Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Müştəridən “Kontakt Home”a ETİRAZ

Müştəridən “Kontakt Home”a ETİRAZ


Bu gün, 12:20

“Kontakt Home” mağazalar şəbəkəsindən alınan daha bir məhsulun yararsız olduğu məlum olub.

Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkədə vətəndaş Ülfət Talıbova yazıb. O, “Kontakt Home” mağazalar şəbəkəsindən aldığı məhsulla bağlı narazılığını sosial şəbəkədə ictimailəşdirib.
Bildirib ki, təxminən bir il əvvəl “Beko” markalı fritoz alıb. Məhsulun 2 illik “Qızıl sığorta” və 1 illik standart zəmanəti olduğunu qeyd edən vətəndaşın sözlərinə görə, iki ay əvvəl fritozun qazanında problem yarandığı üçün Reset Servis Mərkəzinə müraciət edib.
Şikayətçinin iddiasına əsasən, mayın 16-da rəsmi sənədləşmə aparılıb və ehtiyat hissəsinin Türkiyədən sifariş edildiyi bildirilib. Ona, Türkiyədə bayram günlərinin olacağı nəzərə alınaraq, məhsulun ən geci bir ay ərzində təhvil veriləcəyi vəd edilib.
Lakin Ülfət Talıbova bildirir ki, artıq iki ay keçməsinə baxmayaraq, sifariş edilən ehtiyat hissəsi hələ də ona təqdim olunmayıb. O, dəfələrlə Reset Servisə müraciət etsə də, problemin həll olunmadığını deyib.
Vətəndaş paylaşımında “Kontakt Home”a da müraciət edərək, məhsulu həmin mağazadan aldığını və “Qızıl sığorta” üçün əlavə ödəniş etdiyini xatırladıb. O, kredit ödənişlərində gecikməyə görə müştərilərdən cərimə tutulduğunu vurğulayaraq, eyni həssaslığın müştəri hüquqlarının qorunmasına da göstərilməli olduğunu bildirib.
Şikayətçi sonda “Kontakt Home”dan fritozun ehtiyat hissəsinin nə vaxt təqdim ediləcəyinə dair açıqlama verməsini tələb edib.
Qeyd edək ki, bu iddialar vətəndaşın sosial şəbəkə paylaşımına əsaslanır. Qarşı tərəfin mövqeyi məlum deyil.
Xatırladaq ki, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Tribuna.az-a açıqlaması zamanı bildirmişdi ki, ölkədə ən çox şikayət olunan elektronik ev əşyaları satan mağaza “Kontakt Home”dur. İB sədrinin sözlərinə görə, alıcılara “Kontakt Home”da yararsız məhsullar satılı, müştərilər endirim adı ilə aldadılır və məhkəmələrdə incidilir.


Geri qayıt