Əsas Səhifə > Manşet / Sosial > Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!”

Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!”


Bu gün, 08:03

Məlum olduğu kimi, Ceyhun Cəlilovun idarəçiliyinə etiraz olaraq Səlahiyyətli Nümayəndəlikdə çalışan üç əməkdaşın eyni vaxtda istefa verdiyi bildirilir.
“DİA-AZ” xatırladır ki, istefa verən əməkdaşlar Pənah Mehdiyev, Qoşqar Kamilli və Tural Murtuzəliyevdir. Onlar ərizələrində iş şərtlərinə etiraz olaraq istefa verdiklərini qeyd ediblər. Bununla yanaşı, istefaların arxasında Ceyhun Cəlilovun Ali Məclisdəki rəqiblərinin dayandığı da iddia olunur.
Bu barədə danışan mənbənin sözlərinə görə, əməkdaşlar əvvəlcədən razılaşaraq istefa ərizələrini eyni vaxtda təqdim ediblər:
“Prezidentin son sərəncamına əsasən, nümayəndəlik əməkdaşlarının sosial təminatı gücləndirilməli, iş təminatı artırılmalı idi. Ceyhun Cəlilov isə bunun əksini edir.
Əməkdaşların uzunmüddətli müqavilələri olduğu halda, onlara bu müqavilələrdən imtina edib üçaylıq müqavilə ilə işləmələri üçün təzyiq göstərir. Bu da narazılığa səbəb olub. Üçü də sözü bir yerə qoyaraq etiraz əlaməti olaraq istefa verib”.
Mənbənin sözlərinə görə, hadisə təkcə əmək müqaviləsi ilə bağlı narazılıq deyil, həm də Ceyhun Cəlilovun idarəçilik üsuluna qarşı kollektiv etirazdır.
“Ceyhun Cəlilov özü də hesab edir ki, bu istefaların arxasında Ali Məclisdəki rəqibləri dayanır”.
"DİA-AZ" xəbər verir ki, artıq bu qalmaqallı olaya Naxçıvandan rəsmi hesab oluna biləcək ilk reaksiya gəlib. Bu barədə özünün sərt mövqeyini Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, keçmiş deputat Anar İbrahimov açıqlayıb. "DİA-AZ" olaraq həmin açıqlamanı olduğu kimi təqdim edirik: 

"Bu mövzuda yazmaq istəməzdim, amma bəzən susmaq da olmur. İndiki dövrdə heç kimin işini itirməsini, çörəksiz qalmasını arzulamaram. Lakin dövlətçiliklə hansısa fərdlərin maraqları arasında seçim etmək məqamı gələndə, hər bir normal və vicdanlı vətəndaş dövlətin yanında olmalıdır.
​Naxçıvandakı nümayəndəliyin əməkdaşlarının işdən uzaqlaşdırılması xəbərini elə təqdim edirlər ki, sanki hərəsi öz sahəsində bir Nobel mükafatı alıb, fantastik nəticələr əldə edib, qurub-yaradıb... Sadəcə biz – Naxçıvan camaatı o qədər kor-koranə yaşamışıq ki, bu "dahilərin" qədrini bilməmişik, fərqinə varmamışıq.
​Birincisi, bunları ordan-burdan yığıb Naxçıvana gətirən keçmiş nümayəndə haqqında cənab Prezident öz sözünü qəti şəkildə deyib. Kimə çatmayıbsa, buyurub həmin müsahibəyə bir daha baxsın. Hələ media və kuluarlarda dolaşan cinayət işlərini, digər ciddi məsələləri demirəm.
​İkincisi, bu "kadrların" seçimi də başından problemli idi. Onların Naxçıvana göndərilməsində dövlətçilik və meritokratik prinsiplər deyil, "Şölə xanımın" şəxsi siyahısı rol oynamışdı. Maraqlananlar gedib o xanımdan soruşsunlar ki, görək bu kadrları hansı meyar və göstəricilərə görə seçib bura doldurmuşdu?
​Naxçıvan qədim diyardır, çox sınaqlardan keçib, amma bu qədər traqikomik idarəetmə təcrübəsi görməmişdi. Bunları demək çətindir, amma susmaq da günahdır.
​Yaxşı xatırlayıram, Ali Məclisə qısa müddət rəhbərlik etdiyim dövrdə bir gün foyedə, Ulu Öndərin büstünün qarşısında yay şortunda və şapşaplarla gəzən birini gördüm. Saxlayıb soruşdum ki, bu nə rəzalətdir, bu nə görkəmdir?! Bura dövlət idarəsidir, parlamentdir! Hər şeyi bir kənara qoyaq, bu binada Heydər Əliyev işləyib, Naxçıvanı qoruyub, camaat buranı özünə ümid yeri bilib.
​Məlum oldu ki, həmin şəxs Səlahiyyətli Nümayəndəliyin əməkdaşıdır. Amma bu sözlər onun üçün tamamilə boş və mənasız görünürdü. Zatən bunu dərk etsəydi, həmin licimdə dövlət binasına ayaq qoymazdı.
​Dövlətdə işləmək, insanlarla təmasda olmaq üçün gərək müəyyən bir məktəb keçəsən, yol gələsən. Ən əsası, işlədiyin yeri, yurdu özünə müvəqqəti qazanc və əyləncə yeri yox, Vətən biləsən!
​Ceyhun müəllimin işi isə həqiqətən çox ağırdır. O da Naxçıvanda həmin "dahilərlə" birgə işlədiyi üçün vəziyyəti daxildən yaxşı bilir. Amma nəyin bahasına olursa-olsun, kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!
​Kökü xarab olan, quruyan ağacı budamazlar – bunun heç bir xeyri yoxdur, bütün budaqları onsuz da eyni gündədir. Belə ağacı ən yaxşısı elə dibindən kəsib atmaqdır..."


Geri qayıt