" cavabı verilib. Filiala müraciət etmək istədikdə isə bildirilib ki, "filiala getsəniz də heç bir nəticə olmayacaq, sizə yenə gözləməyi deyəcəklər."
Mənə kart lazım deyil. Mən yalnız öz vəsaitimin harada olduğuna dair rəsmi izahatın verilməsini və vəsaitimin tam şəkildə geri qaytarılmasını tələb edirəm. Müştərinin öz vəsaitinə 14 gün ərzində çıxışının olmaması, problemin səbəbi barədə konkret məlumat verilməməsi və yalnız "gözləyin" cavabı ilə kifayətlənilməsi qəbuledilməzdir.
Bu məsələ ilə bağlı artıq Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi şikayət etmişəm.
Bu paylaşımı Leo Bankın yol verdiyi ciddi nöqsanlara, məsuliyyətsiz yanaşmasına və müştəri hüquqlarına etinasız münasibətinə görə edirəm. Ümid edirəm ki, bank rəhbərliyi bu məsələni təxirə salmadan araşdıracaq, məsul şəxslər barədə tədbir görəcək və vəsaitimi dərhal geri qaytaracaq..."

Geri qayıt