Əsas Səhifə > Manşet / Cəmiyyət > Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR?

Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR?


Bu gün, 11:55

"Naxçıvan Səlahiyyətli Nümayəndəliyindən ayrılan bir neçə əməkdaş öz sahəsində təcrübəli və peşəkar kadrlar idi. Lakin elə bir mühit yaradıldı ki, onlar işlərindən ayrılmağa məcbur oldular. Halbuki Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biri peşəkar kadrların qorunması və vətəndaş məmnuniyyətinin təmin edilməsidir. Təəssüf ki, Naxçıvanda "kadr islahatı" adı altında peşəkar kadrların itirilməsi ciddi narahatlıq doğurur..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sara Əzimova qeyd edib.
Jurnalist daha sonra fikrini belə davam etdirir: "Bu gün Naxçıvanda müşahidə olunan əsas problemlərdən biri, heç şübhəsiz, “kadr islahatları” adı altında həyata keçirilən qəribə eksperimentlər və işsizlikdir. Artıq vəziyyət elə həddə çatıb ki, insanlar iqtisadi və sosial çətinliklərdən daha çox, qohum-əqrəbanın, dost-tanışın “uğurlu karyera sıçrayışlarını” müzakirə edirlər. Belə görünür ki, təcrübə, peşəkarlıq və bacarıq köhnə dəbdə qalıb, əsas meyar isə “kiminsə adamı”, daha doğrusu “birincinin” adamı olmaqdır.
Ən maraqlısı isə budur ki, bu gün Naxçıvanda dövlət qurumlarında 1000-dən artıq vakansiya mövcuddur. Vakansiyalar var, işsizlər var, amma işə qəbul yoxdur. Çünki bu yerlər, deyəsən, hələ “birincilərin” ətrafında boş-boş gəzən “xüsusi təyinatlı xilaskarlarını” gözləyir.
Açıq deməliyəm ki, Naxçıvanda Prezident İlham Əliyevin həyata keçirdiyi vətəndaş məmnuniyyəti siyasətinə zidd, üzdə görünməyən, lakin cəmiyyətdə narazılıq yaradan addımlar atılır. Belə yanaşmalar insanların dövlətə inamına mənfi təsir göstərir və Prezidentin müəyyən etdiyi siyasi kursun mahiyyətinə uyğun deyil.
Ümid edirəm ki, bu məsələləri olduğu kimi ölkə rəhbərliyinə çatdırmaq məsuliyyəti daşıyan aidiyyəti qurumlar susmayacaq, obyektiv araşdırma aparacaq və lazımi addımlar atacaqlar..."

Geri qayıt